· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Kurrikulumlar və onların xarakterik cəhətləri

Biz dünyanın bütün ölkələrində - Qərbdə də, Şərqdə də əldə olunmuş nailiyyətləri dərindən öyrənməli və onlardan Azərbaycan üçün müsbət xarakter daşıyan cəhətləri ölkəmizin təhsil sistemində tətbiq etməliyik.

 Heydər ƏLİYEV

 

ölkəmizdə həyata keçirilən kurrikulum islahatı mərhələli proses olmaqla, innovasiyalara əsaslanan və əvvəlcədən müəyyən edilmiş real nəticələrə istiqamətlənmiş geniş fəaliyyət sahəsinə çevrilmişdir. Burada atılan hər bir addım düşünülmüş qərara əsaslanır. Həmin qərarların istinad nöqtəsi isə müntəzəm aparılan müzakirə və diskussiyalar, onların obyektiv sonluğunu maddiləşdirən nəticələrdir. Minlərlə müəllimin bu və ya digər formada qatıldığı həmin müzakirə və  diskussiyalarda formalaşan, özünü təhsil həyatında reallaşdıran Azərbaycan təhsilinin kurrikulumları artıq pedaqoji ictimaiyyətin fəaliyyətinin vuran nəbzinə çevrilməkdədir.

ötən illərə nəzər salsaq, uğurlu nəticələr göz qabağındadır: "Azərbaycan Respublikasında ümumi  təhsilin Konsepsiyası (Milli Kurrikulumu)", hökumət tərəfindən qəbul olunmuş, ibtidai siniflər üçün fənn kurrikulumları təsdiq edilmişdir. Cari tədris ilindən fənn kurrikulumları respublikanın ümumtəhsil məktəblərinin birinci  siniflərində tətbiq olunmağa başlamışdır. Minlərlə müəllim öyrədici kurslardan keşirilmişdir. Yeni fənn kurrikulumlarının tələblərinə uyğun hazırlanmış dərslik komplektləri məktəblərimizin istifadəsinə verilmişdir və s.

Dərs ilinin ötən yarımili ərzində yerlərdə fənn kurrikulumlarının tətbiqi vəziyyəti öyrənilərkən ümumi qənaət belə olmuşdur ki, bu sahədə müəllimlərin bəzi çətinlikləri olsa da, yeni təhsil modelinin maraq doğurduğu, şagirdlərdə fəallıq yaratdığı, yaradıcı fəaliyyətinə geniş imkanlar açdığı bu günümüzün reallığıdır.

Bunlarla yanaşı, təhsil kurrikulumlarında təsbit edilmiş təlim nəticələri, məzmun standartları, fəndaxili və fənlərarası inteqrasiya, təlim strategiyaları və qiymətləndirmə prinsiplərinin mahiyyəti haqqında elmi-nəzəri əsası olmayan fikirlər də meydana çıxır ki, bunlar da, heç şübhəsiz, pedaqoji ictimaiyyətdə müəyyən çaşqınlıq yarada bilər. Bu yazıda həmin məsələlərlə əlaqədar bəzi məqamlara aydınlıq gətirməyə çalışacağıq.

İlk növbədə, nəzərə alınmalıdır ki, yeni yaranan kurrikulumlar bütövlükdə pedaqoji ictimaiyyətin məhsulu olmaqla cəmiyyətimizin təhsillə bağlı  tələbatlarının təzahürü kimi meydana çıxmışdır. Milli Kurrikulum və fənn kurrikulumları beynəlxalq və milli məsləhətçilərin iştirakı ilə 400-ə qədər təhsil işçisini əhatə edən 23 işçi qrupu tərəfindən hazırlanmış, ictimaiyyətin müzakirəsinə verilmişdir. Toplanmış təkliflərə əsasən yenidən nəzərdən keçirilərək milli  səviyyəli bir sənəd kimi təsdiq edilmişdir.

