Naxçıvan Dövlət Universitetində (NDU) Elm Günü qeyd edilib.  Tədbirdə çıxış edən universitetin rektoru Elbrus İsayev bildirib ki, NDU-da  aktiv elmi tədqiqatla məşğul olan gənc tədqiqatçıların təşkilatlanması məqsədilə Magistratura və doktorantura mərkəzi, Gənc alimlər şurası və Tələbə Elmi Cəmiyyəti fəaliyyət göstərir. Rektor universitetdə fəlsəfə doktorluğu və elmlər doktorluğu proqramları üzrə elmi dərəcəli kadr hazırlığının həyata keçirildiyini qeyd edib. Beynəlxalq elmmetrik bazalara çıxış imkanının yaradıldığını qeyd edən E.İsayev NDU-da fəaliyyət göstərən 110 professor-müəllim heyətinin Google Scholar bazasında elmi məqalələrinə istinad etmə sayının illər üzrə 2538 olduğunu bildirib. Vurğulayıb ki, bu bazada 110 əməkdaşın ümumi H indeksi 208-dir. Rektor qeyd edib ki, Google Scholar bazasında 110 indeksi olan əməkdaş sayı 18-dir, onların ümumilikdə 55 məqaləsinə ən azı 10 dəfə istinad edilib. H indeksinə görə ölkəmizdə Top 1000-də universitetin 14 əməkdaşı təmsil olunur.

 

Rektor universitet əməkdaşlarının 7 beynəlxalq layihədə iştirakı, patent və ixtiraları barədə də məlumat verib.

 

Elm və innovasiya məsələləri üzrə prorektor Elsevər Əsədov “Naxçıvan Dövlət Universitetinin elmi mühiti: mövcud vəziyyət və perspektivlər” adlı çıxışında müəllimlərin elmi fəaliyyətə görə qiymətləndirilməsində bu ildən etibarən differensial əməkhaqqının tətbiq olunduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, hazırda universitetdə 50 əməkdaş differensial əməkhaqqı sistemindən yararlanır. Prorektor bildirib ki, professor-müəllim heyəti üzvlərindən bir çoxu beynəlxalq indeksli jurnalların redaksiya heyətinin üzvü, sahə redaktorudur.

 

Magistratura və doktorantura mərkəzinin direktoru Çapay Quliyev “Böyük elmə gedən yol”, TEC sədri doktorant Təbrizə Bağırova isə “Müasir elmi çağırışlar: doktorantura təhsilinin imkanları” mövzusunda məruzələr ediblər.

 

Tədbir digər natiqlərin çıxışları ilə davam edib.

        

Sonda NDU-nun elmi mühitinin formalaşmasında səmərəli fəaliyyətinə görə bir qrup əməkdaşa Təşəkkürnamə təqdim olunub.