· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

İki elm sahəsinin qaynağında formalaşmış görkəmli alim

 

Allah-taala hərəyə bir ömür payı verir. Bu ömrü hərə bir cür yaşayır. Bəziləri öz ağlı, əməli, zəhməti, ədəb-ərkanı ilə ona verilən həyatı gözəlləşdirir. Belələri xoşbəxtdir, həm cəmiyyətə, həm insanlara səadət bəxş edir, həm də özləri, ailələri, övladları yaşanmış bu ömürdən qürur, iftixar, fərəh hissi keçirirlər. Hər bir insan fəaliyyəti və xarakteri ilə özünü başqalarına təqdim edir. Bununla o, özünün "mən"ini yaradır. Ətrafındakılar, cəmiyyət, vətən üçün şəxsiyyət belə formalaşır. Belə mənalı ömür sahiblərindən biri də gənclik illərindən özünü məqsədyönlü şəkildə formalaşdırmağa çalışan akademik Abdulla Mehrabovdur.

 

Akademik A.Mehrabov deyəndə, ilk növbədə, xeyirxah, səmimi, qayğıkeş, əməlisaleh insan yada düşür. Kim nə deyir desin, bu bir həqiqətdir ki,  əməlisaleh adamlar həmişə xoş anılır, insanlığın zirvəsinə, niyyətin mənzilinə çatır, şan-şöhrət, hörmət və nüfuz qazanır.

Abdulla Mehrabovun yetkin bir şəxsiyyət kimi formalaşmasında onun özünün böyük səyi, özünənəzarət, özünütəsdiq bacarığı mühüm rol oynamışdır.

Biz Abdulla müəllimlə keçən əsrin 90-cı illərinin əvvəllərində o, Azərbaycan Respublikası xalq təhsili nazirinin müavini işlədiyi vaxt tanış olmuşuq. O, çoxpilləli təhsilin tətbiqi, texniki peşə təhsilinin inkişafı, qaçqın və məcburi köçkünlərin yaşadıqları şəraitdə orta ümumtəhsilin təşkili sahəsində xüsusi fəallıq göstərməsi ilə seçilirdi. Həmin dövrdə A.Mehrabovu daha çox şöhrətləndirən və bizim nəzərimizdə ucaldan onun nazir müavini, təhsil işçisi olması deyil, dəqiq elmlərin bilicisi, kamil nəzəriyyəçi alim, fizika sahəsində bir çox kəşflərin müəllifi kimi tanınması idi. "Bərk cisimlər fizikası", "İstilik fizikası və molekulyar fizika", "Bərk cisimlərin radiasiya fizikası" ixtisası üzrə dünya şöhrəti qazanmış bu şəxsi əlimiz çatmayan sahənin istedadlı nümayəndəsi hesab edirdik...

Tale elə gətirdi ki, 2001-ci ildən A.Mehrabov yenicə formalaşdırılmış Azərbaycan Respublikasının Təhsil Problemləri İnstitutuna rəhbərlik etməyə başladığı dövrdən əl-ələ verib bir yerdə işləməli olduq. O vaxtdan keçən 7 ildən artıq bir dövrdə Abdulla müəllimlə hər gün təmasdayıq. Bu illər ərzində onun fəaliyyətində bir sıra keyfiyyətləri kəşf etmişik.

İşə başlayanda əksər nəzəriyyəçilərin pedaqogikanı elm hesab etməmələrinə əsasən belə düşünürdük ki, yəqin professor Abdulla Mehrabov da  elə nəzəriyyəçilərdəndir və o, pedaqogikaya barmaqarası baxmaqla, yalnız öz ixtisası üzrə araşdırmalar aparacaqdır.  Pedaqoji aləmdə belə düşünənlər çox idi, lakin iki il çəkmədi ki, professor A.Mehrabov pedaqogikanın qlobal məsələlərinə, onun çox mübahisələrə səbəb olan  konseptual problemlərinə  bələd olduğunu sübuta  yetirməyə başladı.

O buna necə nail oldu? Hər şeydən əvvəl, pedaqoji tədqiqatları   ardıcıl izləməklə, görkəmli pedaqoqların əsərlərini təhlil edib, bəzi problemlərlə  əlaqədar onlarla polemikaya girməklə, mövqeyinin düzgün olduğunu sübuta yetirməklə. Professor A.Mehrabov bununla kifayətlənmədi, təhsil islahatı ilə əlaqədar qarşıya çıxmış ən yeni konseptual problemlər, xüsusilə  təhsilin vəziyyəti və onun idarə olunması, monitorinq və qiymətləndirmə, pedaqoji və informasiya-kommunikasiya texnologiyaları, şagird intellektinin inkişafı, təhsilimizin digər müasir problemləri üzrə dərin elmi axtarışlara girişdi. Bununla da  özünü pedaqogika elminin səriştəli  nəzəriyyəçisi kimi təsdiq etdi. Bu, onun dəqiq elmlərin nümayəndəsi olması, sürətlə təhliletmə, qavrama, inkişafetmə bacarığından irəli gəlir.

