Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) filologiya fakültəsində keçirilən görüşdə universitetin beynəlxalq əlaqələr üzrə prorektoru, professor Mahirə Hüseynovaya Dünya Söz Akademiyasının fəxri akademik üzvlüyü diplomu təqdim olunub.

 

“Azərbaycan müəllimi” xəbər verir ki, təqdimat mərasimində ADPU-nun rektoru professor Cəfər Cəfərov, tədris işləri üzrə prorektor Eldar Aslanov, Tədris departamentinin direktoru Sənan Əliyev, filologiya fakültəsinin dekanı Könül Həsənova, Dünya Söz Akademiyasının prezidenti Fəxrəddin İvgin, AMEA-nın Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri Vüqar Əhməd, Əlyazmalar İnstitutunun direktor müavini Əzizağa Nəcəfov, tədqiqatçı-şair Qardaş Əlişoğlu, eləcə də fakültənin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

 

Tədbiri giriş sözü ilə açan professor Vüqar Əhməd professor Mahirə Hüseynovanın Dünya Söz Akademiyasının fəxri akademik üzvü seçilməsinin təsadüfi olmadığını, onun görkəmli dilçi alim olmaqla yanaşı, eyni zamanda mahir söz ustası, şair olduğunu vurğulayıb. O, Mahirə Nağıqızının şeirlərində qəlblərə toxunan ifadələri xüsusi ustalıqla qələmə alan sənətkar olduğunu qeyd edib.

 

Daha sonra professor Fəxrəddin İvgin Mahirə Hüseynovaya fəxri akademik üzv diplomunu təqdim edib.

 

ADPU-nun rektoru Cəfər Cəfərov tədbirdə çıxış edərək professor Mahirə Hüseynovanın universitet və Azərbaycan elmi üçün göstərdiyi xidmətlərdən danışıb.

 

Sonda çıxış edən professor Mahirə Hüseynova göstərilən diqqətə görə öz təşəkkürünü bildirib, eyni zamanda Azərbaycanda və Türk dünyasında tanınmasının universitet rəhbərliyi və fakültə kollektivinin birgə əməyinin nəticəsi olduğunu qeyd edib.