Bu gün Heydər Əliyev ideyasının yetişdirdiyi mütəxəssislərdən biri olmağımla fəxr edirəm


“Bu gün respublikamızın elçilərinin böyük bir dəstəsini ölkənin Moskva, Leninqrad və başqa şəhərlərinin ali məktəblərinə göndərərkən, bu tribunadan çıxış edən tələbələri dinləyərkən bir daha yəqin edirsən ki, bizdə həqiqətən istedadlı gənclər yetişir. Onların təlim-tərbiyəsi ilə yorulmadan məşğul olmaq bizim vəzifəmizdir... Biz Azərbaycan elçilərini yola salarkən ümid edirik ki, hər biriniz göstərilən etimadı doğruldacaq, partiyamızın və dövlətimizin səmərəli təhsil üçün yaratdıqları əlverişli şəraitdən maksimum istidafə edəcəksiniz. Biz inanırıq ki, hər biriniz öz yüksək şəxsi məsuliyyətinizi dərk edərək respublikaya yaxşı hazırlıqlı mütəxəssis kimi qayıdacaqsınız”.

 

Heydər ƏLİYEV

 

Ulu Öndər Heydər Əliyev elə bir tarixi şəxsiyyətdir ki, onun böyüklüyünü hər dəqiqə, hər an, hər yerdə hiss edirsən, duyursan. Bu nurlu, dahi insanın siması gözlərimiz önündə yenidən canlanır və düşünürsən ki, o, səninlə birlikdə xalqımızın aydın sabahlarına doğru addımlayır. Ümummilli Liderin Azərbaycan xalqı qarşısında göstərdiyi xidmətləri saymaqla qurtarmaz. Bu xatirə yazımda onun yalnız təhsil sahəsinə göstərdiyi diqqətdən, o cümlədən sovet respublikalarının aparıcı universitetlərində Azərbaycan üçün mütəxəssis hazırlanması işinə verdiyi töhfədən danışmaq istəyirəm. Heydər Əliyev respublikamıza rəhbər təyin olunduğu elə ilk ildən - 1969-cu ildən başlayaraq Azərbaycan hökumətinin xüsusi Dövlət Proqramını qəbul etdirərək,  azərbaycanlı gənclərin mütəmadi qaydada Moskva, Leninqrad, Kiyev, Voronej, Dnepropetrovsk və s. şəhərlərdə yerləşən nüfuzlu universitet və institutlara müsabiqədən kənar qaydada Azərbaycan ali məktəblərində hazırlığı aparılmayan nadir ixtisaslar üzrə təhsil alması üçün göndərilməsinə nail oldu. O xoşbəxt anları yaşayan gənclərdən biri də mən idim. Bu gün Heydər Əliyev ideyasının yetişdirdiyi mütəxəssislərdən biri olmağımla fəxr edir və qürur duyuram.

 

Bu gün mən Bakı Dövlət Universitetinin Geodeziya və kartoqrafiya kafedrasının müdiri, professoru, geodeziya - kartoqrafiya elmləri sahəsində elmlər doktoru zirvəsinə yüksəlmiş ilk və yeganə azərbaycanlı aliməm. Ulu Öndərin ümidlərini doğrultduğum üçün özümü xoşbəxt sanır, onun ruhu qarşısında baş əyirəm. Düşünürəm ki, yalnız öz məhsuldar elmi və pedaqoji fəaliyyətimlə, qismən də olsa, bu böyük insana olan mənəvi borcumu qaytarmış olaram.

 

