İnternat məktəbində uşaqların bayram şənliyi


Artıq doğma Vətənimizin hər yerində  Novruz böyük sevinclə, şən əhvali-ruhiyyə ilə qarşılanır. Hər yerdə səliqə-sahman yaradılır, təmizlik işləri aparılır, evlərdə səməni göyərdilir, paxlava, şəkərbura bişirilir, xonçalar bəzədilir. Milli bayramımız, baharın müjdəçisi Novruzu uşaqlar daha çox sevir və gəlişini səbirsizliklə gözləyirlər. Hər il bu əziz bayram münasibətilə təhsil müəssisələrində də bir-birindən maraqlı, yaddaqalan mərasimlər təşkil olunur. Bu il də Novruzun gəlişini uşaqlar böyük sevinclə qarşılayırlar. Martın 13-də Təhsil Nazirliyinin təşkilatçılığı ilə Sağlamlıq imkanları məhdud uşaqlar üçün 6 nömrəli Respublika Xüsusi internat məktəbində  keçirilən Novruz şənliyində də uşaqlar sevincli anlar yaşadılar.

 

Məktəbin geniş və zövqlə bəzədilmiş dəhlizində “Köhnə və yeni Bakı” dekorasiyaları, qədim xalq sənəti nümunələri və dekorativ sənət, rəsm və toxuculuq dərnəyi üzvlərinin əl işlərindən ibarət sərgi, təhsil ocağının  fəaliyyətinin bəzi məqamlarını əks etdirən stendlər, nağıllarımızın personajlarının maketlərindən ibarət guşələr, Novruzun rəmzləri olan səmənilər, xonçalar var idi.

 

Zövqlə hazırlanmış akt zalında təşkil olunan mərasimdə məktəbin pedaqoji və şagird heyətinin üzvləri ilə yanaşı, Təhsil Nazirliyinin, Xəzər Rayon İcra Hakimiyyətinin, YAP-ın Xəzər rayon təşkilatının əməkdaşları və KİV nümayəndələri, çoxlu sayda qonaq, habelə valideynlər vardı. Meydanda dairəvi düzülmüş stolların üstünə növbənöv bayram şirniyyatı, səmənilər qoyulmuşdu. İnternat məktəbinin şagirdləri yerə salınmış xalçaların üstündə oturub müxtəlif adda bayram şirniyyatları hazırlayırdılar. Əvvəlcə məktəbin dram dərnəyinin üzvlərinin iştirakı ilə “Keçəlin saqqalı və Kosanın saçı” adlı tamaşa nümayiş olundu. Bütün Novruz  şənlikləri kimi bu mərasimdə də ən şən anlar Keçəllə Kosanın çıxışları oldu. Sonra məktəbin istedadlı uşaqlarının ifasında bədii proqram nümayiş olundu. Proqramın bütün nömrələri, xüsusən də bahar qızın meydana gəlişi,  fəslin şəninə söylədiyi şeir və mahnılar, Keçəllə-Kosanın məzəli dialoqu, ayrı-ayrı şagirdlərin ifaları, idman nömrələri bayram iştirakçılarında xoş ovqat yaratmaqla yanaşı sağlamlıq imkanları məhdud uşaqların sevincinə sevinc qatdı.

 

Uşaqların bu sevincli günündə iştirak edən, onlara xoş sözlərini və arzularını çatdıran şair Vahid Əziz  qonaqları və tədbirin digər iştirakçılarını salamlayıb, bayram münasibəti ilə onları təbrik etdi. Novruz bayramının xalqımızın həyatındakı rolundan danışan şair bildirdi ki, hər gəlişi ilə yeni, sevimli olan bu müqəddəs bayramımız xalqımızın milli sərvətidir. Bu günlər qədim Odlar Yurdunun bütün bölgələrində Novruz böyük təntənə ilə qeyd edilir, hər addımda bayram əhvali-ruhiyyəsi hiss olunur.

 

Növbə ilə səhnədə yer alan, bacardıqları qədər uşaqlara sevgi dolu xoş anlar yaşadan incəsənət nümayəndələri də ifaları və çıxışları ilə şənliyi daha da yaddaqalan və maraqlı etdi.

 

Şagirdlər Novruz bayramı haqqında nə bilirlər?

 

Maraqlıdır, görəsən  internat məktəbinin şagirdləri Novruz bayramı haqda nə qədər məlumatlıdırlar? Şənlik zamanı onların bir neçəsi ilə söhbət edib fikirlərini öyrənməyə çalışdıq.

 

Novruz adət-ənənələri haqqında məlumat verən internat məktəbinin VI “b” sinif şagirdi Elvin Manafov  bayram axşamlarında hər bir ailədə şadyanalıq, xoş  sözlər danışıldığını söylədi və qeyd etdi ki, bu bayramda  süfrələr bəzədilir, yeddi cür təam bişirilir, subay qızlar bir yerə yığılır, fala baxır və  qapı pusurlar.