Tətbiq olunduğu vaxtdan kurrikulumların reallaşdırılması istiqamətində monitorinqlərə başlanmışdır. İlkin təcrübə olduğundan əldə edilən  nəticələrə görə müəyyən dəyişikliklərin aparılmasına istisna hal kimi icazə verilmişdir. Lakin ümumi qaydalara görə, kurrikulumların milli səviyyədə qiymətləndirilməsi, müvafiq dəyişikliklərin  aparılması 4-5 ildən bir nəzərdə tutulur.

         

Kurrikulum praqmatik sənəddir

ümumiyyətlə, dünya təcrübəsində kurrikulumların hazırlanması istiqamətində aparılan araşdırmalar tətbiqi araşdırmalar hesab olunur. Ona görə ki, onların hazırlanmasında və tətbiqində, əsasən, pedaqoji ictimaiyyət, bilavasitə müəllimlər iştirak edir. Bu sənəd birbaşa pedaqoji prosesi təşkil edənləri, onu həyata keçirənləri istiqamətləndirir. ölkəmizdə hazırlanmış kurrikulumlar da həmin xarakterə malik olması ilə fərqlənir. Təcrübi əhəmiyyət daşıdığına görə praqmatik sənəd kimi qəbul edilir.

Yeri gəlmişkən qeyd etmək lazımdır ki, dünyada kurrikulum nəzəriyyəsinin formalaşdırılması istiqamətində indiyədək xeyli sayda tədqiqatlar aparılmışdır. Onun nəzəri əsasları, məzmun və forma xüsusiyyətləri, tipoloji və digər cəhətləri ilə bağlı yüzlərlə əsər yazılmışdır. Bu nəzəri tədqiqatlar, heç şübhəsiz, kurrikulumların hazırlanmasına, zaman-zaman onların yeniləri ilə əvəz olunmasına imkan yaratmışdır.

Azərbaycanda kurrikulum yaradıcılığı prosesinə başlanarkən ənənəvi olaraq təhsilin müxtəlif sahələrinə aid aparılmış tədqiqatlara, eyni zamanda beynəlxalq miqyasda kurrikulumların nəzəri və praktik problemləri ilə bağlı araşdırmalara istinad olunmuşdur. Nəticədə bu gün təhsilimizin müasir inkişaf səviyyəsini ifadə edən və praktik əhəmiyyəti ilə fərqlənən kurrikulumlar meydana çıxmışdır.

Məlum olduğu kimi, kurrikulumlarda ilkin olaraq təlimin məzmunu öz əksini tapır. Təlimin məzmunu ənənəvi proqramlardan fərqli olaraq nəticələr formasında verilir, bu nəticələr şagirdlərin yiyələnəcəkləri bilik və fəaliyyəti konkret ifadə etməklə çox şəffaf xarakter daşıyır. Mahiyyət etibarı ilə bacarıqlardan ibarət olan bu nəticələr minimum tələb kimi təsdiq olunduğundan həm də standart hesab edilir.

Hər bir dərslik yazmaq istəyən, təhsili idarə edən, məktəb kurrikulumlarını hazırlayan və nəhayət, təlim prosesinin təşkilatçısı olan şəxs bu nəticələrin  əldə olunması üçün özünəməxsus metodik sistem hazırlaya bilər. Bu zaman nəticələr bir standart olaraq hamı üçün nailiyyətin ölçü vahidi kimi diqqət mərkəzində saxlanılır. Bunlar isə nəticələrdən ibarət məzmun standartlarının əvəzsiz praktik əhəmiyyətə malik olmasını sübut edir.

"ümumtəhsil məktəblərinin I-IV sinifləri üçün fənn kurrikulumları" kitabının  ikinci hissəsindəki "Təlim strategiyaları", eləcə də "Şagird nailiyyətinin qiymətləndirilməsi" bölmələri də bilavasitə dərslik müəlliflərinin,  müəllimlərin praktik fəaliyyətini istiqamətləndirmək məqsədi ilə verilmişdir. Bütün bunlar hazırlanmış kurrikulumların praqmatik xarakterini daha da gücləndirir.

