Bu gün onun vəfatından 40 gün ötür.  Yer kürəsi 40 gündür ki, Eldar Qocayevsiz fırlanır. Görəsən bu yoxluğu dünyamız da hiss edirmi? Zənnimcə, ata-babalarımızın dediyi kimi, yaxşı adamların çiynində dayanan dünya bunu çox aydın hiss edir. Altından bir xeyirxah, nəcib çiynin əskildiyini hiss etdiyi üçün daha surətlə fırlanmağa başlayıb, 40 gün çox tez keçdi...

 

Onun rəsmi tərcümeyi-halı belədir: Qocayev Eldar Mehralı oğlu 1944-cü il dekabr ayının 10-da  Qərbi Azərbaycanın Karvansara (sonralar İcevan rayonu adlandırılmışdı)  rayonunun Göyərçin kəndində anadan olmuş, 2023-cü il martın 11-də Bakı şəhərində vəfat etmişdir. Bir qədər ətraflı yazmaq istəsək belə əlavə də mümkündür: Birinci sinfə həmin kənddə getmiş, 2-7 siniflərdə qonşu Salah kəndində təhsil almış, 1962-ci ildə İcevan rayonu Polad kənd orta məktəbini bitirmiş, 1962-1967-ci illərdə Azərbaycan Dövlət Universitetinin Fizika fakültəsində təhsil almışdır. 1967-1972-ci illərdə Azərbaycan SSR Elmlər Akademiyası Fizika İnstitutunda işləmiş, 1972-ci ildə həmin institutda “Mürəkkəb-çoxkomponentli yarımkeçirici birləşmələrin alınması və tədqiqi” mövzusunda namizədlik, 1985-ci ildə isə “sp və 4f elementləri əsasında mürəkkəb yarımkeçiricilərin elektron və istilik xassələri” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş, 1987-ci ildə fizika üzrə professor elmi adına layiq görülmüşdür.

 

Eldar Qocayev Qaraqoyunlu dərəsində fizika sahəsində ilk elmlər doktoru elmi dərəcəsi almış şəxsdir.

 

1973-1990-cı illərdə Azərbaycan Neft Kimya İnstitutunun Sumqayıt filialında əmək fəaliyyətinə başlamışdır. 1976-cı ildə institutun fizika kafedrasının yaradılmasında fəal iştirak edərək 1990-cı ilə qədər həmin kafedraya rəhbərlik etmişdir. Onun rəhbərliyi ilə kafedranın nəzdində ən müasir tədqiqat işləri aparmağa imkan verən elmi-tədqiqat və tədris laboratoriyaları yaradılmış və həmin dövrdə 3 elmlər namizədi hazırlanmışdır. Həmin alimlər hazırda Sumqayıt Dövlət Universitetində müxtəlif vəzifələrdə çalışırlar.

 

1987-1990-cı illərdə Sumqayıt filialının elmi və tədris işləri üzrə prorektoru, 1989-cu ildə isə rektor əvəzi işləmişdir.

 

Sumqayıt şəhərində işlədiyi dövrdə yeni ixtisasların açılmasında, yüksəkixtisaslı kadrların hazırlanması istiqamətində böyük işlər görmüşdür. İşdə göstərdiyi xüsusi xidmətlərinə görə Sov.İKP MK, SSRİ Nazirlər Soveti və SSRİ Həmkarlar Təşkilatının fəxri fərmanına layiq görülmüşdür.

 

1990-1997-ci illərdə Azərbaycan Dövlət Neft Akademiyasında ixtisaslaşmış fakültənin dekanı işləmiş, 1997-ci ildə Azərbaycan Texniki Universitetinin (AzTU) fizika kafedrasının müdiri seçilmiş və 2021-ci ilin fevral ayına qədər həmin kafedraya rəhbərlik etmişdir.

 

Onun rəhbərliyi ilə fizika üzrə 31 fəlsəfə doktoru, 2 fizika-riyaziyyat elmləri doktoru, 1 texnika elmləri doktoru və 1 pedaqoji elmlər doktoru dissertasiyaları müdafiə olunub. O, vəfatından öncə 2 elmlər doktorunun, 5 fəlsəfə doktorunun və 1 dissertantın elmi rəhbəri idi.

 

Struktur dəyişikliyi ilə əlaqədar AzTU Elmi Şurasının 09.02.2021-ci il tarixli qərarı ilə universitetdə elektronika və fizika kafedraları birləşdirilərək yeni kafedra - mühəndis fizikası və elektronika kafedrası yaradılmış və həmin kafedraya rəhbərlik Eldar Qocayevə həvalə edilmişdir.

 

Fizika sahəsində 555-dən artıq elmi əsərin, 20 dərsliyin və dərs vəsaitinin, 8 patentin və ali texniki məktəblər üçün “Ümumi fizika kursu” fənn proqramının müəllifidir. 360-dan çox elmi məqaləsi xarici ölkələrin nüfuzlu jurnallarında çap olunmuşdur.

 

O, 2004-cü ildə Azərbaycan Respublikası Qabaqcıl Təhsil İşçisi döş nişanı ilə təltif olunmuş, 2007-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə Əməkdar Elm Xadimi fəxri adına layiq görülmüşdür.

