Smartfondan həddindən artıq istifadə şagirdlərin akademik performansının azalmasına səbəb olur


UNESCO bütün dünya məktəblərinin sinif otaqlarında smartfonlardan istifadəni qadağan etməyə çağırış edib. Bu çağırış uşaqları onlayn zorakılıqdan qorumaq məqsədi daşıyır. BMT-nin təhsil, elm və mədəniyyət qurumu tərəfindən 18 ildir dərc edilən “Global Education Monitor” hesabatının 2023-cü il üçün buraxılışında tövsiyə olunur ki, təhsili yaxşılaşdırmaq və uşaqları onlayn zorakılıqdan qorumaq məqsədilə bütün dünyada sinif otaqlarında smartfonlar qadağan edilməlidir. UNESCO mobil telefondan həddindən artıq istifadənin təhsil sahəsində performansın azalması ilə əlaqəli olduğuna dair xeyli sübutların mövcudluğunu bildirib. Əlavə olunub ki, uşaqların ekranda çox vaxt keçirməsi onların emosional sabitliyinə mənfi təsir göstərir.

 

BMT-nin agentliyi rəqəmsal texnologiyanın düşünülməmiş qəbuluna qarşı xəbərdarlıq edir və bildirir ki, bütövlükdə rəqəmsal texnologiya, o cümlədən süni intellekt heç vaxt insan faktorundan üstün olmamalı və üzbəüz qarşılıqlı tədrisi əvəz etməməlidir. BMT-nin hesabatı “Bütün dəyişikliklər tərəqqi demək deyil. Nəyinsə edilə bilməsi o demək deyil ki, mütləq edilməlidir”cümlələri ilə yekunlaşıb.

 

UNESCO-nun baş direktoru Odri Azule (Audrey Azoulay) “The Guardian” qəzetinə müsahibəsində deyib: “Rəqəmsal inqilab ölçüyəgəlməz potensiala malikdir, lakin onun cəmiyyətdə necə tənzimlənməsi ilə bağlı xəbərdarlıqlar edildiyi kimi, təhsildə istifadə üsuluna da eyni diqqət yetirilməlidir. Texnologiyalardan tələbə və müəllimlərin zərərinə deyil, onların rifahı, təkmil öyrənmə təcrübəsi üçün istifadə olunmalıdır. Ölkənizdə şagirdlərin ehtiyaclarını qarşılayın və müəllimlərə dəstək olun. Onlayn əlaqələr insanların qarşılıqlı əlaqəsini əvəz edə bilməz”.

 

Təşkilat ölkələri rəqəmsal texnologiyanın istifadəsi zamanı aydın məqsədlər və prinsipləri təmin etməyə çağırıb. Belə ki, sinifdə, evdə şagird və tələbələrin telefon, planşet, noutbuk və s. kimi istənilən texnologiya vasitəsindən həddən artıq və qeyri-münasib istifadə etməsi diqqəti yayındırır, öyrənməyə zərərli təsir göstərir.

 

PISA kimi irimiqyaslı və beynəlxalq proqramlar vasitəsilə əldə edilmiş məlumatlar əsasında aparılan tədqiqatlar da göstərir ki, smartfondan həddindən artıq istifadə şagirdlərin akademik performansının azalmasına səbəb olur.

 

UNESCO-dan bildirilib ki, dünyada hər dörd ölkədən birində məktəblərdə smartfonların istifadəsi qadağan edilib. Çində artıq rəqəmsal cihazların tədris aləti kimi istifadəsi məhdudlaşdırılıb və orada şagird və tələbələrə müntəzəm olaraq ekran fasilələri verilir. Finlandiya imtahan nəticələrinin aşağı düşməsinə mane olmaq məqsədilə sinif otaqlarında telefonlardan istifadəni qadağan edib. İtaliyada 2023-cü ilin dekabr ayından məktəblərdə mobil telefondan istifadəyə qadağa qoyulub. Türkiyədə 2019-cu ildə orta təhsil müəssisələrinin nizamnaməsində bir çox maddələr dəyişdirilib. Qanuna əsasən, mobil telefonlar, kameralar, planşetlər, kompüterlər, smart saatlar və bu kimi cihazlar məlumat vasitəsi kimi müəyyən edilir və dərs zamanı istifadəsinə icazə verilmir. Tənəffüs vaxtı telefondan istifadə edib-etməmək qərarı məktəb rəhbərliyinə həvalə edilir.

 

Məktəb binalarında mobil telefonların tamamilə qadağan edilməsi bəzi praktiki narahatlıqlar yarada bilər. Xüsusilə bu qadağa uşaqları ilə əlaqə saxlamaq istəyən valideynləri narahat edir. Bəzi ölkələrdə şagirdlər ictimai nəqliyyatda telefonlardan ödəniş üsulu kimi də istifadə edirlər. Bu cür narahatlıqların aradan qaldırılması məqsədilə avropalı ekspertlər valideynlərə uşaqlarının məktəbdə vaxtlarını daha yaxşı istifadə etmələri üçün onlara smartfonlar əvəzinə ucuz telefonlar verməyi tövsiyə edirlər.

 

Lamiyə ƏLİMƏRDANOVA