Naxçıvan Dövlət Universiteti (NDU) ilə "APF Group" MMC arasında birgə əməkdaşlığa dair müqavilə imzalanıb.

 

Bu məqsədlə keçirilən tədbirdə NDU-nun rektoru Elbrus İsayev belə görüşlərin gələcəkdə hər iki tərəf üçün perspektivlərindən danışıb.

 

Yeni yaradılmış “APF Group” MMC-nin direktoru Fuad Əlizadə isə qeyd edib ki, rəhbərlik etdiyi şirkət çoxprofilli olmağı ilə fərqlənir və  inşaat, kənd təsərrüfatı, otelçilik, qida sektorları olmaqla, 4 əsas sahəni əhatə edir. Şirkətlər qrupunun başlıca missiyası qeyri-neft sektoruna investisiya qoyuluşunu, müasir texnologiya və innovativ həllərin tətbiqini, müştəriyə yönəlik xidmət konsepsiyasını təşviq etməkdir.

 

Görüşdə təhsil və sənaye sahələrində daha böyük nailiyyətlər əldə etmək məqsədilə müxtəlif layihələr və proqramlar, həmçinin universitetdə yaradılacaq Texnoparkda “APF Group” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə iş birliyi çərçivəsində tədqiqat və innovasiyaların inkşafına nail olmaq məqsədilə sənaye təcrübəsi və universitetin akademik potensialının birləşdirilməsi də müzakirə olunub.