· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

700 bal toplamış məzun

 

"Əldə etdiyim uğura görə valideynlərimə və müəllimlərimə minnətdaram"

 

Aldığımız məlumata görə, Bakıdakı 70 nömrəli pilot məktəb-liseyin builki məzunlarından biri ali məktəbə qəbul imtahanlarında ən yüksək nəticə göstərərək 700 bal toplamışdır. Bunu öyrənmək üçün telefon vasitəsilə məktəbin direktoru Nazim Qasımovla əlaqə saxladıq. Məlumatı təsdiqləyən Nazim müəllim məktəb-liseyin nailiyyətlərindən qısaca bəhs edərək dedi:

- 2007-2008-ci tədris ilində məktəbi 170 gənc bitirib. Onlardan 159-u ali məktəblərə qəbul olmaq üçün sənəd vermişdi. Məzunlardan 84 nəfəri artıq müxtəlif ali məktəblərə qəbul olunub. Səkkiz yetirməmiz 600-dən yuxarı bal toplayıb. 1 məzunumuz - Babayev Rüfət Yaşar oğlu ən yüksək nəticə göstərib, 700 bal toplayaraq ali məktəbə qəbul olunub. Əlbəttə, bu uğur şagirdlərimizi və müəllimlərimizi çox sevindirib.

Redaksiyamızın qonağı olan Rüfət Babayev qazandığı nailiyyətdən ruhlanaraq sevincini belə ifadə etdi:

- Mən 1991-ci ildə Bakı şəhərində dünyaya göz açmışam. I və II sinifləri Qəbələ rayonunun Zaraqan kənd orta məktəbində oxumuşam. 2008-ci ildə Bakıdakı 70 nömrəli pilot məktəb-liseyi əla qiymətlərlə başa vurmuşam. Onu da deyim ki, X və XI siniflərdə oxuyarkən paralel olaraq "çağ" öyrətim MMC şirkətinin "Araz" hazırlıq kursunda da təhsil almışam. Sənədlərimi I qrupa verdim.

Bu qrup üzrə iyunun 8-də keçirilən imtahanda iştirak edərək 125 sualın hamısına cavab yazdım. Cavablarımın düzgünlüyünə əmin olsam da, nigarançılıq məni üzür, bərk həyəcan keçirirdim. Nəhayət, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası imtahanların nəticələrini açıqladıqdan sonra 700 bal topladığımı öyrənib rahatlıq tapdım. Beləliklə, arzuma çatdım. "Qafqaz" Universitetinin avtomatlaşdırılmış sistemlərin və hesablama texnikasının proqram təminatı (ingilis dilində) ixtisasına qəbul olundum. İstəyim bu elm ocağını əla qiymətlərlə başa vurduqdan sonra təhsilimi ABŞ-ın Troy Universitetində davam etdirməkdir. Yeri gəlmişkən qeyd edim ki, I qrupda 700 bal toplamış yeganə məzun mən olmuşam. Arzum kamil savada yiyələnərək Vətənə layiq yüksək intellektli gənc kimi yetişmək, müstəqil Azərbaycana ləyaqətlə xidmət etmək, ona yalnız uğurlar gətirməkdir. Əldə etdiyim uğura görə valideynlərimə və müəllimlərimə minnətdaram, onların ümidlərini həmişə doğrultmağa söz verirəm.

Biz də öz növbəmizdə Rüfət Babayevi qazandığı bu yüksək nəticəyə görə təbrik edir, ona daha yeni uğurlar diləyirik.

 

Nizami MİRZƏ