· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Yaponiya səfirliyində imzalanma mərasimi

İyunun 27-də Yaponiyanın Azərbaycandakı səfirliyində Yaponiya  hökumətinin "Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı Proqramı" çərçivəsində həyata keçiriləcək 4 layihə üzrə müqavilələrin imzalanma mərasimi keçirildi.

 

Mərasimdə Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov, səhiyyə nazirinin müavini Elsevər Ağayev, müqavilələri imzalayacaq qeyri-hökumət təşkilatlarının və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak edirdilər.

Qonaqları salamlayan Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Masamitsu Oki onları burada görməsindən məmnunluğunu ifadə etdi və imzalanacaq layihələrin hazırlanmasında əməyi olanlara təşəkkürünü bildirdi.

Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra Yaponiya hökumətinin öz yardımını bu ölkədən heç zaman əsirgəmədiyini diqqətə çatdıran səfir həyata keçirilən layihələrin Cənubi Qafqazda sabitliyin saxlanılmasına öz töhfəsini  verəcəyinə əmin olduğunu söylədi.

İndiyədək bu proqram çərçivəsində Azərbaycan Respublikasında ayrı-ayrı sahələr üzrə ümumi məbləği 7.327.691 ABŞ dolları olan 106 layihənin həyata keçirildiyini deyən səfir daha sonra jurnalistlərə bu gün imzalanacaq qrant müqavilələri haqqında məlumat verdi.

Sonra çıxış üçün söz Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanova verildi.

Yaponiya hökumətinin Azərbaycanda xüsusilə təhsil sahəsinə böyük maddi dəstək göstərdiyini deyən nazir "Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı Proqramı" çərçivəsində əhəmiyyətli tədbirlərin həyata keçirildiyini qeyd etdi. O, yardımların bununla bitmədiyini, adıçəkilən Proqramdan kənarda bir çox mühüm işlərin görüldüyünü vurğuladı. Yaponiyanın maliyyə vəsaiti hesabına ən çox ehtiyac duyulan ucqar kəndlərdə məktəblərin tikilməsini təqdirəlayiq hal kimi dəyərləndirən Misir Mərdanov bütün bunlara görə ölkənin təhsil işçiləri adından cənab səfirə təşəkkür etdi.

Səhiyyə nazirinin müavini Elsevər Ağayev bu proqram çərçivəsində həyata keçirilən tədbirlərin Azərbaycanda ilkin tibbi yardımın səviyyəsinin yüksəlməsində böyük əhəmiyyətindən danışdı və görülən işlərə görə cənab səfirə minnətdarlığını bildirdi.

Sonra ümumi dəyəri 351289 ABŞ dolları olan Ağcabədinin Taxtakörpü kəndində məcbüri köçkün məktəbi və Şəkinin Dərəcənnət kəndində məktəb tikintisi, Zaqatalanın Faldarlı və İmişlinin Xələfli kəndlərində ilkin təcili tibbi yardım məntəqələrinin tikintisi layihələri üzrə qrant müqavilələri imzalandı. Sənədləri Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Masamitsu Oki və icraçı qeyri-hökumət təşkilatlarının nümayəndələri imzaladılar.

 

Hicran ƏKBƏROVA