Mayın 4-də Quba–Xaçmaz Regional Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin pedaqoji heyəti üçün nəzərdə tutulan növbəti “Təhsildə yeni çağırışlar” regional konfransı Xaçmazda keçirilib.

 

"Azərbaycan müəllimi" xəbər verir ki, konfrans Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu, Azərbaycan Dövlət Pedaqoji Universiteti və Quba–Xaçmaz Regional Təhsil İdarəsinin dəstəyi və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi və “T–Network” təhsil işçilərinin təcrübə və kommunikasiya platformasının təşkilatçılığı ilə keçirilib. Konfransa media dəstəyi isə “Təhsil TV” və “Azərbaycan müəllimi” qəzeti tərəfindən göstərilib.

 

Konfransın keçirilməsində məqsəd qabaqcıl müəllim, təhsil idarəedicilərinin təcrübəsini öyrənmək, səmərəli əməkdaşlığa təkan vermək, eləcə də regional diskussiya platforması yaratmaqdır.

 

Konfransda Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Mehriban Vəliyeva, Quba–Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, ADA Universitetinin prorektoru Vəfa Kazdal, Qazi Universitetinin müəllimi Necati Cemaloğlu, Təhsildə Keyfiyyət Təminatı Agentliyinin “Məktəbəqədər və ümumi təhsil müəssisələrində keyfiyyət monitorinqi layihəsi”nin icrası üzrə rəhbəri Nəcməddin Mehtiyev çıxış ediblər.

 

Konfransda çıxış edən şəxslər müasir təhsil sisteminin qarşısında duran vəzifələr, məktəblərdə metodiki xidmətin təşkili ilə bağlı məsləhət və tövsiyələrini veriblər.

 

Konfransın gedişində “Mənim yaşıl məktəbim” lahiyəsi ilə əlaqədar bəzi məktəb direktorlarının təqdimatları da konfrans iştirakçılarına təqdim olunub və Quba rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin yetirmələri tərəfindən hazırlanan bədii kompozisiyalar maraqla qarşılanıb.

 

Yekunda iştirakçılara sertifikatlar təqdim olunub.