· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

 

Müşavirədə qarşıda duran bir sıra məsələlər diqqətə çatdırılıb

Aprelin 7-də Təhsil Nazirliyində müşavirə keçirilib. Müşavirəni Misir Mərdanov açaraq qarşıda duran bir sıra məsələləri iştirakçıların diqqətinə çatdırıb.

 Nazir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyi haqqında" sərəncamına müvafiq olaraq Təhsil Nazirliyinin üzərinə düşən vəzifələri xüsusi qeyd edib. Eyni zamanda bununla əlaqədar olaraq nazirliyin müvafiq struktur bölmə rəhbərlərindən ibarət Təşkilat Komitəsinin yaradıldığını bildirib və komitənin üzvlərinə həmin sərəncama əsasən görüləcək işlər barədə tapşırıqlar verib.      

Sonra nazir cari ilin aprel və mayında keçirilməsi nəzərdə tutulan tədbirlərdən danışaraq iştirakçılara bununla əlaqədar öz tövsiyələrini bildirib.           

Müşavirədə Misir Mərdanov müvafiq şəxslərə verdiyi tapşırıqların icra vəziyyəti ilə maraqlanıb, eləcə də orta məktəblərdə xarici dilin tədrisi, ali məktəblərin strukturunda dəyişikliklər aparılmasının labüdlüyü və həlli vacib olan bir sıra  mühüm  məsələlərə toxunub. 

 

 

 

 

Təhsil Nazirliyində görüş

Aprelin 8-də təhsil naziri Misir Mərdanov Təhsildə Qiymətləndirmə üzrə Beynəlxalq Assosiasiyanın prezidenti cənab Simus Hiqarti ilə görüşüb.

 öncə nazir qonağı Azərbaycanda, xüsusilə Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu ifadə edib və onu səmimi salamlayıb.

Misir Mərdanov şagird nailiyyətlərinin qiymətləndirilməsi istiqamətində müasir tələblərə cavab verən yeni mexanizmin hazırlanması üzrə atılan müsbət addımlardan danışıb və ölkəmizin PİSA Beynəlxalq Qiymətləndirmə Təşkilatının üzvü olduğunu xatırladıb. Eyni zamanda Misir Mərdanov  Dünya Bankının dəstəyi ilə beynəlxalq qiymətləndirmə  üzrə iş həyata keçirildiyi barədə qonağa məlumat verib. Nazir həmçinin ümumtəhsil məktəblərinin buraxılış siniflərində mərkəzləşdirilmiş test imtahanlarının keçirilməsi, gələn ildən bu imtahanların ölkəmizin bütün orta məktəblərini əhatə etməsinin nəzərdə tutulduğunu açıqlayıb.

Nazir qonağın təmsil olunduğu təşkilatla əməkdaşlıq etməyə hazır olduğunu və ikitərəfli əlaqələrin yaradılacağına əminliyini vurğulayıb.

Cənab Simus Hiqarti Təhsildə Qiymətləndirmə üzrə Beynəlxalq Assosiasiyanın həyata keçirdiyi tədbirlər, qiymətləndirmə sahəsində gördüyü işlər barədə məlumat verərək bildirib ki, burada əsas olaraq riyaziyyat və təbiət elmləri, oxu bacarıqlarının qiymətləndirilməsinə xüsusi diqqət yetirilir. Qonaq beynəlxalq, milli və məktəbdaxili qiymətləndirmə istiqamətləri üzrə müvafiq məsələlər barədə də danışıb, assosiasiyaya üzv olan ölkələrin nümayəndələri üçün treninq və təlimlər keçirildiyini bildirib.

Görüşdə Azərbaycanı təmsil edən nümayəndənin bu qurumda təmsil olunması, assosiasiyaya üzv olan ölkələrlə əlaqələr yaradılması və digər məsələlər müzakirə olunub.

 

 

 

 

Kiyevdə keçirilən treninqin nəticələri müzakirə olundu

Aprelin 8-də Təhsil Nazirliyində  Kiyev şəhərində "Təhsil islahatları: qlobal məsələlərin regional həlli" mövzusunda keçirilən  treninqin nəticələri ilə bağlı təqdimat olub.  

Təhsil naziri Misir Mərdanov tədbiri açaraq xarici ölkələrdə keçirilən müxtəlif tədbir və treninqlərdə iştirak edən nazirlik əməkdaşlarının səfər haqqında məlumat verməsinin zəruriliyini bildirərək bugünkü təqdimatı ilk təşəbbüs kimi dəyərləndirib, habelə müvafiq ənənənin davam etməsinin vacibliyini vurğulayıb.

Sonra Misir Mərdanov səfərlə bağlı təqdimat etmək üçün sözü nazirliyin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin müdiri Fərzəli Qədirova verib.

F.Qədirov öncə məlumat verib ki, Dünya Bankı, YUNİCEF, Ukrayna Təhsil və Elm Nazirliyinin birgə təşkil etdiyi treninqdə Avropa və Mərkəzi Asiya ölkələri ilə yanaşı, Azərbaycan nümayəndə heyəti də iştirak edib. Treninqin mahiyyətini açıqlayan F.Qədirov bildirib ki, burada əsas məqsəd keçmiş postsovet və Şərqi Avropa ölkələrində Dünya Bankının dəstəyi ilə həyata keçirilən islahatların nəticələrinə dair müzakirələrin aparılması, təhsil siyasətinin formalaşdırılması mexanizmlərinin araşdırılması, iştirakçı ölkələrin təhsil sahəsindəki təcrübələrinin öyrənilməsi və bu istiqamətdə inkişaf perspektivlərinin müəyyənləşdirilməsi olub.         

Tədbirdə şöbə müdiri dünyada təhsil problemləri və inkişaf tendensiyaları, təhsil siyasətinin formalaşdırılması sistemi, idarəetmə və maliyyələşdirmə, müəllimlərin peşəkarlıq səviyyəsi, təhsil tədqiqatları və digər məsələlər haqqında iştirakçılara ətraflı məlumat verib, habelə iştirakçı ölkələrin nümayəndə heyətlərinin təqdim etdikləri milli layihələr barədə danışıb. Eyni zamanda F.Qədirov həmin treninqdə etdiyi "Müəllimlərin ixtisasartırma sisteminin islahatı" mövzusunda təqdimatdan söz açıb, Azərbaycanda bu sahənin əsaslı şəkildə təkmilləşdirilməsini nəzərdə tutan yeni tendensiyaları xüsusi qeyd edib.

Sonda nazir təqdimatın xüsusi əhəmiyyətini vurğulayaraq, təqdim edilən yeni təhsil  tendensiyalarının nazirliyin  fəaliyyətində  nəzərə alınması  barədə  tapşırıq verib.