İndi isə bir az keçmişə qayıtmaq istəyirəm. 1977-ci ildə orta məktəbdə təhsilimi başa vurduqdan sonra  Moskva Aviasiya İnstitutunda təhsilimi davam etdirmək niyyətində idim, amma bu instituta sənədlərin qəbulu və müsabiqənin harada keçirildiyini bilmirdim.  Böyük qardaşım o vaxtki Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda oxuduğundan təklif etdi ki, əvvəlcə onların institutuna baş çəkək, bəlkə orada sənəd qəbulu aparılır. Həmin instituta gəldik və gördük ki, müsabiqədən kənar qaydada Azərbaycan üçün qəbul aparılacaq Moskva, Leninqrad, Kiyev, Voronej, Dnepropetrovsk və digər şəhərlərin universitet və institutlarının siyahısında Moskva Aviasiya İnstitutunun adı yoxdur, amma həmin siyahıda sonradan təhsil aldığım Moskva Geodeziya Aerofotoplanalma və Kartoqrafiya Mühəndisləri İnstitutunun adı  birinci sırada yazılıb. Qardaşım dedi ki, “bu, daha yaxşı, həm mən deyən, həm də respublikamız üçün gərəkli olan elm sahəsidir”. Onunla razılaşdım.  Lakin sənədləri qəbul edən komissiya bildirdi ki, bu institutda Azərbaycan üçün “astronomik-geodeziya” ixtisası üzrə cəmi bir yer ayrılıb, ona görə də müsabiqədə keçid balı çox güman yüksək olacaq və imtahanlara daha yaxşı hazırlaşmaq lazımdır. Lakin bu məni qorxutmadı, özümə əmin idim, qəbul imtahanlarını uğurla verib Moskva Geodeziya Aerofotoplanalma və Kartoqrafiya Mühəndisləri İnstitutuna (indiki Moskva Dövlət Geodeziya və Kartoqrafiya Universitetinə) qəbul olundum. Bizə bildirdilər ki, 29 avqust 1977-ci il tarixində Respublika Sarayında (indiki Heydər Əliyev Sarayı) Azərbaycan Mərkəzi Komitəsinin Birinci katibi Heydər Əliyevin iştirakı ilə Sovetlər Birliyinin müxtəlif şəhərlərində yerləşən nüfuzlu universitet və institutların birinci kursuna qəbul olunmuş azərbaycanlı gənclərin yolasalınma tədbiri keçiriləcəkdir.

 

Həmin gün - 29 avqust 1977-ci il tarixi heç vaxt mənim yaddaşımdan silinməz. Mən Ulu Öndərin nurlu simasını ilk dəfə idi yaxından görürdüm.  Heydər Əliyev bizim hamımızı tələbə adı  qazanmağımız münasibəti ilə təbrik etdi, təhsil alacağımız  şəhərlərdə özümüzü daha ləyaqətli aparmağı, yüksək təhsilə yiyələnməyi və biliklər qazanmağı, rus dilini mükəmməl öyrənməyi tapşırdı və digər öyüd-nəsihətlər verdi. Yaxşı xatırlayıram, Ümummilli Lider həmin görüşdə: “Siz getdiyiniz şəhərlərdə özünüzü kimsəsiz hiss etməyin, sizin arxanızda Azərbaycan xalqı, Azərbaycan dövləti durur, mən dururam”, - söyləmişdi. Qeyd etmək istəyirəm ki, o vaxtlar Ulu Öndərin bu sözləri mənim həyat eşqimi, gücümü birə-beş artırmışdı. Məsələ ondan ibarət idi ki, instituta qəbul imtahanları ərəfəsində mən çox düşkün əhvali-ruhiyyədə idim. Ona görə ki, orta məktəbdə son buraxılış imtahanı verdiyim günlərdə atam dünyasını dəyişdi. Bu hadisə məni olduqca sarsıtmışdı. Hətta instituta qəbul imtahanlarında iştirak etmək istəmirdim. Belə bir psixoloji durumda olmağıma baxmayaraq özümü toplayıb qəbul imtahanlarını uğurla verdim və  institut tələbəsi oldum. Ulu Öndərin birinci kurs tələbələri ilə keçirdiyi yolasalma görüşü, o görüşdən aldığım təəssüratlar və enerji məni yenidən həyata qaytardı desəm, səhv etmərəm. Ona görə də  Ulu Öndərin bu diqqət və qayğısına yüksək təhsilimlə cavab verəcəyimə söz verdim. Həqiqətən də, Moskvada böyük əzmkarlıqla çalışıb təhsildə yüksək nəticələr əldə etdim və  əsasən “əla” qiymətlər almağa nail oldum.