 

Məzmun standartlarının mahiyyəti

"Aparılan araşdırmalarda belə nəticəyə gəlinmişdir ki, təhsildə yaranan böhranların aradan qaldırılması üçün hələ 60-cı illərdən islahatların aparılmasına başlanılmışdır. Bu zaman cəmiyyət və onun təhsili arasında ciddi qarşılıqlı adaptasiyasının (uyğunlaşmanın) aparılmasının zəruriliyi qeyd edilmişdir. Bunun üçün isə təhsilin standartlaşması formalardan biri kimi təklif olunmuşdu" (Baydenko N.İ. Obrazovatelnoy standart. "Opıt sistemnoqo issledovaniya", Novqorod, 1999, səh. 15). Bu fikrə istinad etsək, təhsil sistemində standartların hazırlanmasına başlanılması məhz bu cür tədqiqatların nəticəsində mümkün olmuşdur.

Azərbaycanda təhsil standartlarının formalaşdırılması ilə bağlı təşəbbüslər ötən əsrin 90-cı illərinə təsadüf edir. Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə hazırlanıb 1995-ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyasında minimum təhsil standartlarının müəyyənləşdirilməsinin təsbit edilməsi bu sahədə irəliyə doğru atılan ən ciddi addım idi.

Azərbaycan hökuməti tərəfindən 1999-cu ildə təsdiq edilmiş "Azərbaycan Respublikasında ümumi orta təhsilin dövlət standartları" isə Konstitusiya tələbinin həyata keçirilməsi istiqamətində görülən ilk real tədbirlərdən biri oldu. Sonralar islahatın gedişi prosesində təhsil standartlarının hazırlanması sahəsində inkişaf etmiş ölkələrin təcrübəsi öyrənildi və 2005-ci ildən etibarən kurrikulum islahatı çərçivəsində yeni təhsil standartlarının  hazırlanmasına başlanıldı.

Artıq bu gün həmin standartlar kurrikulumlarımızda özünə xüsusi yer tutmuşdur. Təlimin məzmununu ifadə edən bu standartlar kurrikulumların əsasını təşkil etməklə mühüm əhəmiyyət daşıyır, öyrədilməsi  zəruri olanları ehtiva etməklə kurrikulum komponentləri arasında aparıcı yer tutur.

Bəzən yanlış olsa da, belə fikirlər səslənir ki, kurrikulumlarda təlim standartlarının mahiyyəti açıqlanmamışdır, bunun üçün müxtəlif çeşidli çalışmaların hazırlanmasına ehtiyac vardır. Belə düşünənlər çox böyük yanlışlığa yol verirlər. çünki çalışmalar, sadəcə olaraq, standartlarda nəzərdə tutulan nəticəni əldə etmək üçün vasitə rolunu oynayır. Fəlsəfi anlayış kimi "Mahiyyət maddi sistemin inkişafının əsas cəhət və meyillərini müəyyən edən dərin əlaqələrin, münasibət və daxili qanunların məcmusudur" (Fəlsəfə. Ensiklopedik lüğət. Müəllif kollektivi. "Azərbaycan Ensiklopediyası" Nəşriyyat-Poliqrafiya Birliyi. B., 1997, səh.268). Bu mənada məzmun standartı dedikdə onun nədən ibarət olması, hansı daxili məzmuna malik olması başa düşülür. Məzmun standartı mahiyyət etibarı ilə nəticə şəklində olub özündə konkret mənimsəniləcək biliyi və fəaliyyəti ehtiva edir. Bilik komponentində nəyin öyrədiləcəyi, fəaliyyət komponentində isə öyrənilənin necə nümayiş etdiriləcəyi göstərilir.