Keçmişi təhliletmə, gələcəyə istiqamətlənmə qabiliyyəti professor A.Mehrabovda çox güclüdür. O, həm də praktik kimi qəbul olundu. Təsadüfi deyildir ki, o, IX sinif üçün fizika dərsliyinin müəllifidir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin fizika fakültəsini fərqlənmə diplomu ilə bitirən (1962) A.Mehrabov 1963-1974-cü illərdə Azərbaycan Politexnik İnstitutunun  (hazırkı Texniki Universitetin) fizika kafedrasında müxtəlif vəzifələrdə (aspirant, assistent, baş müəllim, dosent, kafedra müdiri) çalışmış, 1975-1990-cı illərdə isə İnşaat Mühəndisləri Universitetində fizika kafedrasının müdiri vəzifəsində işləmişdir.

Professor Abdulla Mehrabov deyəndə xalqımızın görkəmli alimi, elm fədaisi göz önünə gəlir. Biliklərə əzmlə yiyələnmək, elmin zirvəsinə qalxmaq həmişə Abdulla müəllimin böyük arzularından, əsas məramlarından olmuşdur. Bu arzuların qanadında elmin enişli-yoxuşlu yollarında inamla addımlamış, neçə-neçə yuxusuz gecələr, narahat gündüzlər keçirmişdir. Əziyyətləri çox olmuş, lakin çəkdiyi zəhmət hədər getməmiş, gənc yaşlarında namizədlik (1967), sonralar doktorluq dissertasiyalarını (1983) müvəffəqiyyətlə müdafiə etmişdir.

Elmə bağlılıq, dərin təfəkkürə, iti ağıla, çevik məntiqə malik olması professor A.Mehrabovu dünya şöhrətli alimlərin sırasına çıxarmışdır. Amerika Beynəlxalq Bioqrafiya İnstitutu 2000-ci ildə "XXI əsrin astanasında" adlı çox sanballı bir kitab nəşr edib, burada dünya şöhrətli alimlər və onların fəaliyyəti barədə məlumatlar vermişdir. Həmin kitabda Abdulla müəllimin şəxsiyyəti haqqında olan məlumata və onun elmdə qazandığı uğurlara dair təhlilə də geniş yer verilmişdir.

Bəli, Azərbaycan aliminin adı, elmi uğurları dünyanı dolaşır. Beynəlxalq Ekoenergetika Akademiyasının görkəmli alimə verdiyi Qızıl medal bunu bir daha təsdiq edir. Professor A.Mehrabov bu böyük mükafata "Mürəkkəb həndəsi formalı konstruksiyalarda istiliyin paylanması problemləri"nin həlli ilə əlaqədar yaratdığı yeni dinamiki üsulların nəzəriyyəsinə və praktik nəticələrinə görə layiq görülmüşdür.

İllər bir-birini əvəz etdikcə Abdulla müəllimin elmi uğurlarının sayı və əhatə dairəsi də artmış və artmaqdadır. Professor A.Mehrabov birdən-birə iki akademiyaya - Nyu-York Elmlər Akademiyasına və Beynəlxalq Ekoenergetika Akademiyasına həqiqi üzv seçilmişdir.

Professor A.Mehrabov 12 dərslik və dərs vəsaitinin, 8 monoqrafiyanın, 14 ixtiranın, 32 elmi-metodik vəsaitin, xaricdə və ölkəmizdə nəşr olunmuş 400-dən artıq elmi məqalənin müəllifidir.

Abdulla müəllim ali məktəbdə dərs deməklə yanaşı, elmi kadrların yetişdirilməsi sahəsində də böyük əmək sərf etmişdir. Görkəmli alimin elmi rəhbərliyi ilə  40-dan çox  elmlər doktoru və elmlər namizədi yetişmişdir.

Professor A.Mehrabov öz şəxsiyyətində kamil bir insana, elm və təhsil fədaisinə, bacarıqlı, səriştəli təşkilatçıya xas olan önəmli keyfiyyətləri cəmləşdirmişdir. Onun özünəməxsus ünsiyyət mədəniyyəti hamını razı salır. Məhz bu baxımdan Abdulla müəllim təşkilatçılıq bacarığı ilə seçilir. Rəhbər kadrlara xas olan ən yaxşı keyfiyyətləri özündə birləşdirir.

