Naxçıvan Dövlət Universitetində (NDU) ölkə və muxtar respublika üzrə yarışlarda mükafata layiq görülmüş idmançılar təltif olunub.

        

Tədbirdə çıxış edən universitetin rektoru Elbrus İsayev bildirib ki, son illərdə NDU-nun idman bazası təmir olunaraq yenidən qurulub, mini futbol meydançasının süni örtüyü yenisi ilə əvəzlənib, pedaqoji fakültədə yerləşən idman zalı, böyük idman kompleksi təmir edilib.

 

2023-cü ilin idman yekununa dair hesabat ilə çıxış edən universitet İdman Klubunun sədri pedaqogika üzrə fəlsəfə doktoru, dosent Məmmədəli Rəhimov deyib ki, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100-ci ildönümünə həsr edilmiş oğlanlar və qızlar arasında voleybol, şahmat və boks yarışları keçirilib. Ulu Öndərin 100 illik yubileyi münasibətilə Naxçıvan Muxtar Respublikası ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri arasında keçirilən “Vətən naminə” hərbi-idman oyununda universitet komandası I yerə layiq görülüb.

 

Vurğulanıb ki, muxtar respublikada “İdmanda bir gün” tədbirində qızlar arasında keçirilən badminton yarışlarında NDU tələbəsi Əminə Hüseynova I, Lalə Musayeva III yerlərin qalibi olublar. Stolüstü tennis yarışlarında Səbuhi Ələkbərov I, Əmrah Məmmədli II, qızlar arasında stolüstü tennis yarışlarında isə Lalə Musayeva birincilik qazanıb.

 

M.Rəhimov qeyd edib ki, “Tələbə gənclər həftəsi”nə həsr olunan Naxçıvan Muxtar Respublika birinciliklərində badminton üzrə yarışlarda Əminə  Hüseynova I, Duyğu Hüseynova II, şahmat üzrə yarışlarda qızlar arasında  Nəsrin  Babayeva I,  oğlanlar arasında Ayxan Əliyev I, Sadiq Qarayev II, Sadiq Məmmədov III yerlərə layiq görülüblər. Stolüstü tennis yarışlarında Lalə Musayeva II, Neymət Əliyev II, Məmməd Mehdiyev isə III yerlərlə kifayətləniblər. Pedaqoji fakültənin “Məşqçilik” ixtisası üzrə  III kurs tələbəsi Fuad Əşrəfli cüdo üzrə ölkə birinciliyində III yerin qalibi olaraq milli komandanın tərkibinə daxil edilib.

 

İdman Klubunun sədri vurğulayıb ki, ali təsil ocağının mini futbol komandası Naxçıvan Muxtar Respublikasının yaranmasının 100 illik yubileyinə həsr olunmuş  Azərbaycan ali məktəb tələbələrinin respublika birinciliyində bütün rəqiblərini üstələyərək  I yerdə qərarlaşıb.

 

Hesabatda ümumi nəticələrə görə Hazırlıq şöbəsi ümumi hesabla qalib olub. Xarici dillər fakültəsi ikinci, pedaqoji fakültə isə üçüncü yerə layiq görülüb.     

        

Sonda idmançı tələbələr mükafatlandırılıblar.