 

Onu da qeyd edim ki, biz tələbələr təhsil aldığımız illərdə Ulu Öndərin tapşırığına əsasən Azərbaycan Respublikasının Moskva şəhərində yerləşən nümayəndəliyi, xüsusilə də nümayəndəliyin təhsil üzrə əməkdaşları tərəfindən daim qayğı və maddi-mənəvi köməkliklərlə əhatələnmişdik. Bunlarla yanaşı Heydər Əliyev özü də bizimlə - respublikadan kənar şəhərlərin universitet və institutlarında təhsil alan tələbələrlə daim maraqlanır və imkan yarananda görüşlər keçirirdi.

 

Yaxşı yadımdadır, Ulu Öndərin Moskva şəhərində oxuyan azərbaycanlı tələbə-gənclərlə belə bir görüşü 1979-cu ildə M.Qorki adına Moskva Bədii-Akademik Teatrının Sarayında keçirilmişdi. İclas zalının rəyasət heyətində  Azərbaycan Sovet Sosialist Respublikasının dövlət və hökumət rəhbərləri, o vaxtkı Azərbaycan Kommunist Partiyasının büro üzvləri, yüksək vəzifəli şəxslər əyləşmişdilər. İndi dəqiq xatırlamıram ki, onlar həmin vaxtlar Moskvaya hansı tədbirdə iştirak etmək üçün belə ali  tərkibdə gəlmişdilər,  çox güman ki, sovet hökuməti rəhbərliyinin yüksək səviyyəli görüşü keçirilirdi və həmin tədbirdən sonra Ulu Öndər qərara alır ki, Moskvada təhsil alan azərbaycanlı  tələbə - gənclərlə görüş keçirib uğurlarımızla tanış olsun.

 

Beləliklə, bizi Moskvada yerləşən Azərbaycan nümayəndəliyi tərəfindən həmin görüşə dəvət etdilər. Eyni zamanda  görüşə  bizim oxuduğumuz universitet və institutların rektorları, prorektorları dəvət almışdılar. Mənim yanımda təhsil aldığım Moskva Dövlət Geodeziya və Kartoqrafiya Universitetinin tədris işləri üzrə prorektoru, professor Bakanova Valentina Vladimirovna əyləşmişdi. Görüşdə bir sıra çıxışlardan sonra söz Ulu Öndər Heydər Əliyevə verildi. Salon sükuta qərq oldu və onun alovlu çıxışı hamını  valeh etdi. Yüksək natiqlik məharəti və nitq mədəniyyəti ilə söylədiyi fikirlər, azərbaycanlı tələbələrə xitabən: ”Elmlərin sirlərinə yaxşı yiyələnin, rus dilini mükəmməl öyrənin. Siz burada Azərbaycanın elçilərisiniz, çalışın xalqımızı yüksək səviyyədə təmsil edin”,- kimi öyüd-nəsihətləri onilliklər keçsə də, hələ də qulaqlarımda səslənir.

 

Bu görüşün məzmununu Ulu Öndər öz uzaqgörənliyi ilə necə düşünmüşdüsə, elə də oldu: bizə oxuduğumuz institutların rəhbərlikləri tərəfindən diqqət daha da artırıldı. Sən demə, bu görüşün mahiyyəti həm də, bir növ, bizləri - azərbaycanlı tələbələri Moskva Universiteti və institutlarının rəhbərlərinə tapşırmaq, bizlərə olan diqqətin daha da artırılmasını diplomatik gedişlə onların nəzərinə çatdırmaqdan ibarət imiş.  Bunlar bizə sonradan aydın oldu.

 