Ulu öndərimiz cənab Heydər Əliyevin 13 iyun 2000-ci il tarixli, 349 nömrəli fərmanı ilə Təhsil Problemləri üzrə Respublika Elmi-Metodik Mərkəzi və Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutunun bazasında Təhsil Problemləri İnstitutu yaradıldı. Təhsil islahatının həyata keçirilməsinə əsaslı kömək göstərəcək, bütün tipdən olan təhsil ocaqlarında tədris və tərbiyənin səmərəli şəkildə qurulmasına istiqamət verəcək və bu sahədə fundamental tədqiqatlar aparacaq bu instituta direktor təyin etmək məsələsi yarım ildən artıq bir müddətdə müzakirə obyektinə çevrildi. Nəhayət, yeni istiqamətdə formalaşmış institut Abdulla Mehrabovun timsalında yeni direktorunu qəbul etdi.

Abdulla Mehrabovun gəlişi respublikada təhsil islahatının həyata keçirilməyə başlandığı bir vaxta təsadüf edirdi. İnstitutun strukturunda dəyişikliklər aparıldı, yeni-yeni şöbələr, bölümlər, mərkəzlər yaradıldı. Qısa müddətdə ümumtəhsilin Milli Kurrikulumu, fənn kurrikulumları hazırlandı və təsdiq olundu. Elmi-tədqiqatın, dissertasiyaların mövzuları müəyyənləşdirilərkən təhsil islahatının, bu günümüzün  tələbləri, dünya təhsil sisteminə inteqrasiyadan irəli gələn problemlər diqqət mərkəzində dayandı.

Vaxtilə fizikanın nəzəri məsələləri üzrə tədqiqatlar aparan professor A.Mehrabov institutda fəaliyyətə başladığı ilk günlərdən təhsilimizin, təlim və tərbiyənin ən aktual problemlərini araşdırmağa başladı, bu günümüzlə səsləşən məqalələr, kitab və monoqrafiyalar qələmə aldı, mətbuatda, televiziyada çıxışları ilə diqqəti cəlb etdi. "Azərbaycan təhsilinin aktual problemləri" kimi çox qiymətli monoqrafiyası işıq üzü gördü. "Təhsil sistemində monitorinq və qiymətləndirmə", "Pedaqoji texnologiyalar", "Şagird intellektinin inkişafı", "Testologiya və müasir təhsil", "Təhsil marketinqinin əsasları" və s. kitabları çap olundu.

Professor A.Mehrabov instituta rəhbərlik etdiyi 7 il ərzində təhsilin inkişafındakı xidmətlərinə görə "Tərəqqi" medalı ilə təltif olundu, "Respublikanın əməkdar müəllimi" adını aldı, Rusiya Təhsil  Akademiyasının həqiqi üzvü seçildi. 2003-2005-ci illərdə pedaqoji elmlər üzrə Azərbaycan Dövlət Pedaqoji Universitetin nəzdindəki dissertasiya şurasının həmsədri oldu. Təhsil Problemləri İnstitutunda fəaliyyət göstərən pedaqoji elmlər üzrə şuranın sədri, Təhsil Problemləri İnstitutunun "Elmi əsərlər"inin baş redaktoru, respublikada  tədqiqatları əlaqələndirmə şurasının sədridir.

Bu gün onun rəhbərlik etdiyi institut yeni həyatını yaşayır. Gələcəyinə, təhsilimizin sabahına nikbin nəzərlə baxmaqla yanaşı, keçmişini də unutmur. İnstitutda təhsili cəmiyyətin tələbatına uyğun dəyişmək yolunda böyük işlər aparılır.

Həzrəti Məhəmməd Peyğəmbərin (ə.s.) belə bir hədisi var: "Aramızda əxlaqı gözəl olanları fərqləndirin". Akademik A.Mehrabov belə əxlaqı gözəl olan şəxslərdəndir. O, gözəl insandır, istedadlı alimdir, yaxşı yoldaş və dostdur.

Hamımızın hörmət bəslədiyimiz, pedaqoji ictimaiyyət arasında nüfuz sahibi olan akademik Abdulla Mehrabov bu gün ömrünün 70-ci ilini salamlayır. Həyata və insanlara həmişə nikbin nəzərlərlə baxan, insanlığın, elmin zirvələrini fəth edən, yorulmağın nə demək olduğunu bilmədən  yazıb-yaradan, respublikada analoqu olmayan elm və təhsil müəssisəsinə uğurla rəhbərlik edən Abdulla müəllimi ömrünün 70, əmək fəaliyyətinin 50 ili münasibətilə təbrik edir, ona uzun ömür,  möhkəm cansağlığı, şəxsi həyatında və axtarış yollarında yeni-yeni uğurlar arzulayırıq.

Yəhya KƏRİMOV,

pedaqoji elmlər doktoru, professor, Beynəlxalq Pedaqoji 

Elmlər Akademiyasının akademiki,

 Akif ABBASOV,

pedaqoji elmlər doktoru, professor, 

Azərbaycan Yazıçılar Birliyinin üzvü