· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Narkomaniyaya yox deyək

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-na Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə 10 sentyabr 2008-ci il tarixindən "İnkişaf" Sosial və İqtisadi Araşdırmalar İctimai Birliyi tərəfindən "Orta məktəblərdə narkomaniyaya qarşı təbliğat kampaniyasının təşkili" layihəsi həyata keçirilir. Layihə çərçivəsində Bakı və Şirvan şəhərlərinin məktəblərində "Narkomaniyaya qarşı mübarizə" sənədli filmi nümayiş etdirilmiş, təbliğat xarakteri daşıyan "Narkomaniyaya yox deyək!" bukletləri paylanmışdır. Məruzələrdə narkomaniyanın insan orqanına mənfi təsirlərindən və cəmiyyətə gətirdiyi bəlalardan danışılmış, uşaqların fikirləri öyrənilmişdir. Sonda isə şagirdlərin arasında "Narkomaniyanın xətaları" adlı rəsm müsabiqəsi keçirilmişdir. Müsabiqədə iştirak edən beş şagirdin rəsmləri münsiflər tərəfindən seçilmişdir. Layihənin nəticələrinə dair dekabrın 26-da keçiriləcək mətbuat konfransında qaliblər diplom və mükafatlarla təltif olunacaqlar.

 

 

 

  

 

Diaspora nümayəndələri BSU-da

Dekabrın 13-də Dünya Azərbaycanlılarının Koordinasiya Şurasının iclasında iştirak edən müxtəlif ölkələrdən gəlmiş diaspora nümayəndələri BSU-nun qonağı oldular. Soydaşlarımız universitetlə yaxından tanış oldular.

 BSU-da fəaliyyət göstərən "Heydər Əliyev məktəbi" radio qovşağından universitetdaxili efirə çıxaraq görülən işlər barədə ətraflı məlumat verildi. BSU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor K.Abdullayevlə görüşən diaspora nümayəndələri BSU ilə təmsil etdikləri ölkələrin ali təhsil ocaqları arasında gələcəkdə həyata keçiriləcək tədbirlər barədə müzakirələr apardılar.

Şakir CƏFƏROV

 

 

 

 

 

"Xurşidbanu Natəvan" tamaşası yeni quruluşda

Dekabrın 24-də Azərbaycan Dövlət Opera və Balet Teatrında Qafqaz Universitetinin teatr dərnəyinin hazırladığı "Xurşidbanu Natəvan" tamaşasının təqdimatı oldu. Tamaşadan əvvəl çıxış edən Qafqaz Universitetinin rektoru Ahmet Saniç bildirdi ki, son 2 il ərzində universitetin teatr dərnəyinin üzvlərinin iştirakı ilə F.Karrintinin "Təhsil haqqını geri qaytarın", Ağalar Mehdiyevin "Başlanğıc", Əli Əhmədlinin "Qanlı Bənövşə" tamaşaları səhnələşdirilmişdir.

Görkəmli dramaturq İlyas Əfəndiyevin tarixi mövzuda qələmə aldığı "Xurşidbanu Natəvan" əsərini tələbələr yeni quruluşda təqdim etmişlər. Sənətşünaslıq namizədi Zəminə Axundovanın quruluş verdiyi tamaşada baş rolları Qafqaz Universitetinin tələbələri Könül Hacıyeva və Fuad Cəfərli oynayırdılar. Böyük uğurla keçən tamaşa universitetin tələbə və müəllimləri, dəvət olunmuş qonaqlar tərəfindən dəfələrlə alqışlandı. Tamaşanın sonunda çıxış edən "çağ" öyrətim işlətmələri şirkətinin prezidenti Ənvər özərən tələbələri uğurlu çıxışları münasibəti ilə təbrik etdi və fərqlənənlər mükafatlandırıldılar.

 

Lalə YUSİFQIZI