Naxçıvan Dövlət Universiteti (NDU) ilə Macarıstanın Con Fon Neyman Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb.

        

Bu münasibətlə onlayn görüş keçirilib. Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə hər iki universitet arasında yaradılan qarşılıqlı əlaqələri yüksək qiymətləndirib.

        

NDU-nun rektoru Elbrus İsayev isə bir neçə ay öncə Con Fon Neyman Universitetinə səfəri zamanı razılığa gəlinən məsələlərin memorandumda öz əksini tapdığını deyib. Rektor iki ali təhsil müəssisəsi arasında qurulan qarşılıqlı əməkdaşlıq nəticəsində Macarıstanın digər universitetləri ilə də əlaqələrin geniş vüsət alacağına əminliyini söyləyib.  

        

Con Fon Neyman Universitetinin rektoru Tamas Fülöp iki universitet arasında ortaq tədqiqatlar, ERASMUS+ proqramı çərçivəsində birgə layihələrin hazırlanması istiqamətində qurulan əməkdaşlığın məhsuldar olacağına inandığını deyib. Rektor yaxın müddətdə rəhbərlik etdiyi ali təhsil müəssisəsinin nümayəndələrinin NDU-ya səfərinin nəzərdə tutulduğunu və qarşılıqlı görüşlərin əməkdaşlığa daha böyük töhfələr verəcəyini vurğulayıb.

        

Sonra universitetlər arasında əməkdaşlıq memorandumu imzalanıb.

 

Sənəddə beynəlxalq mobillik proqramları üzrə əməkdaşlıq, müəllim-tələbə mübadiləsi, akademik məlumat və materialların mübadiləsi, birgə tədqiqatların aparılması və.s məsələlər öz əksini tapıb.

 

Eyni zamanda kompüter mühəndisliyi, tədrisi ingilis dilində olan ixtisaslar üzrə ikili diplom layihələri,  iqtisadiyyat və biznesin təşkili sahəsində tələbə-müəllim mübadiləsi,  Avrasiya Bilik Mərkəzi ilə birgə ortaq tədqiqatlar aparmaq nəzərdə tutulur.