 

Məktəbin VI “b”  sinif şagirdi Fəridə Dünyamalıyeva  Novruz bayramını bütün bayramlardan çox sevdiyini dedi. Bildirdi ki, bu bayram xalqımıza zərdüştlük dövründən gəlib çıxıb. Xalqımız həmin dövrlərdə oda, suya, torpağa sitayiş edib və onları hər şeydən üstün tutub. Novruz bayramında süfrələrə şəkərbura, paxlava, qoğal,  yeddi rəngə boyanmış yumurtalar, səməni  düzülür.

 

II “b” sinif şagirdi Təmayə Aydəmirzadə isə çərşənbələr haqqında məlumat verərək dedi ki,   bayramda dörd çərşənbə var:  su çərşənbəsi,  od çərşənbəsi,  yel çərşənbəsi  və   torpaq çərşənbəsi.   Hər bir çərşənbə öz xarakterik xüsusiyyətləri ilə  həyatımıza yenilik, xoş əhvali-ruhiyyə gətirir.

 

II “b” sinif şagirdi Hüseyn Əliyevin  ən çox sevdiyi adət isə  bayram tonqallarının yandırılmasıdır.  Bu vaxt  Kosa və Keçəlin də  tonqal başına gəlişi bayramı daha da maraqlı, yaddaqalan edir.

 

Sonra məktəbin VIII sinif şagirdi Bəxtiyar Salayev bizə Novruz bayramı haqqında məlumat verərək papaq atmaqdan çox xoşu gəldiyindən söhbət açdı. Dedi ki, elə çərşənbə axşamı qonşu uşaqlarla başqa məhəlləyə papaq atmağa getmişdim, onlar mənə bir evin qapısını göstərdilər ki, burada yaşayanlar papaqların içini ağzına kimi doldururlar. Mən də inanıb həmin evin pəncərəsindən içəri  papaq atdım. Müəyyən vaxt gözlədim, lakin papaqdan xəbər çıxmadı. Heç demə, ev yiyəsi evdə yox imiş. Bu anda  dostlarım mənə baxıb gülə-gülə dedilər ki, biz də papaqsız qalmışıq. İndi sən də düşdün bizim vəziyyətimizə, gəlin gedək tonqal üstündən hoppanmağa!!!

 

Nəhayət, məktəbin digər şagirdləri, şənliyin kosası Elxan Xamədli və keçəl Mərhəmət Xasıyev  Novruz bayramının adətlərindən və ən sevimli işləri isə yumurta bəzəmək və səməni cücərtmək olduğunu bildirdilər.

 

Nəticədə məktəblilərlə aparılan söhbətlərdən şad olduq və biz də onların bayramlarını təbrik edib  şadyanalıqla ayrıldıq. 

 

6 nömrəli Respublika Xüsusi internat məktəbi

 

İnternat məktəbi haqqında bizi maraqlandıran  məlumatları öyrənmək üçün direktor müavini Kərim Dadaşovla söhbət etdik. Öyrəndik ki, 1979-cu ildə yaradılan internat məktəbi 2005-ci ildən ümumi orta təhsili təmin edən təhsil müəssisəsi kimi fəaliyyət göstərir. İnternat məktəbi 2014-cü ildə Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir olunub və müasir tələblərə cavab verən avadanlıqla təchiz edilib. Müəssisədə 154 şagird təhsil alır, onlardan 69 nəfəri burada gecələyir. Uşaqların təlim-tərbiyəsi ilə 60 nəfərdən ibarət pedaqoji heyət məşğul olur.

 

İnternat məktəbində  “Xalçaçılıq texnologiyası” fənni tədris edilir. Şagirdlər ümumi təhsil almaqla yanaşı xalçaçılıq sənətinə də yiyələnirlər. Təhsil müəssisəsində şahmat dərnəyi də fəaliyyət göstərir. Məktəbin şagirdlərindən ibarət futbol komandası mütəmadi olaraq respublika daxilində keçirilən idman yarışlarında iştirak edir. İnternat məktəbi 2016-2017-ci tədris ilindən “Sağlam təhsil-sağlam millət” layihəsinə cəlb edilib.

 

K.Dadaşov bizimlə söhbətində qeyd etdi ki, məktəbdə nitq qüsurlu uşaqlar çoxluq təşkil edir. Həmin uşaqlar xəstəliklərinə uyğun şöbələr üzrə müalicə olunurlar. Məsələn, loqonevroz, kəkələmə və s. üzrə bölünürlər.  Uşaqların qüsurları burada düzələndən sonra doqquzuncu sinifdən onlar təhsillərini ali məktəb və yaxud da kolleclərdə davam etdirirlər.

 

Rəşad ZİYADOV