İmişli şəhər 7 nömrəli tam orta məktəbdə “Narkomaniya: - Sağlam gənclik məktəbdən başlayır” adlı tədbir keçirilib.

 

Yeni Azərbaycan Partiyası İmişli rayon təşkilatının və İmişli rayon təhsil sektorunun təşkilatçılığı ilə keçirilən tədbirdə YAP İmişli rayon təşkilatının sədri Səfa Ağayev, təhsil sektorunun müdiri Kərim Kərimov və sektorun əməkdaşları, məktəb direktorları iştirak ediblər.

        

Tədbirdə çıxış edən Səfa Ağayev bildirib ki, 21-ci əsrin bəlası olan, “ağ ölüm” adlandırılan narkomaniya problemi bütün dünyada olduğu kimi, Azərbaycandan da yan keçməyib. Ölkəmizdə bununla bağlı görülən tədbirlərə baxmayaraq, problemin qarşısını hələ də tam almaq mümkün olmayıb:” Narkomaniya qlobal sosial problem, milyonlarla insanın həyatına son qoyan dəhşətli müharibədir. Bu müharibə başqa amansız müharibələr kimi, xalqların genofondunu məhv edir. Narkomaniya, heç də bəzilərinin dediyi kimi, xəstəlik deyil, bir insanın məğlubiyyəti və onun sağlamlığının amansız cəlladıdır”.

        

Sonra məktəb direktorları çıxış edərək bildiriblər ki, illərdir, bu bəla müasir cəmiyyətin ən çox rastlaşdığı və müzakirə etdiyi problemlərdən biridir. Təəssüflə qeyd edilib ki, narkomaniyanın əsas qurbanları olan gənclərin sayı bütün dünyada durmadan artır. Gəncliksə hər bir dövlətin, millətin, xalqın sabahı, gələcəyidir. Dövlətin, millətin, xalqın gələcəyi sağlam, etibarlı gənclikdən asılıdır. Buna görə də gənc nəslin sağlam ruhda tərbiyəsi cəmiyyətin əsas vəzifəsi hesab olunur.

        

Sonda mövzu ilə bağlı görüləcək işlər və həyata keçiriləcək tədbirlər haqqında fikir mübadiləsi aparılıb, suallar cavablandırılıb.

 

Şakir Cəfərov