Paytaxtın Suraxanı rayonu 114 və 84 nömrəli ümumtəhsil  müəssisələrində fövqəladə hallar zamanı davranış qaydalarına dair maarifləndirici tədbirlər keçirilib.

   

114 nömrəli tam orta məktəbin şagirdləri “Dəm qazından zəhərlənmə”, “Sudaboğulma” və “Yanğın təhlükəsi zamanı” mövzularına dair səhnəciklər nümayiş etdiriblər.

    

84 nömrəli tam orta məktəbdə isə rəhbər heyət və müəllim kollektivi ilə  fövqəladə hallarla bağlı maarifləndirici görüş keçirilib.

     

Tədbirlərdə Elm və Təhsil Nazirliyinin nümayəndəsi Rövşən Ağayev,  Fövqəladə Hallar Nazirliyinin İctimaiyyətlə əlaqə idarəsinin rəis müavini polkovnik Məhbubə Mustafayeva, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin Yanğına qarşı təbliğat şöbəsinin əməkdaşı Nizami Fərəcov, Suraxanı rayonu üzrə Fövqəladə Hallar və Mülki Müdafiə şöbəsinin rəisi polkovnik leytenant Toğrul Vəliyev, Suraxanı Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elmar Hüseynov, Bakı şəhəri üzrə Təhsil İdarəsinin Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun əməkdaşı Şahanə Bağırova, Vətən müharibəsi iştirakçıları və digər qonaqlar çıxış ediblər.  

      

Çıxışlarda  fövqəladə hallar zamanı davranış, sudaboğulma, yanğın və dəm qazı ilə əlaqədar təhlükəsizlik qaydaları və digər mövzular barədə məlumat verilib, eyni zamanda  son dövrlər fövqəladə hallar zamanı ölüm sayının artması və bunun qarşısının alınması üçün şagirdlərin maarifləndirilməsinin vacibliyi vurğulanıb.   

        

Bununla belə, keçirilən tədbirlərdə “Təhsil müəssisələrinin müəllim-şagird (tələbə) heyətinin partlayış təhlükəsinə qarşı maarifləndirilməsi barədə metodiki tövsiyələr” haqqında elm və təhsil nazirinin müvafiq əmrinin icrası müzakirə edilərək, məktəblərdə mina təhlükəsinə qarşı maarifləndirmə işlərinin aparılmasının aktuallığı, təhsilalanların və təhsilverənlərin, həmçinin valideynlərin bu istiqamətdə məlumatlı olmasının əhəmiyyəti, təhlükə vəziyyətində atılmalı olan addımlar barədə də danışılıb.

       

Sonda Fövqəladə Hallar Nazirliyinin fəaliyyət istiqamətlərindən bəhs edən sənədli film və videoçarxlar nümayiş olunub.