· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Dağıstan Prezidenti Muxu Əliyevə Bakı Dövlət Universitetinin fəxri doktoru adı verildi

İyunun 27-də Bakı Dövlət Universitetində Dağıstan Prezidenti Muxu Əliyevə BDU-nun fəxri doktoru adı verilməsi münasibətilə təntənəli mərasim olmuşdur.

Universitetdə Dağıstan Prezidenti mehribanlıqla qarşılanmış, tələbələr hörmətli qonağa gül dəstələri təqdim etmişlər. Muxu Əliyev universitetdə fəaliyyət göstərən Heydər Əliyev Muzeyinin eksponatları ilə tanış olmuş, muzeyin fəxri qonaqlar kitabına ürək sözlərini yazmışdır.

BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov mərasimi açaraq, Azərbaycan və Dağıstan xalqlarının çoxəsrlik dostluq telləri ilə bir-birinə sıx bağlı olduqlarını qeyd etmişdir. O bildirmişdir ki, Dağıstanda Azərbaycanın görkəmli siyasi xadimi, Böyük Vətən müharibəsi illərində bu qardaş respublikaya rəhbərlik etmiş, onun inkişafına böyük töhfələr vermiş Əziz Əliyevin xatirəsinə dərin ehtiram bəsləyirlər.

BDU-nun rektoru Dağıstan Prezidentinin həyat və fəaliyyətinin əsas mərhələlərini qeyd etmişdir. Sonra hörmətli qonağa müsəlman Şərqində ilk dünyəvi ali məktəb olan Bakı Dövlət Universitetinin yaranma tarixi barədə məlumat verilmişdir. Bildirilmişdir ki, hazırda BDU-nun 16 fakültəsində 18 mindən çox tələbə təhsil alır. Tələbələrdən təqribən 1300 nəfəri 20 xarici ölkəni, o cümlədən 900 nəfəri Türkiyəni təmsil edir. Universitetdə 1300-dən artıq müəllim işləyir. Onlardan təqribən 300 nəfəri elmlər doktoru, professordur, 14 nəfəri Milli Məclisin deputatıdır.

Abel Məhərrəmov ümummilli lider Heydər Əliyevin təhsil sahəsində siyasətinin Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirilməsini vurğulayaraq qeyd etmişdir ki, təhsil prosesinin modernləşdirilməsinə, yeni məktəb binaları tikilməsinə, azərbaycanlı gənclərin xarici dövlətlərin aparıcı ali məktəblərində təhsil almasına yönəlmiş çoxsaylı dövlət proqramları qəbul edilmişdir. Sonra Abel Məhərrəmov Prezident Muxu Əliyevin Azərbaycan ilə Dağıstan arasında dostluq və qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində, təhsilin inkişafında xidmətlərinə görə ona BDU-nun fəxri doktoru adı verilməsi haqqında universitetin Böyük Elmi Şurasının 2008-ci il 24 iyun tarixli qərarını oxumuşdur.

Dağıstan Prezidentinə BDU-nun fəxri doktoru mantiyası, diplom və hədiyyə təqdim edilmişdir.

Muxu Əliyev onu bu şərəfə layiq görmüş Azərbaycanın ən qocaman ali məktəbinin Elmi Şurasının üzvlərinə təşəkkürünü bildirərək onları əmin etmişdir ki, Dağıstan-Azərbaycan münasibətlərinin daha da möhkəmlənməsi üçün əlindən gələni edəcəkdir. O, Rusiya-Azərbaycan əlaqələrindən söhbət açaraq, bu əlaqələrin yüksək dinamikaya malik olduğunu qeyd etmiş və mərasim iştirakçılarına səfər çərçivəsində Azərbaycan rəhbərləri ilə keçirilmiş ikitərəfli əməkdaşlığın genişləndirilməsi perspektivlərinin müzakirə olunduğu görüşlər barədə məlumat vermişdir.

Dağıstanda ictimai-siyasi vəziyyət barədə söhbət açan Muxu Əliyev qeyd etmişdir ki, əhalinin təhlükəsizliyinin təmin edilməsi, bəzi sosial problemlərin, xüsusən yeni iş yerlərinin yaradılması, yoxsulluğun aradan qaldırılması məsələlərinin həlli respublika rəhbərliyinin siyasətinin öncül istiqamətidir.

Prezident Muxu Əliyev bildirmişdir ki, Dağıstan etnik azərbaycanlıların da yaşadığı çoxmillətli respublikadır, eyni zamanda Azərbaycanın bir sıra regionlarında etnik dağıstanlılar yaşayırlar. Milli mədəniyyətin qorunub saxlanması üçün görülən tədbirlər Azərbaycan və Dağıstan arasında qardaşlıq əlaqələrinin möhkəmlənməsinə xidmət edir.

Dağıstan rəhbəri ümummilli lider Heydər Əliyev ilə görüşləri barədə xatirələrini bölüşmüşdür.

Muxu Əliyev BDU-ya rəsm əsəri və xatirə hədiyyəsi bağışlamışdır.