· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

  Yeni nəşrlər

"Sənətkar xoşbəxtliyi"

 

Qələm adamı olmaq, fikir, düşüncəni ağ vərəqdə "göyərdib" hamıya sevdirmək heç də bu peşəni sevənlərin hamısına nəsib olmur. Yazıçı-publisist Hacı Ağəddin Mansurzadə də yuxusuz gecələri hesabına araya-ərsəyə gətirdiyi yazıları ilə bir rahatlıq qazananlardandır.

Onun "Sənətkar xoşbəxtliyi" kitabını vərəqlədikcə yazdıqlarının həyat həqiqəti olduğuna bir daha inandım.

Mərhum xalq yazıçısı Hüseyn Abbaszadənin anadan olmasının 85 illiyinə həsr olunmuş kitabda müəllifin böyük sənətkarla bağlı müxtəlif illərdə qələmə aldığı beş yazı işıq üzü görmüşdür.

A.Mansurzadənin uzun müddət "Ədəbiyyat və incəsənət",  "Bakı" qəzetində işləməsi, yazıçı və şairlər haqqında məqalələrlə mətbuatda çıxış etməsi onun bədii əsəri qiymətləndirmək bacarığını göstərən önəmli faktlardandır. "Ədəbi portretlər", "Ədəbi söhbətlər", "Ədəbi mülahizələr" kitablarında toplanan çoxsaylı məqalələrdə Ağəddin Mansurzadənin tədqiqatçılıq bacarığı özünü aydın şəkildə göstərməkdədir.

Müxtəlif illərdə xalq şairi Bəxtiyar Vahabzadə, Şeyxülislam Allahşükür Paşazadə və görkəmli jurnalist, çoxlarının sevimli müəllimi olmuş Nəsir İmanquliyev haqqında Ağəddin Mansurzadənin yazıb çap etdirdiyi kitablar onu deməyə əsas verir ki, müəllif öz qəhrəmanlarının həyat və fəaliyyətlərini, yaradıcılıq nümunələrini, ən xarakterik məqamları üzərində dayanmağı, özünəməxsus tərzdə fikir və mülahizə yürütməyi bacaran zəhmətkeş qələm sahiblərindəndir.

Sözün keşiyində əsl qələm sahibi kimi dayanan A.Mansurzadənin qələmindən çıxan "Həyatın burulğanlarında", "Onbirinci xalq yazıçısı", "Yaxşı kişilərdən biri" və digər məqalələrində duyğulu bir ürəyin döyüntüsü sezilir.

Bütün yaradıcılığı ilə oxucu qəlbinə yol tapan müəllifin "Adiloğlu" nəşriyyatı tərəfindən çap olunmuş "Sənətkar xoşbəxtliyi" kitabı inanırıq ki, öz oxucu auditoriyasına yol tapacaq.

Ədalət DAŞDƏMİRLİ