Lənkəran Dövlət Universitetində (LDU) 20 Yanvar faciəsinin 34-cü ildönümünə həsr olunmuş “20 Yanvar qan yaddaşımızdır” mövzusunda konfrans keçirilib.

 

Konfransı giriş sözü ilə açan Lənkəran Dövlət Universitetinin rektoru professor Natiq İbrahimov 34 il öncə baş verən qanlı faciənin mahiyyəti, onu doğuran səbəblər, həmin vaxt ölkədə yaşanan xaos, xalqın apardığı azadlıq mübarizəsi barədə danışıb. Bildirib ki, 20 Yanvar təkcə faciə deyil, həm də Azərbaycan tarixinin qanla yazılmış şərəf, qürur salnaməsi, milli oyanış tarixidir.

 

Professor N.İbrahimov çıxışında Ümummilli Lider Heydər Əliyevin bütün maneələri aşaraq faciənin səhərisi günü Moskvada respublikamızın Daimi Nümayəndəliyinə gəlməsini, dərin hüzn içərisində xalqımıza başsağlığı verməsini böyük vətənpərvərlik nümunəsi adlandırıb. Qeyd edib ki, 20 Yanvar faciəsi məhz Ulu Öndər Heydər Əliyevin prinsipial və ardıcıl mübarizəsindən sonra öz hüquqi-siyasi qiymətini alıb.

 

Lənkəran Dövlət Universitetinin professor-müəllimlərindən bir qrupunun  məruzəsindən sonra  20 Yanvar faciəsindən bəhs edən videoçarx təqdim olunub.