· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Ali təhsillə bağlı beynəlxalq konfrans

Aprelin 10-da Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Dillər Universiteti və Avropa Təhsil Hüququ və Siyasəti Assosiasiyasının birgə "Təhsildə keyfiyyətin təminatı: tələblər və zərurətlər" mövzusunda beynəlxalq konfransı keçirildi.

 Azərbaycan Dillər Universitetində keçirilən tədbirdə təhsil naziri Misir Mərdanov, Belçika universitetləri üzrə dövlət komissarı,  Avropa Təhsil Hüququ və Siyasəti Assosiasiyasının prezidenti, YUNESKO-nun təhsil qanunu üzrə nümayəndəsi, Avropa Kollecinin (Bruj) və Tilburq Universitetinin (Hollandiya) professoru Jan De Groof, Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev, Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik  Akademiyasının rektoru Seyfəddin Qəndilov, Türkiyə Respublikasının Azərbaycandakı səfirliyinin təhsil məsələləri üzrə müşaviri Səlahəddin Dikmən, respublikamızın digər ali məktəblərinin rektor və prorektorları, professorları, tələbə-müəllim heyətlərinin nümayəndələri iştirak edirdilər.

Tədbiri Azərbaycan Dillər Universitetinin rektoru, Azərbaycanın Avropa Şurasının Parlament Assambleyasındakı nümayəndəliyinin başçısı Səməd Seyidov açaraq konfransın  keçirilməsinin əsas məqsədini açıqladı. Beynəlxalq miqyaslı tədbirin əhəmiyyətinə toxunan S.Seyidov qeyd etdi ki, son illər təhsilimizdə gedən islahatlar müsbət nəticələrini göstərməkdədir.

Ali təhsil sahəsində gedən dəyişikliklərdən, ölkəmizin 2005-ci ilin may ayının 19-da Norveçin Berqen şəhərində keçirilmiş  konfransda Boloniya prosesinə qoşulduğu barədə danışan professor S.Seyidov bildirdi ki, Boloniya prosesinə qoşulmaqla ali təhsil müəssisələrimizin Avropa ali təhsil məkanına inteqrasiyasına geniş imkanlar açılıb. Boloniya prosesinin tələblərindən birinin ali təhsildə kredit sisteminin tətbiq olunmasıdır. O, rektoru olduğu universitetdə də artıq iki ildir ki,  həmin sistemə keçildiyini qeyd etdi, ali təhsil ocağında  bu işin uğurla həyata keçirildiyini söylədi. Ali təhsilin inkişafı, onun keyfiyyətinin qaldırılması istiqamətində digər ali məktəblərdə də mühüm işlər görüldüyünü qeyd edən professor beynəlxalq təcrübədən yararlanmağın vacibliyini xüsusi vurğuladı. Bu baxımdan beynəlxalq konfransın işində iştirak edən qonaq cənab Jan De Groofun fəaliyyətini yüksək qiymətləndirdi. Rektor, professor Jan De Groofun əməkdaşlığından məmnunluq duyduğunu söylədi. Onun çıxışının konfrans iştirakçıları üçün dəyərli olacağını bildirdi.

Professor S.Seyidov beynəlxalq konfrans haqqında ətraflı məlumat verdikdən sonra çıxış üçün sözü təhsil naziri Misir Mərdanova verdi. Təhsil naziri ölkəmizdə təhsilin  keyfiyyətinin yüksəldilməsinə, onun inkişafına diqqətin daha çox artırılmasının təqdirəlayiq olduğunu deyərək keçirilən tədbirin bu baxımdan faydalı olduğunu söylədi.  Nazir son illər ali təhsil müəssisələrinin maddi-texniki və tədris bazasının təkmilləşdirilməsi üzrə əsaslı işlər görüldüyü haqda geniş söz açdı. Misir Mərdanov ölkə başçısı cənab İlham Əliyevin "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında" 31 yanvar 2008-ci il tarixli sərəncamı ilə bağlı görüləsi, həlli vacib işlərdən danışdı. Nazir ali təhsil sahəsində diqqət yetirilməsi zəruri olan bir sıra məqamlar üzərində xüsusi dayanaraq fikir və mülahizələrini söylədi. Misir Mərdanov konfransda iştirak edən qonaq professor Jan De Groofun çıxışının maraqla qarşılanacağına əmin olduğunu deyərək, ümumiyyətlə belə beynəlxalq əməkdaşlığın ali təhsilimizin inkişafına müsbət təsir göstərdiyini bildirdi. Nazir çıxışının sonunda konfransın işinə uğurlar arzuladı.

Belçika universitetləri üzrə dövlət komissarı,  Avropa Təhsil Hüququ və Siyasəti Assosiasiyasının prezidenti, YUNESKO-nun Təhsil qanunu üzrə  nümayəndəsi, bir neçə Avropa  universitetlərinin professoru Jan De Groof çıxışında Avropa ölkələrində ali təhsil sahəsində gedən son dəyişikliklərdən, tətbiq olunan bir sıra yeniliklərdən danışdı. Azərbaycanlı həmkarları ilə birlikdə əməkdaşlıqdan məmnun qaldığını söyləyən qonaq ölkəmizin ali təhsilin inkişafı ilə bağlı bu sahədə əldə olunan beynəlxalq təcrübədən ətraflı bəhs etdi. Konfrans iştirakçılarına Avropa ölkələrində ali təhsil istiqamətində həyata keçirilən tədbirlər haqqında geniş məlumat verdi.

çıxış üçün söz alan Türkiyə Respublikasının  ölkəmizdəki səfirliyinin təhsil məsələləri üzrə müşaviri Səlahəddin Dikmən Boloniya prosesi və Türkiyənin təcrübəsindən danışdı.

Daha sonra təhsildə keyfiyyətin təminatının Azərbaycanda tətbiqi: təhsil mühiti və universitetlərin potensialı; Akademik prosesin genişlənməsi: tədrisin səmərəliliyi və keyfiyyətin təminatı və təhsilin idarə edilməsi bölmələri üzrə ayrı-ayrı yerli, eyni zamanda xarici ölkələrin ali təhsil sahəsində çalışan mütəxəssislərin məruzələri dinlənildi.

Beynəlxalq konfrans geniş müzakirə  və fikir mübadiləsi şəraitində sona çatdı.

Samirə KƏRİMOVA,

fotolar Fazil İDRİSOĞLUNUNDUR