· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

· Arxiv

 

 

Soyqırımı qurbanlarının xatirəsi təhsil ocaqlarında anıldı

 

Naxçıvan Dövlət Universitetində yenicə yaradılmış Tələbə Həmkarlar İttifaqı Komitəsi universitetin gənclər təşkilatları ilə birlikdə azərbaycanlıların soqırımına həsr olunmuş internetaksiya keçirdi.

Universitetin mətbuat xidmətindən aldığımız məlumatda bildirilir ki, tədbiri giriş sözü ilə açan rektor, akademik İsa Həbibbəyli vəhşi ermənilərin əsrlər boyu Azərbaycan xalqına qarşı törətdikləri qanlı soyqırımlardan bəhs etdi. Azərbaycan müstəqillik qazandıqdan sonra dünya şöhrətli siyasətçi, ulu öndər Heydər Əliyevin müdrikliyi və qətiyyəti sayəsində informasiya blokadasının yarılması, Azərbaycan həqiqətlərinin bütün dünyaya çatdırılması istiqamətində atılan mühüm addımlardan danışaraq bu uğurlu kursun dövlət başçısı İlham Əliyev tərəfindən inamla davam etdirildiyini əminliklə ifadə edən rektor tələbə gənclərin soyqırımına qarşı daha müasir və operativ mübarizə üsulunu da təqdir etdi. O, internetaksiyanı elmi əsaslandırılmış, tarixi faktlara söykənərək həyata keçirilməsinin əhəmiyyətindən söz açaraq müəllim və tələbələri bu işdə fəal olmağa səslədi.

Universitetin Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri, tarix elmləri namizədi Elbrus İsayev internetaksiya barədə ətraflı məlumat verdi. Tarixçi alim bütün dünyada yayılmış erməni lobbisinin tarixi saxtakarlıqlarına cavab vermək baxımından tədbirin əhəmiyyətini vurğuladı.

Tələbə İnformasiya Mərkəzinin elmi məsləhətçisi E.İsayev universitet tələbələrinin müxtəlif dillərə tərcümə etdikləri məqalələrin, slaydların və digər audiovizual materialların dünyanın tanınmış siyasi qurum və təşkilatlarına, 250-dən çox universitetinə, Hollandiya parlamentinin deputatlarının elektron ünvanlarına, ümumiyyətlə yarım milyondan çox elektron ünvana göndəriləcəyini bildirdi.

Sonra hüquqşünaslıq ixtisası üzrə I kurs tələbəsi Turqay Həşimli və ümumi iqtisadiyyat ixtisası üzrə I kurs tələbəsi Elçin Əliyev göndəriləcək müraciətləri oxudular.

Azərbaycanın işğal olunmuş əraziləri və soyqırımı ilə bağlı yaddaş vərəqələri, videomaterialları və sənədli yazıları əks etdirən kompakt disklər (SİDİ) tədbir iştirakçılarına paylandı, elektron ünvanların siyahısı təqdim olundu.

Soyqırımı ilə bağlı videoslayd nümayiş etdirildi. Sonra tədbir iştirakçıları universitetin müxtəlif kompüter mərkəzlərində yüksək sürətli İnternet xəttinə qoşularaq internetaksiyaya start verdilər.

Tələbə İnformasiya Mərkəzinin təşkilat qrupu ilə görüşən akademik İsa Həbibbəyli tələbələrin bu vətənpərvərlik təşəbbüsünü yüksək qiymətləndirərək gələcəkdə də belə tədbirlərin keçirilməsi üçün dəyərli tövsiyələr verdi.

***

1998-ci ildən başlayaraq 31 Mart - Azərbaycanlıların soyqırımı günü kimi hər il dövlət səviyyəsində qeyd edilir. Bu günlərdə ölkənin bütün idarə və təşkilatlarında, ictimai qurumlarda olduğu kimi, təhsil müəssisələrində də bu kədərli anım gününə həsr edilmiş müxtəlif mərasimlər təşkil olundu.

Türkiyə Diyanət Vəqfinin Bakı Türk Liseyinin ənənəsinə görə, tarixi gün və bayramlarla bağlı mərasimləri keçirmək hər dəfə bir sinfin öhdəsinə düşür. 31 Mart - Azərbaycanlıların soyqırımı gününə həsr edilmiş tədbiri isə sinif rəhbəri Elşən Musayev, musiqi müəllimi Sevda Muxtarova,  Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzinin əməkdaşı Cavanşir Abdullayevin köməyi ilə IX "B" sinfinin şagirdləri hazırlamışdılar.

Liseyin akt zalı mövzuya uyğun tərtib olunmuş, divar qəzetləri, 1918-ci ilin mart hadisələrini və 1992-ci ildə baş verən Xocalı faciəsini əks etdirən fotostendlər hazırlanmış, hər tərəfə qırmızı qərənfillər düzülmüşdü.

Aparıcılar mərasimi açandan sonra soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi və Azərbaycan Respublikasının Dövlət himni oxundu. Sonra doqquzuncular mərasim iştirakçıları qarşısında məruzələr və ədəbi-bədii nümunələrdən ibarət proqramla çıxış etdilər.

