· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Azərbaycan Təhsil Şurasının ümumi yığıncağı keçirildi

 

Yığıncaqda dövlət başçısı İlham Əliyevin Prezident seçkilərində namizədliyi irəli sürüldü

 

Aprelin 26-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında respublika Təhsil Şurasının ümumi yığıncağı keçirildi. Yığıncaqda təhsil naziri Misir Mərdanov, nazir müavinləri, millət vəkilləri, ali məktəblərin rektorları, digər təhsil qurumlarının rəhbərləri, Təhsil Şurasının üzvləri, tanınmış alimlər, təhsil ictimaiyyətinin nümayəndələri və media mənsubları iştirak etdilər.

 

Tədbir başlanmazdan öncə Təhsil Şurasının üzvləri və qonaqlar Fəxri xiyabana gələrək ümummilli lider Heydər Əliyevin, görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın xatirələrini yad etdilər, məzarları üzərinə tər çiçək dəstələri düzdülər. Sonra Şəhidlər xiyabanında uyuyan azadlıq mücahidlərinin, torpaqlarımızın bütövlüyü uğrundakı savaşlarda şəhid olmuş vətən övladlarının xatirəsi yad olundu, ruhlarına dualar oxundu.

Yığıncağı Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev açaraq zala toplaşanları salamladı, tədbirin mövzusu və iş qaydası ilə onları tanış etdi.

Sonra şura sədri "Son illərdə ölkəmizdə təhsil sahəsində görülmüş işlərin dəyərləndirilməsi" mövzusunda məruzə etdi.

Məruzəsinə ümummilli lider Heydər Əliyevin, ölkə Prezidenti İlham Əliyevin təhsilin əhəmiyyəti barədə dedikləri müdrik kəlamlarla başlayan professor Ə.Ağayev bildirdi ki, ölkəmizdə digər sahələrdə olduğu kimi, təhsil sahəsində də ulu öndər Heydər Əliyevin bütün fəaliyyəti boyu göstərmiş olduğu diqqət və qayğı, meydana gətirdiyi konseptual ideya əsasları möhkəm təməl rolunu oynamış, təhsilimiz, Heydər Əliyev məktəbinin layiqli varisi Prezident İlham Əliyevin səyləri və çevik siyasəti ilə dünyanın qabaqcıl ölkələrinin standartları tələblərinə cavab verən səviyyəyə qaldırılmışdır.

Bu günlərdə anadan olmasının 85 illiyi ölkəmizdə və ölkəmizdən kənarda tərəqqipərvər insanlar tərəfindən böyük istəklə keçirilən ulu öndər Heydər Əliyevin irsi bu gün inkişafımızın ideoloji qaynağı, fəaliyyət mənbəyidir.

Natiq dedi: - Müstəqil Azərbaycanın intibahının elə bir sahəsi yoxdur ki, orada Heydər Əliyevin uzaqgörən siyasəti təməl rolunu oynamasın. Təhsilə millətin gələcəyi kimi baxan ulu öndər "Təhsil sahəsi həyatımızın ən gərəkli, ən mühüm sahəsidir", - deyir, onun milli məqsədlər, mənafelər əsasında qurulmasını tövsiyə edirdi. Eləcə də ulu öndər dünyada mövcud ən qabaqcıl təcrübəni, texnologiyaları, elmi fikirləri öyrənməyi, milliliklə ümumbəşəriliyin vəhdətindən faydalanmağı vacib sayırdı.

