"Azərbaycan müəllimi" qəzetinin dəstəyi və ADPU-nun təşkilatçılığı ilə 26 aprel tarixində ADPU-nun II tədris korpusunda “Ümumi təhsil pilləsi: problemlər, yanaşmalar” mövzusunda "dəyirmi masa" keçirilib.
 
ADPU-nun Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin direktoru Kamran Əsədov görüşün məqsədi, iştirakçılar və qonaqlar barədə məlumat verib.
 
Ardınca Milli Məclisin deputatı Ceyhun Məmmədov görüşün əhəmiyyətinə diqqət çəkərək Elm və Təhsil Nazirliyi tərəfindən bu səpkidə görüşlərin keçirilməsinə dəstək göstərilməsinin müsbət addım olduğunu qeyd edib. Həmçinin deputat əlavə edib ki, məktəblərdə sıxlıq məsələsinin görüşün gündəliyinə salınması görüşün aktual məsələləri əhatə etdiyini göstərir. C.Məmmədov "dəyirmi masa"da müəllimlərin etik davranış qaydalarının, valideynlərin məktəbə müdaxiləsinin necə aradan qaldırılması istiqamətində müzakirənin aparılmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, məktəb direktorları ilə bu tipli görüşlərin keçirilməsi xüsusi əhəmiyyət kəsb edir.
 
Təhsilin İnkişafı Fondunun idarə heyətinin sədri Elnur Nəsibov bu tipli görüşlərin keçirilməsinə TİF tərəfindən dəstək göstərməyə hazır olduqlarını qeyd edib. O vurğulayıb ki, bu tipli görüşlərin keçirilməsinin işlək mexanizminin yaradılması zəruridir.
 
Qeyd edək ki, müxtəlif təhsil ekspertlərinin, məktəb direktorlarının, təhsil idarəçilərinin iştirak etdiyi "dəyirmi masa"da təhsillə bağlı aktual məsələlərin müzakirəsi davam edib.
 
Vaqif FƏTULLAYEV