Bakı Dövlət Universitetində (BDU) “Türk otağı” açılıb.

 

Bu barədə “Azərbaycan müəllimi”nə BDU-dan məlumat verilib. 

 

Bildirilib ki, açılış mərasimində universitetin sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Əliş Ağamirzəyev  çıxış edib.  O, “Türk otağı”nın açılmasının Azərbaycan və Türkiyənin qardaşlıq münasibətlərinin daha da inkişafı naminə fəaliyyət göstərəcək mütəxəssislərin hazırlanması üçün böyük əhəmiyyət daşıdığını deyib. Qeyd edib ki, BDU-da Türkiyə üzrə, türk dili, ədəbiyyatı, tarixi ilə bağlı fənlər tədris olunur, elmi tədqiqatlar aparılır. BDU məzunları ölkəmizi həm elmi, mədəni, həm də siyasi sahədə təmsil edirlər: "Türk otağı"nda olan ədəbiyyat, əyani vəsaitlər “Türk filologiyası”, “Regionşünaslıq (Türkiyə üzrə)” ixtisası üzrə kadr hazırlığına töhfə verəcək”.

 

Bakı Yunus Əmrə İnstitutunun rəhbəri Səlçuk Karakılıç, Türkiyə səfirliyinin müşavirləri Zeynəb Kıvılcım və Muhittin Macit, şərqşünaslıq fakültəsinin dekanı Aydan Xəndan, Türk filologiyası kafedrasının müdiri Rüfət Rüstəmov çıxışlarında qeyd ediblər ki, BDU-da “Türk otağı”nın açılması Azərbaycan-Türkiyə qardaşlığına, iki ölkənin elmi, mədəni əlaqələrinə böyük töhfədir və strateji mahiyyət daşıyır. Vurğulanıb ki, Türk dünyasının bir hissəsi olan Azərbaycan qardaş ölkənin  dilinin, mədəniyyətinin təbliği sahəsində genişmiqyaslı işlər aparır. Türk filologiyası kafedrası da bu əhəmiyyətli prosesin əsas dəstəkçilərindəndir. “Türk otağı”nın açılması tələbələrin tədris prosesində türk mühiti ilə daha yaxından təmasda olması üçün əhəmiyyətlidir.