Azərbaycanın görkəmli sənətkarı musiqi mədəniyyətinin çiçəklənməsində əvəzsiz xidmətləri olan Süleyman Ələsgərovun 100 illik yubileyi ərəfəsindəyik. Əməkdar incəsənət xadimi, xalq artisti, Ü.Hacıbəyli adında Bakı Musiqi Akademiyasının professoru, Ü.Hacıbəyli adına Dövlət mükafatı laureatı, bəstəkar, dirijor Süleyman Ələsgərov 1924-cü il fevralın 22-də Qarabağın tarixi məkanı olan Şuşa şəhərində anadan olmuşdur.

 

Musiqi elminin dərinliklərinə yiyələnən S.Ələsgərov Musiqi texnukumuna daxil olur. Texnikumu bitirdikdən sonra orada pedaqoji fəaliyyətə başlayır, musiqi nəzəriyyəsindən, tar ixtisasından dərs deyr. S.Ələsgərovun konservatoriyaya daxil olmasında, ümumiyyətlə, dünyagörüşünün, bədii-estetik zövqünün formalaşmasında dahi Üzeyir bəyin əvəzolunmaz rolu olmuşdur. Dahi Üzeyir bəyin nəhəng musiqi layihələrindən biri olan notla çalan ilk xalq çalğı alətləri orkestrində böyük bir ifaçılıq məktəbi keçən S.Ələsgərov 1943-1948-ci illərdə Azərbaycan Dövlət Konservatoriyasında əvvəl “Nəzəriyyə”, sonra “Bəstəkarlıq” ixtisası üzrə təhsil alır. Xalq musiqisinin əsaslarını Ü.Hacıbəylidən, muğamı isə Əhməd Bakıxanovdan öyrənir.

 

Ü.Hacıbəylinin təklifi ilə S.Ələsgərov Azərbaycan Bəstəkarlar İttifaqına qəbul olunur. Müharibə illərində vətənpərvər ruhlu əsərlər - Sovet İttifaqı Qəhrəmanı general-mayor Həzi Aslanova həsr olunmuş simfonik poema, simfonik orkestr üçün “Süita”, xalq çalğı alətləri orkestri üçün “Qaytağı”, “Yallı”, “Cəngi” əsərləri meydana gəlir. S.Ələsgərov öz həyatında Üzeyir bəylə bağlı unudulmaz günlər yaşayır. Dahi bəstəkarın “Arşın mal alan”, “O olmasın, bu olsun”, “Ər və arvad”operettaları, kukla teatrı binasında S.Ələsgərovun dirijorluğu ilə baş tutan tamaşaları Üzeyir bəyin dəyərli məsləhətləri, tövsiyələri ilə aktyor və musiqiçilərin professional çıxışı ilə nümayiş olunurdu. S.Ələsgərov Üzeyir bəyin bir kantatasını Radio Verilişləri Komitəsinin xalq çalğı alətləri orkestri üçün işləyir. Xalq yaradıcılığına, milli folklora dərin ehtiramla yanaşan S.Ələsgərovun yaradıcılığı xalq musiqisi ilə sıx bağlıdır. Onun müxtəlif janrlı əsərlərində milli musiqimizə xas olan zəngin melodik, ritmik xüsusiyyətlər ustalıqla işlənmişdir.

 

Süleyman Ələsgərov Azərbaycan tarının bədii-texniki imkanlarını genişləndirərək, bu alətdə ifaçılıq üslubunun təkmilləşməsi naminə əzmlə çalışır, milli zəminə əsaslanan müasir ruhlu sənət inciləri yaratmağı ən ümdə vəzifə kimi qarşıya qoyur. Bəstəkarın tar ilə orkestr üçün I, II, III konsertləri Azərbaycan muğamlarının zəngin çalarları, tarda yeni ifa tərzi, emosional təsir qüvvəsinə görə istedadlı tarzənlərin böyük marağına səbəb olmuş və xüsusi zövqlə konsertlərdə ifa olunaraq dinləyicilərin rəğbətini qazanmışdır. Azərbaycan bəstəkarlıq məktəbində “Sözsüz mahnı” janrına müraciət edən ilk bəstəkar da məhz S.Ələsgərov olmuşdur.

 

S.Ələsgərov böyük sənətkar olmaqla yanaşı, görkəmli pedaqoq, təşkilatçı, rəhbər işçi kimi də fəaliyyət göstərmişdir. S.Ələsgərov Azərbaycan Dövlət Konservatoriyasında müəllim, eləcə də kafedra müdiri kimi fəaliyyəti zamanı tədris prosesi, yüksəkixtisaslı kadrların hazırlanmasında mühüm işlər aparmışdır.

 

Nazim KAZIMOV,

Əməkdar incəsənət xadimi, professor