Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 çərçivəsində ali məktəbin Üzvi maddələr və yüksəkmolekullu birləşmələrin texnologiyası kafedrasının 60 illik yubileyinə həsr olunmuş “Makromolekullu birləşmələr texnologiyasının müasir problemləri” mövzusunda ikigünlük beynəlxalq elmi-texniki konfrans öz işinə başlayıb.

 

“Azərbaycan müəllimi”  xəbər verir ki, tədbirdə Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Belarus, Qazaxıstan, Misir, Malayziya və digər ölkələrdən olan alimlər, mütəxəssislər iştirak edirlər.

 

Əvvəlcə “Yüksəkmolekullu birləşmələrin tədqiqinə həsr olunmuş 60 il” adlı sənədli film, tələbələrin təşəbbüsü ilə təşkil olunmuş fləşmob nümayiş olunub.

 

Sonra tədbirdə çıxış edən ADNSU-nun rektor əvəzi dosent Vazeh Əskərov universitetdə “Yaşıl dünya naminə həmrəylik ili” və COP29 çərçivəsində bir sıra tədbirlər keçirildiyini bildirib. V.Əskərov konfransa 170-dək elmi məqalənin və 220-dən artıq tezisin təqdim edildiyini söyləyib və 24 məqalənin “Web of Science” beynəlxalq istinad bazasında indekslənən jurnallarda dərc olunacağını vurğulayıb.

 

Tədbirdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini AMEA-nın müxbir üzvü Əminağa Sadıqov, ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev, Elm və Təhsil Nazirliyinin Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru akademik Vaqif Abbasov, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov çıxış ediblər.

 

Konfrans bölmə iclasları ilə davam edib.