· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Şirin xatirəyə çevrilən buraxılış gecəsi

İyunun 25-də  Azərbaycan Memarlıq və İnşaat Universitetində 2007-2008-ci tədris ili məzunlarının təntənəli buraxılış gecəsi keçirildi. Mərasim başlamazdan əvvəl tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin universitetin həyətində ucaldılmış abidəsi önünə gələrək, onun xatirəsini ehtiramla yad edib, əklil və tər qərənfillər qoydular.

Tədbiri açıq elan edən universitetin rektoru Gülçöhrə Məmmədova qeyd etdi ki, hər il təlim-tərbiyə ocağında məzunlarla bağlı görüşlər keçirilir və bugünkü mərasim də həmin tədbirlərin davamıdır.

ölkə başçısı cənab İlham Əliyevin respublikamızda elm və təhsilin inkişafına göstərdiyi qayğısından, dünya təhsil sisteminə inteqrasiya olunmasındakı xidmətlərindən danışan rektor vurğuladı ki, universitetin professor-müəllim heyəti qarşısında duran əsas vəzifə tələbələrə dərin bilik vermək, onları dövlətçiliyimizə sədaqət ruhunda tərbiyə etməkdirsə, tələbələrin də başlıca vəzifəsi elmin sirlərinə dərindən yiyələnməkdir.

Bu tədris ilində universitetin bakalavr və magistr pillələrini 1002 tələbə bitirir. Onlardan 54 nəfəri xarici ölkə vətəndaşıdır. Təhsilin bakalavr pilləsindən 30, magistrlərdən isə 27 nəfər fərqlənmə diplomuna layiq görülmüşdür.

Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov bildirdi ki, ümummilli lider Heydər Əliyevin siyasi kursu cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təhsil sahəsində aparılan uğurlu islahatlar məhz ölkə başçısının adı ilə bağlıdır. Sizin universitetinizin də həyatında müvəffəqiyyətli addımlar atılır və inanıram ki, bu işlər davam etdiriləcəkdir. Təhsilin keyfiyyəti artır, xarici ölkələrin ali məktəbləri ilə əlaqələr inkişaf edir. Son 10 il ərzində Azərbaycan gənclərinin xaricdə təhsili ilə bağlı dünyanın 2 böyük ölkəsi ilə hökumətlərarası saziş imzalanmışdır. Biliyi olan hər bir gənc dövlətin vəsaiti hesabına xaricdə təhsil alıb ölkəmizin ayrı-ayrı sahələrində öz fəaliyyətlərini davam etdirə bilər. Bu gün Azərbaycandan kənarda 3000-dən çox gənc təhsil alır. Eyni zamanda ölkəmizdə təhsil alan əcnəbi tələbələrin də sayı durmadan artır. Digər vacib məqamlara da toxunan nazir tələbələri təbrik edərək onlara tövsiyələrini verdi.

Məzunların buraxılış gecəsində çıxış edən qonaqlardan idman və gənclər naziri Azad Rəhimov, Bakı metropoliteninin rəisi Tağı Əhmədov ölkə iqtisadiyyatının inkişafından, tikinti və quruculuq işlərinin geniş vüsət almasından söhbət açdılar və bu işlərin görülməsində Azərbaycan Memarlıq və İnşaat Universitetinin kadrlarına həmişə böyük ehtiyac olduğunu vurğuladılar. Sonra məzunlardan Sevil Məmmədova və Aidə Sədəfzadə çıxış edərək öz xoş arzularını bildirdilər. Mərasimin rəsmi hissəsinin sonunda təhsil naziri Misir Mərdanov, idman və gənclər naziri Azad Rəhimov, Bakı metropoliteninin rəisi Tağı Əhmədov və təhsil nazirinin müavini Elmar Qasımov məzunlara Fəxri fərman və diplomlar təqdim etdilər.

Məzunların buraxılış gecəsi incəsənət ustalarının maraqlı konsert proqramı ilə davam etdi.

 

Fazil İDRİSOĞLU,

foto müəllifindir