Müstəqil Azərbaycanın memarı Heydər Əliyevin xalqımız qarşısındakı tarixi xidmətlərindən söz açan Ə.Ağayev qeyd etdi ki, böyük öndər azərbaycançılıq məfkurəsini meydana qoymaqla, milli vətənpərvərlik ideyasını irəli sürməklə yurdu Azərbaycan olan insanların mənəvi birliyini, qlobal mövcudluq dəyərini ərsəyə gətirdi. Dünyada tanınan ən ali siyasət müəllimi olaraq, müstəqil Azərbaycanın tam sərhədli xəritəsini dövlət başçılarının salonlarında nümayiş etdirdi və Azərbaycanı bütün dünyada tanıtdı. Azərbaycanlı gəncləri xarici ölkələrin yüksək imicli universitetlərinə təhsil almağa göndərərək, azərbaycanlı istedadının təbiiliyini nümayiş etdirdi. Ulu öndər iki dövlət, bir millət olan Türkiyə-Azərbaycan dostluğunu, qardaşlığını möhkəmləndirdi. öz nitqləri, çıxışları, məruzələri, ayrı-ayrı görüşlərdəki söhbətləri, fərmanları, sərəncamları ilə ölkəmizin təhsil strategiyasını müəyyənləşdirdi, təlimin məzmununa aydınlıq gətirdi, milli tərbiyə işinin konsepsiyasını verdi. Bir sözlə, azad, müstəqil, gözəlləşən, qüdrətlənən Azərbaycanın inkişafının özülünü qoydu, təməl möhkəmliyini yaratdı.

Məruzəçi məhz bütün bunların sayəsində və bu gün dövlətimizin başçısı İlham Əliyevin gərgin, ardıcıl səyləri, nikbin, qurucu baxışları ilə Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu, müasir dünyanın müasir ölkəsinə çevrilmək yoluna düşdüyünü vurğuladı. Qeyd etdi ki, 1998-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən irəli sürülən təhsil islahatı ideyası, 1999-cu ildə təhsil sahəsində islahat proqramı səviyyəsində təsdiqləndi və reallaşma yoluna düşdü.

1998-ci idən ötən 10 il ərzində görülmüş işlərin dinamikasını 1998-2003-cü illər və 2003-2008-ci illəri əhatə edən 2 dövrə ayıran Ə.Ağayev islahat proqramının üç mərhələdə (1999-cu il, 2000-2003-cü illər və 2004-cü ildən başlayan mərhələ) nəzərdə tutulduğunu, ötən müddətdə 130-a qədər konkret tədbir həyata keçirildiyini diqqətə çatdırdı və hər mərhələdə görülmüş işləri sadaladı. O qeyd etdi ki, 1998-2003-cü illərdə ulu öndərin göstərişləri ilə islahatın hüquqi-normativ bazası yaradıldı, təhsilin məzmunu (tədris proqramları və dərsliklər) yeniləşdirildi, məzmun milli dəyərlər əsasında hazırlandı, vətəndaş təhsili, vətəndaş cəmiyyəti quruculuğu sahəsində addımlar atıldı və digər quruculuq işlərinə başlandı.

2003-2008-ci illərdə təhsil sahəsində görülən işlər modern mahiyyətinə, çevikliyi və sürətliliyinə, genişliyi və qloballığına, texnoloji imkanlarına görə təkcə inkişafı ilə deyil, yeniləşmə tendensiyası ilə diqqəti cəlb etdi.

Məruzədə ölkə Prezidenti İlham Əliyevin təhsilin inkişaf etdirilməsində kompleks yanaşmadan istifadə etməsi siyasəti yüksək qiymətləndirilərək bunun nəticəsində həm məktəbin maddi-texniki bazasının, həm tədris təchizatının, tədris vəsaitlərinin, həm də yeni fəal və interaktiv təlim metodlarının, informasiya-kommunikasiya texnologiyalarının, istedadlara qayğının, beynəlxalq əlaqələrin, təhsil sistemindəki bütün təhsil strukturlarının, ən başlıcası, insan kapitalından məqsədyönlü istifadənin səmərəlilik səviyyəsinin və müasirləşmə sürətinin xeyli artdığı qeyd edildi. Vurğulandı ki, Prezident İlham Əliyevin təhsil sahəsinə diqqət və qayğısı yalnız iqtisadi-sosial mahiyyəti ilə deyil, mənəvi-psixoloji nikbinlik əhvalı ilə insanları ruhlandırır.

