Lənkəran Dövlət Universitetində (LDU) fizika, riyaziyyat, informatika, kimya, biologiya və coğrafiya fənləri üzrə zona fənn olimpiadaları keçirilib. LDU-dan “Azərbaycan müəllimi”nə bildirilib ki, olimpiadalarda Biləsuvar, Cəlilabad, Masallı, Yardımlı, Lənkəran, Astara və Lerik rayonlarının ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri iştirak ediblər.

 

Bilik yarışmasına 500-ə yaxın  şagird qatılıb. Onlar seçdikləri fənlər üzrə 3 açıq tipli sualı 2 saat 30 dəqiqə ərzində yazılı cavablandırıblar.

 

Olimpiadaların qalibləri üçün mükafatlandırma mərasimi keçiriləcək, onlara LDU-nun Fəxri fərman, diplom və qiymətli hədiyyələri təqdim olunacaq. Bilik yarışmasının nəticələri ilə bağlı universitetin rəsmi web saytında və “Facebook” səhifəsində məlumat veriləcək. 

 

Xatırladaq ki, LDU-da zona fənn olimpiadaları son 7 ildə ənənəvi olaraq hər il keçirilir.