Aprelin 29-da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Azad Həmkarlar İttifaqının (AHİ) və Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə keçirilən Akademiyanın gənc alim və mütəxəssislərinin institutlararası futbol çempionatının açılışı olub.

 

“Azərbaycan müəllimi” xəbər verir ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101 illik yubileyinə həsr edilən çempionatın açılış mərasimində AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası (AHİK) sədrinin müavini Cavanşir Alxasov, AMEA AHİ-nin sədri siyasi elmlər üzrə fəlsəfə doktoru Sənan Həsənov, Akademiyanın elmi müəssisələrinin Həmkarlar Təşkilatlarının sədrləri və gənc alimlər iştirak ediblər.

 

Akademiya şəhərciyində yerləşən stadionda baş tutan tədbirdə çıxış edən akademik İsa Həbibbəyli deyib ki, futbol böyük bir mədəniyyətdir, bu sahə ilə maraqlananların dünyagörüşünə müsbət təsir edir. O, çempionatda iştirak edən komandalara uğurlar arzulayaraq turniri açıq elan edib.

 

Sonra çıxış edən AHİK sədrinin müavini Cavanşir Alxasov iştirakçıları Konfederasiyanın prezidenti Səttar Möhbalıyev adından salamlayıb. AMEA-nın Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyası ilə sıx əməkdaşlıq etdiyini deyən C.Alxasov göstərilən münasibətə görə akademik İ.Həbibbəyliyə minnətdarlığını bildirib.

 

Digər iştirakçıların çıxışlarından sonra futbol çempionatına start verilib.