Biləsuvar rayonunun Aşağı Cürəli kəndində Vətən Müharibəsi Qəhrəmanı, şəhid kapitan Cavid Hilal oğlu Mahmudovun doğum günü ilə əlaqədar ailəsi ziyarət olunub. 

 

Ziyarətdə YAP Biləsuvar rayon təşkilatının sədri Kamil Qurbanlı, ictimaiyyət nümayəndələri, qəhrəmanın oxuduğu məktəbin müəllimləri iştirak ediblər. Ziyarət zamanı qəhrəman şəhidimizin  şərəfli döyüş yolundan söz açılıb, xatirəsi yad edilib, ruhuna dualar oxunub. 

 

Qeyd edək ki,  Vətən Müharibəsi Qəhrəmanı, şəhid Cavid Mahmudov 1995-2006-cı illərdə Aşağı Cürəli kənd tam orta məktəbində təhsil alıb. 2006-2010-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində ali hərbi təhsil almış və 2010-cu ildən başlayaraq Silahlı Qüvvələrin "N" saylı hərbi hissələrində hərbi xidmət  keçmişdir. II Qarabağ müharibəsində iştirak edib, döyüşlərdə şücaət göstərib və Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.  

 

Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə şəhid kapitan Cavid Mahmudov ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı adı ilə və “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.  

 

Biləsuvar rayonu Uşaq-Gənclər İdman-Şahmat məktəbinə onun adı verilib.

                                                                   

Şakir CƏFƏROV