 "Bayraq" şeirini söyləyən 5 yaşlı Məhəmmədəlinin çıxışı tamaşaçı auditoriyasının rəğbəti ilə qarşılandı. Nigar Quliyevanın həmin günlərdə Azərbaycanın  ayrı-ayrı bölgələrində baş vermiş soyqırımından bəhs edən məruzəsindəki tarixi faktları hamı böyük həyəcan, kədər və ürəkağrısı ilə dinlədi. IX "B" sinif şagirdlərinin çıxışlarında soyqırımı faktlarının baş verdiyi dövr, tarixi şərait, ermənilərin xalqımıza qarşı yürütdüyü təcavüz siyasətinin ayrı-ayrı mərhələləri, 1992-ci ildə törədilən yeni soyqırımı faktı - Xocalı faciəsinin bu cinayətlərin məntiqi davamı olması və s. haqqında fikirlər səsləndi. Qeyd olundu ki, ermənilərin zaman-zaman xalqımızın başına gətirdikləri müsibətləri hamı bilməli və gələcək nəslə çatdırmalıdır. Şagirdlərin ifasında təqdim olunan S.Vurğunun "Yanğın", B.Vahabzadənin "Unutqanlıq", "Utanıram" şeirləri,  "Azərbaycan əsgəri", "Azəri-türk əsgəri" mahnıları, "Mehtər marşı", "Qəhrəman Əhməd" səhnəciyi və başqa bədii  nümunələr zaldakıların marağına səbəb oldu.

Sonda çıxış edən liseyin direktoru Kadır Bektaşoğlu tədbirin hazırlanmasında əməyi olan hər kəsə təşəkkürünü bildirdi. 31 Mart -Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş mərasim üzeyir Hacıbəyovun qəhrəmanlıq və mübarizəyə səsləyən "Uvertüra"sının sədaları altında başa çatdı.

***

Bakıdakı 53 nömrəli orta məktəbdə ədəbi-bədii kompozisiyanın nümayişindən öncə məktəbin direktoru Firəngiz Həsənova qeyd etdi ki, ötən əsrin əvvəllərində  günahsız Azərbaycan övladları ermənilər tərəfindən qanlarına qəltan olunmuşlar.

Azərbaycanlılara qarşı dəfələrlə törədilən bu cür cinayətləri unutmaq olmaz, hər bir vətən övladı bu gün bədxah qüvvələrə, ermənilərin işğalçı siyasətinə qarşı çıxmalı, Azərbaycan xalqının haqq səsini dünya ictimaiyyətinə çatdırmalıdır...

Tədbirin sonunda soyqırımın acı xatirəsini  əks etdirən guşələrə, fotolara, rəsmlərə baxıldı. Şagirdlərin ifasında "Xocalı harayı" ədəbi-bədii kompozisiyası nümayiş olundu.

***

Fizika-riyaziyyat və informatika  təmayüllü liseydə 31 Mart - Azərbaycanlıların soyqırımına həsr edilmiş mərasim Azərbaycanın Dövlət himni ilə başlandı. Soyqırımı zamanı həlak olanların xatirəsi bir anlığa sükutla yad edildi. Direktor Tariyel Talıbov çıxışında  qeyd etdi ki, xalqımıza qarşı erməni millətçiləri tərəfindən aparılan soyqırımı siyasəti iki yüz ildən artıq tarixi dövrü əhatə edir. Böyük mərhələlərlə həyata keçirilən bu çirkin siyasətin fəlakətləri, qanlı fəsadları nəinki türk dünyasının, əslində bəşəriyyətin başı üzərini qara kabus kimi bürümüşdür... O, çıxışında bildirdi ki, dünya ictimaiyyətinə ermənilərin iyrənc siyasətinin, azərbaycanlıların soyqırımına məruz qalmalarının çatdırılması məhz ümummilli liderimiz Heydər Əliyevin  qətiyyətli mövqeyi və böyük iradəsi sayəsində mümkün olmuşdur.

Bakıdakı 31 və 225 nömrəli orta  məktəblərin dəhliz və sinif otaqlarında, kitabxanalarında da soyqırımı ilə bağlı  guşələr yaradılmış, fotostendlər tərtib olunmuş, siniflərdə divar qəzetlərinin xüsusi nömrələri buraxılmışdır. İlk dərslər  azərbaycanlıların mart soyqırımı mövzusuna həsr olunmuşdu.

***

Paytaxtdakı 32 nömrəli orta məktəbdə 31 Mart -Azərbaycanlıların soyqırımı gününə həsr olunmuş tədbir keçirildi. Mərasimi  giriş sözü ilə açan məktəbin direktoru Sevda Abdullayeva bildirdi ki, martın 31-də bütün siniflərdə birinci dərslər soyqırımına həsr olunub. Tədbir iştirakçılarına soyqırımı haqqında geniş məlumat verən direktor 1918-ci ilin fevral-mart aylarında ermənilər tərəfindən azərbaycanlılara qarşı xüsusi qəddarlıqla həyata keçirilmiş soyqırımının ağır nəticələrindən bəhs etdi.

XI sinif şagirdləri Aytəkin Həsənova, Lalə Poladova XX əsrdə xalqımızın başına gətirilən fəlakətlərdən danışaraq tarixi hadisələrin səbəblərini açıqlamağa çalışdılar.

Soyqırımı Bakının 46 nömrəli məktəbində də qeyd edildi. Şagirdlərin çəkdiyi soyqırıma həsr olunmuş fotosərgi nümayiş olundu. 31 mart soyqırımı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Hicran ƏKBƏROVA,

Sifai SƏFƏROVA,

Rəşad ZİYADOV