Fənn kurrikulumlarında hər bir əsas standart alt-standartlarla müşayiət edilir. Bu, bir neçə məqsədə nail olmağa imkan verir. Kifayət qədər ümumi formada ifadə olunan alt-standartlar müxtəlif təlim məqsədlərini reallaşdırmaq üçün onlara dönə-dönə müraciət etmək imkanı yaradır. Bir qayda olaraq əsas standart bir neçə sinifdə və hətta bütün təhsil pilləsi ərzində eyni formada ifadə olunur. Bu zaman sinifdən-sinfə keçdikcə əhatə olunan bilik və bacarıqların miqyası alt-standartlar vasitəsilə müəyyən olunur. Bu, həm də sinifdən-sinfə biliyin və fəaliyyətin necə inkişaf etdiyini izləməyə imkan verir. Digər tərəfdən, alt-standartların köməyi ilə  biliyin kateqoriyaları (deklarativ, prosedural, konseptual) və fəaliyyətin xüsusiyyətləri (bilmə, anlama, tətbiqetmə, təhliletmə, sintezetmə, dəyərləndirmə) hissələrə bölünür ki, bunlar da müəllimlərin təlim məqsədlərini müəyyənləşdirməsini asanlaşdırmağa xidmət göstərir.

Məsələn, ana dili üzrə I sinfə aid aşağıdakı əsas və alt-standartları nəzərdən keçirək.

Şagird:

2.1.Qarşılaşdığı yeni sözlərin mənasını başa düşdüyünü nümayiş etdirir.

2.1.1. Rast gəldiyi yeni əşya və hadisələri adlandırır.

2.1.2. öyrəndiyi yeni sözlərin mənasını sadə formada izah edir.

2.1.3. Yaxınmənalı və əksmənalı sözləri fərqləndirir.

2.1.4. öyrəndiyi yeni sözləri cümlə içərisində işlədir.

(ümumtəhsil məktəblərinin I-IV sinifləri üçün fənn kurrikulumları. Bakı, Təhsil, 2008, səh.21).

Göründüyü kimi, ana dili üzrə bir əsas standart və ona aid dörd alt-standart verilmişdir. Onlar şagirdin anlama səviyyəsini müəyyən etməyə yönəlmişdir. Əsas standartda ifadə olunan yeni sözlərin mənası bilik, "başa düşdüyünü nümayiş etdirmək" isə fəaliyyətdir. Fikrimizcə, burada standartın daxili məzmunu, mahiyyəti aydın şəkildə görünür, əlavə izaha ehtiyac qalmır.

Məzmun standartlarının mahiyyəti ilə bağlı ikinci yanaşma onların sıralanması, düzülməsi ardıcıllığındadır. Standartların sıralanmasının məntiqi müxtəlif fənlərdə müxtəlif ola bilər. Məsələn, ana dilində sadədən mürəkkəbə, riyaziyyatda məlumdan məchula, yaxud tarixdə xronologiya üzrə ola bilər. Bu zaman fənnin məzmunu üzrə bütün resurslardakı ardıcıllıq da həmin məntiqə əsasən qurulmalıdır. 

Kurrikulumlardan  danışarkən bir vacib məqam da qeyd olunmalıdır ki, hər bir fənn üzrə kurrikulumda məzmun xətləri müasir tələblər təhsil ehtiyacları nəzərə alınmaqla müəyyənləşdirilmişdir. Bu məsələ ilə bağlı fikirlərimizi riyaziyyat kurrikulumunun nümunəsində izah edəcəyik. Son otuz ildə statistika (çox vaxtlar məlumatların analizi və ehtimal adı altında) inkişaf etmiş ölkələrin riyaziyyat kurrikulumlarının vacib komponentinə çevrilmişdir. 1989-cu ildə Amerika Riyaziyyat Müəllimləri Şurasının (NCTM  National Council of Teacher of Mathematics) qəbul etdiyi və sonralar Amerikanın bütün ştatları, Kanada və digər bir sıra dövlətlər üçün əsas kimi qəbul olunan kurrikulumlara məlumatların analizi və ehtimal ayrıca məzmun xətti kimi daxil edilmişdir (bax: National Council of Teacher of Mathematics (1989), Curriculum and Evaluation Standards  for School Mathematics.  Reston, VA: The Council. 2. National Council of Teachers  of Mathematics (2002-2004). Navigating through Data Analysis and Probability  Series. Reston, VA: The Council).