 

Bu tərcümeyi-halı sadəcə 1944-2023 də yazmaq olar. Ancaq bu iki tarix arasındakı kiçik tirenin müddətində o, şərəfli, ləyaqətli, uzun və mənalı bir ömür sərgiləmişdir. Bəli, məhz sərgiləmişdir, gələcək nəsillər necə yaşamaq lazım olduğunu öyrənmək istəsələr, Eldar Qocayev sərgisinə tamaşa edə bilsinlər deyə. Bu sərgidə dünyanın cənnət,  ancaq əl-ayaqdan uzaq bir guşəsində - Qərbi Azərbaycanın Qaraqoyunlu dərəsinin Göyərçin kəndində dünyaya göz açmış bir körpənin  yavaş-yavaş böyüməsinin, həm də fiziki artımından çox mənəvi yüksəlişinin şahidi ola bilərlər. Kənddəki yaşıdlarından da, sinifdə də, universitetdə də hamıdan ucaboylu, hündür olan bu oğlan mənəvi baxımdan, zəka və təfəkkür cəhətdən daha yüksək idi.

Analitik düşüncəsi, dəqiq mühakiməsi ilə seçilən Eldar məndən iki yaş böyük idi, ancaq uzun müddət, lap yetkinlik yaşına çatana kimi elə düşünürdüm ki, Eldar 10-15  il böyükdür. Çünki bütün davranışı, ağırlığı, yerişi, duruşu, söhbətləri  bunu diqtə edirdi.

 

Doktorluq dissertasiyasını da hamımızdan əvvəl, 40 yaşında müdafiə etdi. Qohumların arasında birinci professor, ilk kafedra müdiri, hamıdan qabaq prorektor, rektor da Eldar müəllim olub. Ancaq hamıdan əvvəl saçları ağaran,  yaşından qabaq qocalan, ömrünün son iki ilində isə sağalmaz xəstəliyə tutulan da o oldu.

 

Bir zamanlar dissertasiya işi ilə əlaqədar yeni tərkibli kristalları sintez edib monokristal almağa çalışan Eldar müəllim alimliklə insanlığın sintezindən bir Eldar Qocayev fenomenini, bütöv bir şəxsiyyəti formalaşdırmağı daha məharətlə bacarıb. Məhz bunun nəticəsidir ki, onu təmin etməyən iş üslubu, sağlam olmayan mühit görəndə vəzifəsini də, kabinetini də, imtiyazlarını da qoyub, papağını (qeyrətini) götürüb çıxmağı bacarıb.

 

Ən çox  dostu olan, insanların səmimi rəğbətini qazanan, uşaqdan böyüyə kimi hər kəslə  münasibət qurmağı bacaran, bununla yanaşı haqsızlığa, ədalətsizliyə barışmaz olub vəzifəsindən, titulundan, mənsəbindən asılı olmayaraq bütün səlahiyyət sahiblərinə haqq sözünü deyən də Eldar müəllim olub. Ən təvazökar adam, ən zəhmətkeş alim, ən işgüzar kafedra müdiri,  ən məsuliyyətli müəllim, ən qayğıkeş ailə başçısı, ən mehriban baba, ən kamil insan soruşsalar onu göstərərdilər.

 

Doğma dayısı oğlu və qaynı kimi 15 il Təhsil naziri işlədim, bir dəfə qapımı döyüb nə isə xahiş etmədi, heç çox adam bilmədi ki, Eldar müəllim nazirin bibisi oğlu və uşaqlıq dostudur. 50-60 illik dostluq, ikiqat qohumluq, bu qədər yaxınlıq münasibətlərimizə baxmayaraq məndən də uzaq gəzdi ki, birdən kimsə Eldarın vəzifə sahibi qabağında dəyişdiyinin şahidi olar. Başqalarının min hoqqadan çıxdığı bu dünyada Eldar Qocayev sadə və təmtəraqsız, ancaq kişi kimi yaşamağa üstünlük verdi. Yəqin ki, başqa cür olsaydı professor Eldar Qocayevin vəfatı bu qədər insanı sarsıtmazdı. Yəqin ki, başqa cür olsaydı Eldar ürəklərdə bu qədər əziz tutulmazdı, dəfninə yüzlərlə, minlərlə adam qatılmazdı.

 

Bu gün çox qısa görünən, ancaq  gördüyü əməllərə, çatdırdığı işlərə, qazandığı  dostların sayına görə uzun olan ömrünün pillə-pillə yüksəldiyi ucalığında müqəddəs abidəsini yaradıb. Professor, Əməkdar elm xadimi, gözəl insan, “vicdanını ovuclara sağmayan”, əyilməz və ləyaqətli Eldar Qocayev abidəsi! Onu tanıyan hər ürəkdə bu abidənin bir filialı yaşayır. Zənnimcə, hələ uzun illər də yaşayacaq. Professor Eldar Qocayevin parlaq xatirəsi kimi!

 

Misir MƏRDANOV,

AMEA-nın müxbir üzvü