Heydər Əliyev Moskvada SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləyəndə mən artıq Azərbaycan Təhsil Nazirliyinin göndərişi ilə Moskva Dövlət Geodeziya və Kartoqrafiya Universitetində əyani məqsədli aspiranturada oxuyurdum və axşamlar istirahət saatlarında yataqxananın “Qırmızı Güşə”sində (yataqxananın televizor olan ümumi otağında) digər sovet respublikaları və xarici ölkələrdən olan  aspirant və tələbələrlə birgə televizorda xəbərlər proqramına baxardıq. Elə olurdu ki, Ulu Öndərin müxtəlif xarici ölkə nümayəndələri ilə və yaxud da SSRİ Nazirlər Sovetində bir başqa məsələrlə əlaqədar görüşlər keçirməsi haqqında məlumatlar verilirdi. Bu anlarda dinləyicilər diqqətini mənə yönəldib soruşardılar: “Heydər Əliyev də azərbaycanlıdır?” - müsbət cavab aldıqdan sonra mənə qibtə edirdilər ki, millətimin belə böyük oğlu var və o, SSRİ kimi nəhəng bir dövlətin Siyasi Bürosunda təmsil olunmaqla yanaşı, belə yüksək bir vəzifədə çalışır. Eyni zamanda mənə də böyük bir xalqın nümayəndəsi kimi yanaşırdılar. Səmimi deyirəm, o anlarda mənim qəlbim qürur hissi ilə döyünürdü. Əlbəttə ki, mən bu gün də Ulu Öndər Heydər Əliyevə minnətdaram ki, mənə elə xoş, unudulmaz anları  yaşadıb.

 

1989-cu ildə Moskvada namizədlik dissertasiyasını müdafiə edib texnika elmlər namizədi elmi dərəcəsinə layiq görüldüm və Azərbaycana qayıtdım. Əvvəlcə Azərbaycan Neft və Kimya İnstitutunda, 1992-ci ildən isə Bakı Dövlət Universitetində baş müəllim, dosent, professor, Geodeziya və kartoqrafiya kafedrasının müdiri,  hal-hazırda isə həm də Coğrafiya fakültəsinin dekanı  vəzifəsini icra edirəm.

 

Ulu Öndərlə növbəti görüş 1998-ci il avqust ayının 31-də baş tutdu. İndiki Heydər Əliyev Sarayında dahi şəxsiyyətin istəyi ilə 1969-1989-cu illərdə respublikadan kənar universitet və institutlarda təhsil almış tələbə gənclərlə  görüş keçirilirdi və mən də o görüşün iştirakçısı idim. Giriş qapısı tərəfdən qabaqda ikinci sırada əyləşmişdim. Ulu Öndər Saraya daxil olanda mənim lap yaxınlığımdan keçdi, biz hamımız ayağa qalxıb onu sürəkli alqışlarla salamladıq. Həmin görüşdə çıxışa yazılmasam da, aspirantura və doktorantura təhsilimizi davam etdirmək  üçün təhsil almış olduğumuz universitetlərdə müvafiq şəraitin  yaradılması ilə bağlı mənim də  fikirlərimi Ulu Öndərə çatdırılmasını çıxışa yazılmış həmkarlarımızdan xahiş etmişdim.

 

Ulu Öndər əvvəlcə bizləri dinləmək istədiyini bildirdi və bir sıra çıxışlardan sonra, nəhayət, söz Heydər Əliyevə verildi. Ümummilli Lider öz çıxışında bizləri öz övladı kimi sevdiyini, bizlər üçün darıxdığını və ona görə də bu görüşün keçirildiyini bildirdi. Söylədi ki, o, bizim hamımızı, əyani olmasa da, qiyabi tanıyır. Respublikadan kənar universitet və institutlara təhsil almağa göndərilən tələbələrin siyahısı verilmiş kitabçaları o, öz arxivində saxlayır və zaman-zaman onu vərəqlədikcə, bizləri bir daha yadına salır. O, dedi ki, siz Azərbaycan dövlətinin, xalqının ən qiymətli kapitalısınız. Sizləri Azərbaycanın dövlət və hökumət idarəetmə strukturlarına, institutlarına  işə, qulluğa dəvət edirəm. Sizin potensialınızdan tam və səmərəli istifadə olunmalıdır. Təhsil Nazirliyinə daha yüksək hazırlıq keçmiş mütəxəssislərin siyahısını tərtib edib, Azərbaycan Respublikasının Prezident Aparatına, Nazirlər Kabinetinə təqdim etməyi tapşırdı. O siyahıda mənim də adım çəkilirdi.

 

Heydər Əliyevin çıxışından gətirdiyim sitatdan da aydın görünür ki, o, respublikadan kənar universitet və institutlarda təhsil almış mütəxəssislərə necə yüksək qiymət verirdi.