Bu məzmun xətti üzrə standartlarda şagirdlərin məlumatların toplanması və emalı üsullarını bilməsi, onların əsasında suallar formalaşdırması, digərlərinin belə məlumatlara aid suallarına cavab tapmaq üçün cədvəl, sxem və qrafik üsullardan istifadə etməsi, həmçinin bu məlumatlar əsasında mühakimələr yürütməsi və qərarlar qəbul etməsi vacib bacarıqlar kimi irəli sürülür. Məqsəd də ondan ibarətdir ki, cəmiyyətin hər bir üzvü təsadüfi və ya ehtimal olunan hadisə, proses və informasiyalardan baş çıxarmalı, öz davranış və hərəkətlərinin nəticəsi barədə proqnoz verməyi bacarmalıdır. çünki həmin hadisə və proseslərin ehtimal nəzəriyyəsi və statistikanın qanunlarına tabe olması haqqında lazımi təsəvvürlərə malik olmadan ictimai həyatın istənilən sahəsində uğurlu fəaliyyət göstərmək mümkün deyildir.

Uşaqlar təsadüfi hadisələrin baş verdiyi şəraitdə informasiyaları toplamaq, təhlil etmək və onların əsasında düzgün qərarlar qəbul etməyi öyrənməlidirlər. Real həyat hadisələrinin baş verməsində çoxvariantlılığın mümkünlüyü, insanın öz fəaliyyətində bunu həmişə nəzərə alması və riskin dərəcəsini qiymətləndirərək düzgün qərarlar qəbul etməyə çalışması ehtimal-statistik təfəkkür tərzinin formalaşmasını tələb edir.

İnkişaf etmiş ölkələrdə riyaziyyatdan ibtidai məktəblər üçün nəzərdə tutulmuş resurslara baxdıqda nəzərəçarpan əsas cəhətlərdən biri məlumatların təqdimat formalarından geniş istifadə olunmasıdır. ümumiyyətlə, orta məktəbdə riyaziyyatın tədrisində məlumatların xətti, nöqtəvi, qrafik, dairəvi və ya düzbucaqlı diaqram, histoqram, cədvəl, piktoqram kimi növlərindən istifadə oluna bilər. Ənənəvi olaraq bizim məktəblərdə məlumatların cədvəl və dairəvi diaqram formasından daha çox istifadə olunur. Aydındır ki, dairəvi diaqramlardan istifadə edilməsi üçün şagird kəsr anlayışı ilə tanış olmalı, miqyas haqqında müəyyən təsəvvür əldə etməlidir. Cədvəl, piktoqram və düzbucaqlı diaqramdan (barqraf) başqa, qalanların hamısında aşkar və ya gizli formada koordinant sistemindən istifadə olunur. Bu təqdimat növlərindən hansına üstünlük verilməlidir? Aydındır ki, ibtidai siniflərdə statistikaya aid mövzuların tədrisində təqdimatın cədvəl formasına geniş yer ayrılmalıdır. Bu təbiidir, çünki şagirdlər istər-istəməz cədvəllərdən (dərs cədvəli, şagird gündəliyi, nəqliyyatların hərəkət cədvəli və s.) istifadə etməli olurlar. Bu mənada cədvəlin bir növü olan piktoqramdan məlumatın təqdimatında daha geniş istifadə edilə bilər. Eyni zamanda cədvəldən başqa, şəkillərdən də istifadə kiçikyaşlı məktəblilər tərəfindən statistik məlumatda verilən informasiyanın başa düşülməsini asanlaşdırır. İlkin təcrübələr onu göstərir ki, belə yanaşma həm də şagirdlərin təlim marağının yüksəlməsinə əhəmiyyətli dərəcədə müsbət təsir göstərir.

