Mingəçevir Dövlət Universitetinin (MDU) tərəfdaşı olduğu, Azərbaycan Dövlət İqtisad Univesitetinin (UNEC) koordinatorluğu ilə hazırlanmış və təqdim edilmiş Avropa İttifaqının maliyyələşdirdiyi Ali təhsildə potensialın gücləndirilməsi profilinə (KA2) uyğun “Azərbaycan universitetlərində yaşıl və dayanıqlı qlobal iqtisadiyyatın təkmilləşdirilməsi: Bərpa olunan enerji və iqlim dəyişikliklərinin azaldılması” (REFRESH) layihəsi çərçivəsində Danimarka Krallığının Danimarka Texnologiya Universitetində (DTU) təlim proqramı keçirilib.

 

MDU-dan “Azərbaycan müəllimi”nə bildirilib ki, yaşıl və dayanıqlı iqtisadiyyatın inkişafında DTU təcrübələrini öyrənmək məqsədi daşıyan təlim səfərində REFRESH layihəsində təmsil olunan Azərbaycanın 6 ali təhsil müəssisəsindən 7 nəfərdən ibarət nümayəndə heyəti, o cümlədən MDU-nun Beynəlxalq əməkdaşlıq ofisinin koordinatoru Samirə Əhmədova iştirak edib.

 

Təlim proqramının ilk günü DTU-nun Tətbiqi riyaziyyat və kompüter elmi departamentinin əməkdaşı, professor Mads Peter Sorensen universitetin ümumi strukturu haqqında, mühəndislik istiqamətində bakalavr və magistr təhsil pillələri üzrə tədris proqramları barədə məlumat verdikdən sonra fakültənin dekanı, professor Calal Kazempur “Davamlı enerji sistemləri” ixtisası üzrə hər iki təhsil pilləsinin tədris proqramları, sillabusları, eləcə də tədris prosesi haqqında ətraflı məlumat verib.

 

Sonra Azərbaycan ali təhsil müəssisələrinin nümayəndələri təmsil etdikləri universitet, alternativ enerji sahəsində mövcud proqramın cari vəziyyəti haqqında təqdimatla çıxışlar ediblər. Günün ikinci yarısı professor Maykl Deninger bakalavr təhsil pilləsində “Dizayn və innovasiya” ixtisasi üzrə süni intellekt (Sİ) vasitələrinin tətbiqinə dair təqdimatla çıxış edib və tələbələrinin Sİ-ni öz tədqiqat işlərində tətbiq edərək qazandıqları nailiyyətləri haqqında danışıb.

 

Təlimin ikinci günü DTU-nun enerji mühəndisliyi kafedrasının professor-müəllim heyəti ilə Azərbaycan ali təhsil müəssisələrinin nümayəndələri arasında yaşıl və dayanıqlı enerjinin inkişafı üçün gördükləri fəaliyyət, iqlim dəyişikliyinin təsirinin azaldılması istiqamətində fikir mübadiləsi aparılıb.

 

Təlim proqramının üçüncü günü DTU mühəndislik fakültəsinin “Gələcək enerji” ixtisası üzrə məsul əməkdaşı professor Bhaskar Reddy Surdireddy ixtisas üçün ayrılmış fənlər və qəbul şərtləri haqqında ətraflı məlumat verib. Təqdimatdan sonra nümayəndə heyəti universitetin labaratoriyasını ziyarət edərək buranın iş prinsipi ilə tanış olublar. Günün ikinci yarısı DTU Menecment bölməsinin tədqiqatçısı Per Sieverts Nielsen  Avropa İttifaqının onlayn təhsil layihəsi olan “RES4CİTY” (Renewable Energies System for Cities) haqqında təqdimatla çıxış edərək şəhərin ümumi istilik sistemi və istilik qurğularından bəhs edib.

 

Növbəti təlimlərdə “Külək enerjisi” və “Dayanıqlı enerji texnologiyaları” ixtisasları üzrə tədris proqramları, tədris olunan fənlər və qəbul tələbləri haqqında ətraflı məlumat verilib.

 

Təlim proqramının sonuncu günü DTU Hesablama bölməsinin professoru Nenrik Madsen smart şəhərlər, bərpa olunan enerji istehsalı proqnozu və istehlak uyğunluğu üzrə tədqiqat mövzularına dair təqdimatla çıxış edib, ölkə ərazisində ən çox istifadə olunan külək enerjisi və külək turbinlərinin iş prinsipindən danışıb.

 

Azərbaycan ali təhsil müəssisələrinin nümayəndələri REFRESH layihəsi üzrə UNIBO-nun nümayəndələri ilə layihənin növbəti addımlarını müəyyən etmək məqsədilə yekun görüş keçirib.