· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

700 bal toplamış məzun

Telefonun dəstəyini qaldırdım. Zəng edən Bakıdakı 39 nömrəli məktəbin direktoru Qaçay Tamoyev idi. O, sonsuz fərəh hissi ilə bildirdi ki, məktəbin bir məzunu ali məktəbə qəbul imtahanında ən yüksək nəticə göstərərək 700 bal toplayıb. Qaçay müəllimin bu sözlərinə biz də ürəkdən sevindik. Elə həmin gün məktəbdə görüşdük. Direktor təhsil ocağının uğurlarından qısaca bəhs edərək dedi:

 

- Bu il məktəbi 114 gənc bitirib. Onlardan 88-i ali məktəblərə qəbul olunmaq üçün sənəd vermişdi. Məzunlardan 56 nəfəri artıq müxtəlif ali məktəblərə qəbul olunub. İki yetirməmiz 600-dən yuxarı bal toplayıb.1 məzunumuz - Mirzəyev Rəşad Rəfail oğlu isə ən yüksək nəticə göstərib. 700 bal toplayaraq ali məktəbə qəbul olunub. Bu, şagirdlərin və müəllim kollektivinin sevincinə səbəb olub.

Söhbətin bu məqamında Rəşad atası Rəfail kişi ilə məktəbə gəldi. Onu uğuru münasibəti ilə təbrik etdik. Rəşadın dediklərindən:

- Mən 1991-ci ildə Bakı şəhərində anadan olmuşam. 2008-ci ildə Bakıdakı 39 nömrəli məktəbin XI sinfini əla qiymətlərlə bitirdim. Sənədlərimi III qrupa verdim. Bu qrup üzrə iyunun 29-da  keçirilmiş imtahanda iştirak edərək nəzərdə tutulmuş 125 sualın hamısına cavab yazdım. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının apardığı yoxlamanın nəticələrinə görə suallara verdiyim düzgün cavablar 700 balla qiymətləndirildi. Beləliklə, arzum həyata keçdi. Azərbaycan Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının beynəlxalq münasibətlər fakültəsinə qəbul olundum. Buranı yüksək qiymətlərlə bitirdikdən sonra məqsədim təhsilimi xaricdə - Böyük Britaniyanın Oksford Universitetində davam etdirməkdir. Arzum gələcəkdə səfir olmaqdır. Doğma Azərbaycanımı xaricdə təmsil edərək ona yalnız və yalnız uğurlar gətirməkdir. Qazandığım bu yüksək uğura görə, ilk növbədə, valideynlərimə, məktəbimizin direktoru Qaçay müəllimə,  tarix müəllimim Gülüş Səlimovaya, Azərbaycan dili və ədəbiyyat müəllimim Nüşabə Vəliyevaya, riyaziyyat müəllimim Kifayət Məmmədovaya, ingilis dili müəllimlərim Svetlana Ləzgiyeva və Suğra Mahmudovaya, eyni zamanda bu qələbəmə ən çox sevinən müəllimlərim Səidə Nadirova və Gözəl Qarayevaya minnətdarlığımı bildirirəm. Onların etimadını doğrultduğum üçün özümü dünyanın ən xoşbəxti sanıram…

Biz də Rəşad Mirzəyevi qazandığı bu yüksək uğura görə təbrik edir, ona: "Arzuların çin olsun", - deyirik!

 

Ədalət DAŞDƏMİRLİ