Son dövrlərdə elektron vasitələrinin sürətli inkişafı nəticəsində piktoqramların yeni bir növü - "bəzəkli piktoqramlar" gündəlik həyatımıza sürətlə daxil olmaqdadır. Bunu xüsusilə yüksək səviyyəli idman yarışlarında komandaların və oyunçuların təqdimatı zamanı get-gedə daha mükəmməl formalarda görmək olar. Barqraf və teliqraf da bu qəbildən olan çox sadə təqdimat formaları kimi mühüm təlim əhəmiyyəti daşıyır.

ümumiyyətlə, çalışma, tapşırıq və sairdən ibarət olan vasitələr əlavə resurslar kimi standartların reallaşdırılması prosesində mövcud imkanlara uyğun hazırlanır. Onları standart səviyyəsində işləyib təqdim etmək təhsilin demokratik və humanist prinsiplərinə ziddir. ölkənin təhsil müəssisələrinə milli səviyyədə zəruri tələb kimi yalnız təhsil standartları təqdim olunur. Təhsildə inkişafın səviyyəsi də həmin standartlar əsasında müəyyənləşdirilir.

 

İnteqrasiya məzmun komponenti kimi

İnteqrasiya müasir dünya təhsilinin qlobal problemlərindən biridir. Bir prinsip kimi onun nəzərə alınması təhsilin bütün mərhələlərində potensial əlaqələri tapmağa, onları fəaliyyət müstəvisində reallaşdırmağa imkan yaradır. Bu gün respublikamızda həyata keçirilən İslahat Proqramının prinsiplərindən birinin inteqrasiya olması da, heç şübhəsiz, bu zərurətdən irəli gəlir. Xüsusən, ümumi təhsildə onun nəzərə alınması səmərəlilik baxımından son dərəcə zəruri və lazımlı hesab edilir.

Dünyanın təhsil təcrübəsində inteqrasiyanı real təlim şəraitində fəaliyyətlərin mühüm tələbinə çevirmək geniş miqyas alıb. Ona görə də məzmunun inteqrativliyi, fənnin inteqrativliyi, standartların inteqrativliyi, kurrikulumların inteqrativliyi, bacarıqların inteqrativliyi, prosesdə inteqrativlik və s. məsələlər daim müzakirə obyektinə çevrilib. Təhsil siyasətində xüsusi bir istiqamət kimi maraq doğurub.

Hazırlanmış bütün kurrikulumlarda inteqrasiya xüsusi tələb kimi nəzərə alınmışdır. İnkişaf etmiş ölkələrdə olduğu kimi, inteqrasiyanı ifadə edən materiallar fənnin məzmunu hissəsində verilmişdir. Bu hansı zərurətdən irəli gəlmişdir?

Əvvəla, kurrikulum konseptual sənəd olduğuna görə, ilk növbədə, təlimin məzmununu ifadə edən dərslik komplektini və digər resursları istiqamətləndirir. Bu baxımdan istər fəndaxili, istərsə də fənlərarası inteqrasiyanın əlaqəli standartların fonunda verilməsi zəruri hesab edilir. Ona görə də bütün fənlər üzrə kurrikulumlarda iki cədvəl təqdim olunur: fəndaxili üfüqi və şaquli inteqrasiya; fənlərarası inteqrasiya. Fənlərarası inteqrasiyaya aid cədvəllərdə bir-biri ilə əlaqə yaratmaq imkanı olan nəticələr (standartlar) üfüqi və şaquli formalarda uyğun pozisiyalar üzrə qruplaşdırılır, fənlərarası inteqrasiya cədvəlində isə konkret bir fənnin digər fənlərlə əlaqəsi olan nəticələrinin (standartların) kodları qeyd edilir. Dərsliyi, digər hər hansı vəsaiti hazırlamaq istəyənlər inteqrasiyaya aid bu minimum göstərişi istiqamət kimi  qəbul edə və onun reallaşdırılması üçün fəaliyyət göstərə bilərlər.