Son illər təhsil sahəsində görülmüş işlərin bəzi məqamlarına toxunan Ə.Ağayev məktəb tikintisi üzərində ayrıca dayandı. Qeyd etdi ki, dövlət başçısı İlham Əliyevin "Uşaqlar yaxşı məktəblərdə oxumalı, müəllimlər də yaxşı məktəblərdə işləməlidirlər" göstərişinin həyata keçirilməsi nəticəsində bu gün Azərbaycanda məktəb tikintisi, abadlaşdırma geniş vüsət almışdır. 2003-cü ildən bəri ölkədə 1200-dən çox yeni məktəb, əlavə korpuslar tikilmişdir. Bu sahədə Heydər Əliyevin adını daşıyan Fondun, Fondun prezidenti Mehriban xanım Əliyevanın əvəzsiz xidmətlərinin yüksək dəyərini Mehriban xanıma olan ümumxalq sevgisi, ehtiramı bir daha təsdiqləyir.

Məruzədə Milli Kurrikulumun hazırlanması və hökumət tərəfindən təsdiqi ölkədə təhsilin inkişafının mühüm göstəricilərindən biri kimi dəyərləndirildi. Qeyd olundu ki, Təhsil Şurasının keçirdiyi monitorinqlərdə müəllimlər Milli Kurrikulumu təhsilin məzmununu ağırlıqdan çıxaran, öyrənənlərin müstəqilliyini və yaradıcı imkanlarını artıran, qiymətləndirməni-nailiyyəti təmin edən bütün göstəricilərə görə aparan, şəxsiyyətyönümlü olan və fəallığı təmin edən aspektlərinə görə yüksək qiymətləndirmişlər.

Tədrisdə müasirləşməyə - fəal və interaktiv metodlardan istifadəyə geniş yer verilməsini də məruzəçi təhsildə yüksək dəyərə malik istiqamətlərdən biri sayaraq təlim metodlarının yeniləşdirilməsi və optimallaşdırılmasının əməli nəticələrinin müsabiqələrdə, ən yaxşı müəllim seçimlərində, elmi-praktik konfranslarda meydana çıxdığını, zaman keçdikcə genişləndiyini söylədi.

Ə.Ağayev diqqətə çatdırdı ki, dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi Azərbaycan iqtisadiyyatının inkişaf strategiyası, ölkəmizdə informasiya cəmiyyətinin bərqərar olması zərurəti və müasir elmi texnologiyaların mənimsənilməsi ilə bağlı məsələlər təhsil sisteminin keyfiyyətcə yaxşılaşdırılmasına, məzmunca müasirləşdirilməsinə xidmət edir.

ölkə başçısının "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramının (2005-2007-ci illər) təsdiq edilməsi haqqında" 2004-cü il 21 avqust tarixli sərəncamının icrası ilə bağlı aparılan araşdırmalar, orta məktəb şagirdlərinin müxtəlif beynəlxalq fənn olimpiadalarında və ali məktəblərə qəbul imtahanları zamanı nümayiş etdirdikləri bilik səviyyəsi göstərir ki, ölkənin bir sıra ümumtəhsil məktəblərində günün tələblərinə cavab verən innovativ təhsil üsullarının inkişaf etdirilməsi üçün kifayət qədər müasir təhsil mühiti formalaşmışdır.

Məruzədə ölkəmizin Avropa təhsil məkanına daxil olması istiqamətində atılan addımlara, ölkə Prezidentinin bu sahədə işləri daha da sürətləndirmək məqsədi ilə imzaladığı "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında" sərəncamına yüksək dəyər verildi. Qeyd olundu ki, təhsil sahəsində görülmüş işlərin keyfiyyətinin yüksəlməsində təhsil alanların və təhsil verənlərin fəal vətəndaşlıq mövqeyinin artmasında Prezidentin insan kapitalından daha səmərəli istifadəyə üstünlük verməsi, insanların qabiliyyəti, yaradıcı əməyi və təhsilin inkişafındakı xidmətlərinə görə dəyərləndirilməsi mühüm rol oynayır. Ali məktəbə yüksək fəallıqla qəbul olanların, ümumiyyətlə istedadlı gənclərin, xüsusi xidməti olan müəllimlərin, alimlərin Prezident təqaüdünə, fərqlənən təhsil və elm fədakarlarının fəxri adlara layiq görülməsi, digər mükafat və təltiflər insanları duyğulandırır, onları müstəqil Azərbaycanın inkişafında xidmətlərini daha da artırmağa və insanları örnək olası fəaliyyət nümunəsi göstərməyə sövq edir.

