· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Beynəlxalq qiymətləndirmənin təhsilə təsiri  

Təhsil prosesində səmərəliliyi təmin etmək məqsədi daşıyan qiymətləndirmə müxtəlif tərkib hissələrinə malikdir, fərqli istiqamət və məzmunlarda aparıla bilər. Beynəlxalq qiymətləndirmə də həmin istiqamətlərdən biridir və onun tədrisin, təlimin keyfiyyətinin yaxşılaşdırılmasına xidmət etməsi inkaredilməzdir.

 Qeyd etmək lazımdır ki, beynəlxalq qiymətləndirmə çox zaman "müxtəlif ölkələrin 15 yaşlı şagirdlərinin nailiyyətlərinin qiymətləndirilməsi" kimi təqdim edilir.  Əslində PİSA-nın, yəni "Təhsilalanların Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqram"ın məzmunundan irəli gələn belə izah,  təqdimetmə beynəlxalq qiymətləndirmənin istiqamətlərini və əhatə dairəsini bir qədər məhdudlaşdırır. Məlumdur ki, Azərbaycanın üzv dövlət kimi qoşulduğu PİSA adından da göründüyü kimi, beynəlxalq proqramdır və şagird nailiyyətlərini məhz yaşa görə qiymətləndirir. Belə ki, müxtəlif ölkələrin təhsil səviyyələri haqqında rəy, təəssürat 15 yaşlı şagirdlərin qiymətləndirilməsi əsasında yaranır. Ancaq beynəlxalq təcrübədə şagird nailiyyətlərini təkcə yaşa görə deyil, həm də oxuduqları siniflərə, kurrikuluma görə qiymətləndirən proqramların mövcud olması faktı göstərir ki, beynəlxalq qiymətləndirmə heç də 15 yaşlı şagirdlərin nailiyyətlərini qiymətləndirməklə kifayətlənmir. Bu, sadəcə olaraq indiyə qədər Azərbaycanda mövcud beynəlxalq proqramlardan yalnız PİSA-nın tətbiq edilməsi sayəsində yaranan təəssüratdır. Halbuki təhsil prosesində nailiyyətlərin kurrikulumlarda müəyyən olunmuş keyfiyyət səviyyəsinə uyğunluğunu obyektiv vasitələrlə ölçən digər beynəlxalq proqramlar da mövcuddur.  Belə proqramlardan biri də haqqında az sonra danışacağımız TİMSS beynəlxalq qiymətləndirmə proqramıdır.

Azərbaycanın 2004-cü ildə qoşulduğu PİSA proqramı hər üç ildə bir dəfə olmaqla   15 yaşlı şagirdlərin əsas fənlər (oxu, riyaziyyat, təbiət elmləri) üzrə nailiyyətlərini qiymətləndirir. Dünya iqtisadiyyatının demək olar ki, 90%-dək hissəsinin üzv, yaxud tədqiqatçı dövlət kimi iştirak etdiyi PİSA - 2006  proqramının nəticələri İtaliyanın muxtar vilayətlərindən olan Trentonun və Fransanın göstəriciləri  əsasında 3-4 aprel 2009-cu il tarixində adını birinci qeyd etdiyimiz ölkədə müxtəlif prizmalardan geniş təhlilə cəlb edildi. Qeyd etmək lazımdır ki, qiymətləndirmənin təhsilə, onun inkişafına  müsbət təsir edən vasitələrdən olması inkaredilməzdir. Ancaq bir cəhəti də yaddan çıxarmaq olmaz ki, təhsildə yalnız qiymətləndirməni keçirməklə kifayətlənmək olmaz. Təhsilin keyfiyyətini yaxşılaşdırmaq məqsədilə hansı istiqamətdə keçirilməsindən asılı olmayaraq, qiymətləndirmənin nəticələri öyrənilərək geniş təhlil edilməli, inkişafın dinamikliyinə mane olan, onu ləngidən çatışmazlıqlar aradan qaldırılmalıdır.

Adıçəkilən təbdirdə beynəlxalq qiymətləndirmənin müxtəlif istiqamətlərdə aparılan  təhlillərindən belə bir yekdil fikir yarandı ki, ailə və mühit şagirdin təhsilinə, nailiyyətlərinə təsir edən əsas faktorlardandır və təhsilin keyfiyyəti iqtisadi vəziyyətdən də asılıdır.