 

Həmin görüşdə Ulu Öndər, həmçinin, Sovetlər Birliyi süquta uğradıqdan sonra keçmiş sovet respublikalarının təhsil nazirlikləri arasında əlaqələrin zəifləməsi səbəbindən elmi əməkdaşlıq sahəsində də meydana çıxmış çətinliklərin aradan qaldırılması ilə bağlı Təhsil Nazirliyinə müvafiq tədbirlərin görülməsi tapşırığını verdi. Məhz bu çalışmalar nəticəsində mən 2001-ci ildə yenidən Moskva Dövlət Geodeziya və Kartoqrafiya Universitetinə əyani məqsədli doktoranturaya göndərildim.

 

Mən deyərdim ki, Ulu Öndər öncədəngörmə qabiliyyətinə malik nadir fenomen bir insan idi. O, əvvəlcədən görürdü, hiss edirdi ki, çox keçməz Azərbaycan müstəqil, öz taleyinin sahibi olan bir ölkə olacaqdır. Ona görə də hərbi ixtisaslar sahəsində, respublikamızda hazırlığı aparılmayan ixtisaslar üzrə keçmiş sovet respublikalarında yerləşən nüfuzlu universitetlərdə mütəxəssis işinə xüsusi diqqət yetirirdi. Xüsusilə onu qeyd etmək lazımdır ki, SSPİ dövründə bizim respublikamızda ərazimizin geodezik-kartoqrafik baxımdan təminatı digər respublikalardan çağırılan, əsasən də slavyan mənşəli mütəxəssislər tərəfindən həyata keçirilirdi və xəritələrin tərtibatı zamanı coğrafi obyektlərin adlarının (toponimlərin)  yazılışında böyük qusurlar baş verirdi: onların qulaqları adları necə eşidirdisə, xəritələrdə elə də yazırdılar. Bu, göstərdiyim çoxsaylı qüsurlara bir misaldır. Ona görə də Ulu Öndər geodeziya-kartoqrafiya sahəsinə diqqət göstərmiş və hər il müsabiqədənkənar qaydada Moskva Dövlət Geodeziya və Kartoqrafiya Universitetinə 4-5 nəfər azərbaycanlı gəncin oxumağa göndərilməsinə nail olmuşdur. Həmin gənclərdən biri də mən olmuşam. Bu gün müstəqil Azərbaycanın geodeziya-kartoqrafiya elmi və istehsalatı Ulu Öndərin yetişdirdiyi mütəxəssislərin əlindədir, müstəqil dövlətimizin sərhədlərinin delimitasiya və demarkasiyasını, ölkə ərazisinin müasir geodeziya-kartoqrafiya təminatını həyata keçirirlər.

 

Heydər Əliyev dünyasını dəyişdikdən sonra nə yaxşı ki, onun böyük zəhmətlər hesabına formalaşdırdığı siyasi-iqtisadi kurs, o cümlədən təhsillə bağlı siyasəti dəyişməz olaraq qaldı və bu gün ölkə Prezidenti cənab İlham Əliyev, eləcə də Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Sovetlər dövründə mütəxəssis hazırlığını SSRİ dövləti hüdudlarında yerləşən nüfuzlu universitet və institutlarda aparmaq mümkün idi. Və bu zəruri işi Ulu Öndər Heydər Əliyev həyata keçirdi. Bu gün ölkəmiz müstəqillik əldə etdiyindən imkanlar genişlənmiş və Prezident İlham Əliyevin təşəbbüsü ilə xarici ölkələrin nüfuzlu universitetlərində azərbaycanlı gənclərin təhsil almasına dair xüsusi Dövlət Proqramları qəbul edilmiş və uğurla həyata keçirilir.

 

Ulu Öndər Heydər Əliyevlə  bağlı əziz anları, xatirələri yada salaraq, onun nurlu simasını heç vaxt unutmayacağımı söyləməklə, onun ideyalarının uğurla həyata keçirildiyinin şahidi olduğumu bildirməklə, Allahdan ona rəhmət diləyirəm.

 

Məqsəd  QOCAMANOV,

Bakı Dövlət Universitetinin Geodeziya və kartoqrafiya kafedrasının müdiri, texnika elmləri doktoru, professor, Əməkdar müəllim