İkinci, təlimin məzmun komponenti kimi verilmiş inteqrasiya həm də müəllim tərəfindən idarə olunan təlim prosesinin səmərəli və maraqlı qurulması üçün faydalı istiqamət hesab olunur. Müəllim bu istiqamət üzrə özünün potensial imkanları daxilində hərəkət edir.

Bununla belə, müasir dövrdə inteqrasiyaya sadəcə fəndaxili əlaqə, yaxud fənlərarası əlaqə yaratmaq imkanı kimi baxmaq düzgün olmazdı. Onu mühüm pedaqoji prinsip kimi daha geniş anlamda qəbul etmək və dəyərləndirmək lazımdır. İnteqrativ fənlərin yaradılması ideyası da  məhz bu yanaşmadan bəhrələnir.

 

Qiymətləndirmə nailiyyətlərimiz

Qiymətləndirmə təhsilin qlobal problemlərindən biri hesab edilir. Dünyada təhsil sisteminin mükəmməl, eyni qiymətləndirmə işinin tam və əhatəli olması, möhkəm elmi-pedaqoji əsaslar üzərində qurulması ilə ölçülür. Azərbaycanda aparılan təhsil islahatlarında qiymətləndirmə amilinə xüsusi əhəmiyyət verilir. Kurrikulumların hazırlanmasında şagird nailiyyətlərinin qiymətləndirilməsi ayrıca bir komponent kimi diqqət mərkəzində saxlanılır.

İslahatın gedişi prosesində kurrikulumların hazırlanmasına həm də şagird nailiyyətlərinin qiymətləndirilməsi üzrə konseptual yanaşmanın formalaşdırılması prosesi kimi baxılır. Burada qiymətləndirmə işinin elmi-nəzəri əsaslarını, xüsusən də didaktik əsaslarını işləyib hazırlamaq vacib mərhələ hesab edilir. Bunun üçün didaktik prinsiplərin müəyyənləşdirilərək bütün qiymətləndirmə fəaliyyətinin əsasına gətirilməsi son dərəcə zəruridir. Ona görə də həmin prinsiplər "Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurrikulumu)" və ayrı-ayrı fənn kurrikulumlarında öz əksini tapmışdır. Hazırda həmin prinsiplərə istinad olunmaqla qiymətləndirmə sisteminin-qiymətləndirmənin  məzmunu, forması, vasitə və üsullarının yaradılması istiqamətlərində işlər aparılır. Artıq ibtidai təhsil üzrə şagird nailiyyətlərinin qiymətləndirilməsi məsələləri ilə əlaqədar xeyli irəliləyişlər əldə olunmuşdur. Yaxın gələcəkdə bütöv qiymətləndirmə sisteminin hazırlanması nəzərdə tutulur.

ümumiyyətlə, dünya praktikasında kurrikulumların tətbiqinə onun hazırlanmasından da çətin mərhələ  kimi baxılır. Cünki tətbiq etmək üçün təhsil siyasətini, hazırlanmış kurrikulumların xüsusiyyətlərini, mövcud təhsil şəraitini, onun durumunu yaxşı öyrənmək, iş prosesində nəzərə almaq tələb olunur. Artıq bu yolda ilkin addımlar atılmışdır. Onu gələcəkdə də uğurla davam etdirmək, inkişaf etmiş ölkələrdəki səviyyəyə çatdırmaq Azərbaycanın təhsil sistemi qarşısında dayanan təxirəsalınmaz vəzifədir.

 

Aydın ƏHMƏDOV,

Təhsil Nazirliyinin şöbə müdiri, "Kurrikulum islahatı"

üzrə alt-komponent koordinatoru,

Ənvər ABBASOV,

TPİ-nin direktor müavini,

Kurrikulum Mərkəzinin direktoru,

 

Tariyel TALIBOV,

fizika-riyaziyyat və informatika

təmayüllü liseyin direktoru