Məruzədə respublika Təhsil Şurasının ölkənin təhsil həyatında oynadığı roldan da bəhs olundu. Qeyd edildi ki, Şura tərəfindən indiyədək 100-dən artıq təklif irəli sürülmüşdür. Bu təkliflərdən fasiləsiz pedaqoji təhsil konsepsiyasının hazırlanmasında, Təhsil Qanunu layihəsində, dərsliklərin yeniləşdirilməsində, regional təhsil təcrübəsinin öyrənilməsi və müzakirəyə çıxarılması tədbirlərində, Heydər Əliyev irsinin öyrənilərək vətəndaş təhsili konsepsiyasının hazırlanmasında, Avropa təhsil məkanına qoşulma təcrübəsinin ümumiləşdirilməsində, pedaqoji fəaliyyətin elmi-nəzəri əsaslarının işlənməsində və digər onlarca hazırlanmış tədris-metodik sənədlərdə istifadə edilmişdir. Təhsil Şurası demək olar ki, hər həftə media mənsublarının müraciətinə cavab verir, təhsildəki bu və ya digər problemlərlə əlaqədar ədalətli və obyektiv dəyərləndirmə fikrini söyləyir. Valideynlərin, təhsil alanların, təhsil verənlərin qaldırdığı məsələyə, irəli sürdüyü təkliflərə çevik münasibət bildirir, faydalı təklifləri dəstəkləyir.

Professor Ə.Ağayev məruzəsinin sonunda Prezident İlham Əliyevin qayğısı və diqqətinin, fərman və sərəncamlarının Azərbaycanda təhsilin müasirləşmə mövqeli davamlı inkişafında mühüm əhəmiyyət daşıdığını bir daha qeyd edib, sevimli Prezidentimiz İlham Heydər oğlu Əliyevə vətənimizin inkişafı naminə fəaliyyətində yeni-yeni nailiyyətlər arzuladı.

Məruzə ətrafında çıxışlar oldu. Müzakirələrdə söz alan Azərbaycan Dövlət Pedaqoji Universitetinin kafedra müdiri, professor Əbdül Əlizadə, BDU-nun professoru Abuzər Xələfov, Sumqayıt şəhər 11 nömrəli orta məktəbin direktoru Ofeliya Babayeva, əməkdar müəllim Heybət Qədirov, Lənkəran rayonundakı Haftoni kənd orta məktəbinin direktoru Akif Xalıqov, Dövlət İdarəçilik Akademiyasının rektoru, professor Seyfəddin Qəndilov, Naxçıvan Dövlət Universitetinin rektoru, akademik İsa Həbibbəyli Təhsil Şurasının fəaliyyətini yüksək dəyərləndirərək, onun təhsilimizin inkişafında, bu sahədəki problemlərin aradan qaldırılmasında Təhsil Nazirliyinə, digər dövlət qurumlarına yaxından kömək göstərdiyini qeyd etdilər. çıxışlarda ümummilli lider Heydər Əliyevin xilaskarlıq missiyasından, dövlət quruculuğu sahəsindəki xidmətlərindən ətraflı söz açıldı, böyük öndərin ideyalarının, başladığı nəhəng quruculuq işlərinin onun layiqli davamçısı, ölkə Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyi, dövlət başçısı tərəfindən təhsilə davamlı qayğı göstərildiyi vurğulandı. çıxış edən natiqlər Azərbaycan Respublikasında 2008-ci ilin oktyabrında keçiriləcək Prezident seçkilərində ölkə başçısı İlham Əliyevin namizədliyini irəli sürdülər.