Qiymətləndirmənin nəticələrinə təsir edən amillərdən ikincisi kimi testlərin tərtibi və dili  götürülə bilər. Məlumdur ki, beynəlxalq qiymətləndirmə üçün tərtib olunan testlərin məzmunu öz spesifikliyi ilə seçilir və  bu özünəməxsusluq, yəni  nəzəriyyədə verilən  biliklərin təcrübədə nə dərəcədə istifadə edilib-edilməməsini öyrənməyə yönələn suallara yer verilməsi tərcümə prosesində mütləq şəkildə nəzərə alınmalıdır. Belə ki, tərcümənin uğursuz olması testin məzmununa, onun aydınlığına və anlaşıqlığına xələl gətirir. Testin dilinin aydın olmaması isə şagirdin göstəricilərinin aşağı düşməsinə səbəb olur.  Eyni zamanda testlərin tərcüməsi və tərtibi zamanı milli mədəniyyət və dəyərləri də nəzərə almaq vacibdir. Qeyd edək ki, PİSA-2006 beynəlxalq proqramının tərtib etdiyi testlər azərbaycanlı ekspertlər tərəfindən araşdırılmış və belə testlər hələ sınaq mərhələsində test bankından çıxarılmışdı. Lakin testlərin məzmunu, tərcüməsi üzərində müxtəlif fənlər üzrə xüsusi ekspert qruplarının işləməsinə  baxmayaraq, Azərbaycanın beynəlxalq qiymətləndirmədəki nəticələri o qədər də qənaətbəxş deyil və fikrimizcə, müəllim hazırlığında, kurrikulum tərtibində və eyni zamanda məktəbdaxili qiymətləndirmə üçün hazırlanan testlərin məzmununda bu fakt zəruri amil kimi nəzərə alınmalıdır. çünki hər üç istiqamətdə aparılan qiymətləndirmənin (məktəbdaxili, milli, beynəlxalq) biri digərinə təsir etmək imkanına malikdir. Əgər məktəbdaxili qiymətləndirmədə nəzəri biliklərin tətbiqinə yönələn testlərə geniş yer verilərsə, beynəlxalq qiymətləndirmə proqramının sualları şagirdlər üçün o qədər də çətin olmaz. Burada bir cəhəti də nəzərə almaq lazımdır ki, eyni bir təhsilalan üçün beynəlxalq qiymətləndirmə məktəbdaxili qiymətləndirmənin summativ forması olan buraxılış imtahanlarından daha əvvəl keçirilir.      

PİSA-2006-da nəticələrin (riyaziyyatdan nəzəri biliklər üzrə 4-cü yer tutulub) yüksək olmamasının bir səbəbi də beynəlxalq qiymətləndirmədə Azərbaycanın ilk dəfə, həm də təkcə bu proqram çərçivəsində iştirak etməsidir. Bu amili nəzərə alaraq, Azərbaycan PİSA ilə yanaşı, digər beynəlxalq proqramlarda da iştirak etməlidir.

 7 aprel 2008-ci il tarixdə Təhsil Nazirliyində Təhsildə Qiymətləndirmə üzrə Beynəlxalq Assosiasiyanın prezidenti, professor Simus Hiqarti ilə keçirilən görüşdə  TİMSS  beynəlxalq qiymətləndirmə proqramı, onun altı əsas istiqaməti barədə geniş məlumat verildi və Azərbaycanın da bu proqrama üzv dövlət kimi qoşulmasının onun təhsil sisteminə müsbət təsir edəcəyi qeyd edildi. TİMSS beynəlxalq proqramını PİSA -dan fərqləndirən əsas cəhət onun yaşa görə deyil, siniflərə və kurrikulumlara görə qiymətləndirilməsidir. Eyni zamanda bu qiymətləndirmə 4 və 5 ildən bir aparılır və testlərin yerlərdə xüsusi araşdırma mərkəzləri tərəfindən təhlili üçün geniş imkanlar yaradılır. Bizi maraqlandıran daha bir məsələnin də öz həllini bu proqramda tapması TİMSS-ə qoşulmanı zəruriləşdirir. Belə ki, orta məktəb şagirdi kimi qiymətləndirilən təhsilalanın sonrakı nailiyyətləri gələcəkdə ali məktəb tələbəsi kimi də  qiymətləndirilir ki, bu da ölkənin müxtəlif təhsil pillələrində tədrisin keyfiyyəti barədə dolğun məlumat yaradır. TİMSS proqramının daha bir üstünlüyü oxu üzrə hazırlanan testlərin özünəməxsusluğudur. Əslində qavrama kimi təqdim olunan oxu testlərində hazırda aktual olan problemə, nitq mədəniyyəti ilə bağlı testlərə, suallara da yer verilir. TİMSS  beynəlxalq proqramının istiqamətlərindən biri də müəllim hazırlığının qiymətləndirilməsidir ki, bu da təhsilin vacib məsələlərindəndir.

Artıq qeyd edildiyi kimi, beynəlxalq qiymətləndirmə istənilən təhsil pilləsində summativ qiymətləndirmədən əvvəl keçirildiyinə və bunlardan birincisinin ikinciyə bilavasitə təsir etməsinə görə Azərbaycanın bir deyil, bir neçə beynəlxalq proqrama qoşulması məqsədəmüvafiqdir. 

 

Təranə HACIYEVA,

Təhsil Nazirliyinin Şagird nailiyyətlərinin 

qiymətləndirilməsi şöbəsinin müdir müavini