Yığıncaqda təhsil naziri Misir Mərdanov çıxış etdi. Tədbir iştirakçılarını salamlayan nazir Təhsil Şurasının iclasının ümummilli lider Heydər Əliyevin anadan olmasının 85 illik yubileyinin bütün ölkəmizdə təntənə ilə qeyd olunduğu bir vaxtda keçirilməsinin təsadüfi olmadığını, bu ictimai qurumun 1998-ci ildə çağırılmış Azərbaycan müəllimlərinin XI qurultayında məhz Heydər Əliyevin təşəbbüsü və dəstəyi ilə yarandığını bildirdi. Nazir bir qeyri-hökumət təşkilatı olaraq Təhsil Şurasının işini yüksək qiymətləndirib, fəaliyyət göstərdiyi dövrdə onun ulu öndər Heydər Əliyevin "Gərək bu şura  müstəqil olsun, ictimai təşkilat olsun, öz sözünü hökumətə, hakimiyyət orqanlarına desin və öz təkliflərini irəli sürsün" tövsiyələrinə daim sadiq qaldığını söylədi. ümummilli liderin müəllimlərin XI qurultayındakı tarixi çıxışında təhsil işçilərinin ünvanına dediyi dəyərli fikirləri xatırladan Misir Mərdanov Heydər Əliyevin bütün həyatı boyu müəllimlərə böyük hörmət bəslədiyini söylədi. Vurğuladı ki, məhz buna görə də "Mən dünyada müəllimdən yüksək şəxsiyyət tanımıram", - deyərək müəllim peşəsinə yüksək qiymət verən ulu öndərin şəxsiyyətinə nəinki müəllimlər, bütün xalqımız böyük hörmət və ehtiram göstərirlər. Böyük öndər Heydər Əliyevi tariximizin ən böyük azərbaycanlısı adlandıran təhsil naziri onun Azərbaycan xalqını, dövlətini yüksəltməklə, onu dünyaya tanıtmaqla özünün də xalqımızla bərabər yüksəldiyini, ən yüksək zirvəyə çatdığını söylədi.

Ulu öndərin ölkəmizdə əsasını qoyduğu böyük quruculuq işlərinin onun layiqli varisi Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən təhsil naziri ölkə başçısının apardığı praqmatik, dünyəvi siyasət nəticəsində son illər Azərbaycanda qlobal dəyişikliklərin baş verdiyini, digər sahələr kimi təhsil sistemində də bir çox irimiqyaslı proqram və layihələrin həyata keçirildiyini, yüzlərlə təhsil işçisinin dövlət mükafatlarına layiq görüldüyünü bildirdi.

Bütün bunlarla yanaşı, Azərbaycan təhsil işçilərinin qarşısında təhsili daha da inkişaf etdirmək baxımından ciddi və mühüm vəzifələr durduğunu qeyd edən M.Mərdanov təhsil işçilərini öz vəzifələrinə məsuliyyətlə yanaşmağa çağırdı.

Sonda Təhsil Şurasının ümumi yığıncağı məruzə və çıxışları dinləyərək qərar qəbul etdi. Qərarda deyilir:

- ölkə başçısı İlham Heydər oğlu Əliyevin Azərbaycan Respublikasında 2008-ci ilin oktyabrında keçiriləcək seçkilərdə prezidentliyə namizədliyi irəli sürülsün.

- "Son illərdə ölkədə təhsil sahəsində görülmüş işlərin müasir təhsil quruculuğunda əhəmiyyətli yer tutduğu qeyd edilsin.

- Azərbaycan Respublikasının Təhsil Şurasının Nizamnaməsinə uyğun olaraq bu ilin sentyabr ayında Azərbaycan müəllimlərinin XIII qurultayının çağırılması Təhsil Nazirliyinə təklif olunsun".

Bununla da ümumi iclas öz işini başa çatdırdı.

Yusif ƏLİYEV