· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

 

Təhsil Nazirliyinin kollegiyasında

ötən il təhsil sahəsində görülmüş işlər, əldə olunan uğurlar diqqətə çatdırıldı, cari ildə qarşıda duran vəzifələr geniş müzakirə olundu

 

Yanvarın 10-da Təhsil Nazirliyində növbəti  kollegiya iclası keçirildi. İclasda kollegiya üzvləri ilə yanaşı, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, Nazirlər Kabinetinin Elm, mədəniyyət, təhsil və sosial problemlər şöbəsinin müdir müavini Qurban Əmirov, millət vəkilləri, ali məktəblərin rektorları, Təhsil Nazirliyinin struktur bölmə rəhbərləri, orta ixtisas təhsili müəssisələrinin, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının, Bakı Şəhəri  üzrə Təhsil İdarəsinin, bir sıra rayon və şəhər təhsil şöbələrinin rəhbər işçiləri, məktəb direktorları, KİV nümayəndələri iştirak edirdilər.

Təhsil naziri, kollegiyanın sədri Misir Mərdanov iclası açaraq hamını salamladı, qonaqlara dəvətlərini qəbul edib gəldikləri  üçün  minnətdarlığını bildirdi.

Nazir yeni ilin ilk kollegiya iclasının 2008-ci ildə təhsil sahəsində görülmüş işlər və 2009-cu ildə qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunduğunu deyərək  son illər   hesabat xarakterli belə kollegiya iclaslarının keçirilməsinin artıq ənənəyə çevrildiyini qeyd etdi.

Təhsil naziri Misir Mərdanov müzakirə olunan məsələ barədə geniş məruzə-təqdimatla çıxış etdi. Proyektor vasitəsi ilə ekranda nümayiş olunan və nazirin ətraflı şərhi ilə müşayiət edilən məruzə-təqdimatda 2008-ci ildə təhsil sahəsində görülmüş işlər, qazanılmış uğurlar, bu sahədə mövcud olan problemlər və qarşıda duran vəzifələr geniş faktik material, statistik rəqəmlər və fotogörüntülərlə əyani olaraq kollegiya iştirakçılarına çatdırıldı.

Təhsil naziri ilk olaraq hamının diqqətini ölkə Prezidenti  cənab İlham Əliyevin dediyi "Biz maddi dəyərlərimizi, iqtisadi potensialımızı insan kapitalına çevirməliyik" fikrinə  yönəldərək ölkəmizin təhsil sahəsindəki uğurlu inkişafından çöz açdı. Qeyd etdi ki, son 5 ildə əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasi və iqtisadi kurs möhtərəm Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilmişdir. Azərbaycan yalnız regionun deyil, həm də Avropanın siyasi cəhətdən ən stabil ölkəsinə çevrilərək beynəlxalq aləmdə nüfuzu artmış, iqtisadi inkişaf tempinə görə dünyada lider ölkələr sırasına daxil olmuşdur. Bu uğurlu fəaliyyətin nəticəsidir ki, ötən ilin oktyabrında cənab İlham Əliyev xalqın mütləq əksəriyyətinin dəstəyi ilə yenidən Prezident seçilmişdir.

ölkə başçısı tərəfindən təhsilə xüsusi diqqət və qayğı göstərildiyini deyən nazir təhsilə ayrılan büdcə vəsaitinin, onun inkişafına yönəlmiş xərclərin ilbəil artdığını qeyd etdi və təhsilin maliyyələşdirilməsinin inkişaf dinamikasını əks etdirən cədvəlləri, statistik rəqəmləri iclas iştirakçılarının nəzərinə çatdırdı. Verilən məlumatdan aydın oldu ki, təhsilə ayrılan büdcə 2003-cü illə müqayisədə 5 dəfədən çox artaraq 2008-ci ildə 1,1 milyard manata çatmış, 2009-cu ildə isə 1,3 milyard manat təşkil etmişdir. İnvestisiya qoyuluşları 2004-cü ildəki 5,8 milyon manatdan 38 dəfə artaraq 220 milyon manata yüksəlmişdir. Hazırda təhsil xərcləri dövlət büdcəsində çəkisinə görə ilk yerdə dayanmışdır .

Məruzə-təqdimatının əsasən cədvəllər və diaqramlar  üzərində qurulduğunu bildirən nazir diqqəti daha sonra bir təhsil alana düşən xərcin inkişaf dinamikasına yönəltdi. Təhsilin məktəbəqədər, ümumi orta, o cümlədən ibtidai, əsas və orta, texniki peşə, orta ixtisas, ali təhsil pillələri üzrə bir təhsil alana düşən xərcin miqdarını 2007, 2008 və 2009-cu illər üzrə açıqlayaraq, onların müqayisəli təhlilini apardı və ilbəil artdığını vurğuladı.

 2008-ci ilin təhsil sahəsində bir çox hadisələrlə yaddaqalan olduğunu söyləyən təhsil naziri həmin hadisələrin bəzisini qeyd etdi. Bildirdi ki, ötən il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev dərs ilinin ilk günündə Bakı şəhəri 60 nömrəli məktəbin və Bakı Dövlət Universitetinin yeni korpusunun açılışında iştirak etmiş, il ərzində bir sıra təhsil müəssisələrində olmuş,regionlara səfəri zamanı  müəllimlər, şagirdlər və valideynlərlə görüşmüşdür.  Azərbaycanın təhsil tarixində  ilk dəfə olaraq ümumi təhsil pilləsində bütün məktəblərin I siniflərindən yeni kurrikulumların tətbiqinə başlanılmış,  ilk dəfə olaraq dövlət başçısının sərəncamı ilə "Ən yaxşı ümumtəhsil məktəbi" və  "Ən yaxşı müəllim" müsabiqələri keçirilmiş,  qaliblərə müvafiq olaraq 10 min və 5 min manat olmaqla ümumilikdə 1 milyon manat pul mükafatları verilmişdir. Dövlət başçısının sərəncamları ilə "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət  Proqramı", "2008-2012-ci illərdə Azərbaycan Respublikasında  təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət  Proqramı" təsdiq edilmişdir. 2008-ci ildə 201 nəfər, son 5 ildə isə 900-dən çox təhsil işçisi  Prezident sərəncamları ilə yüksək dövlət təltiflərinə layiq görülmüşlər.

Nazir Azərbaycan hökuməti ilə Dünya Bankı arasında Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə ilə əlaqədar sazişin imzalanmasını, təhsil tariximiz üçün xüsusi əhəmiyyət kəsb edən Azərbaycan müəllimlərinin XIII qurultayının, Bakı şəhərində "Dünyada savadlılığın dəstəklənməsi" mövzusunda YUNESKO-nun regional konfransının, İslam ölkələri  ali təhsil və elmi-tədqiqat nazirlərinin IV konfransının keçirilməsini, paytaxtımızda M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filialının fəaliyyətə başlamasını, bütün təhsil işçilərinin əməkhaqlarının və təhsilalanların təqaüdlərinin artırılmasını, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununun layihəsinin Milli Məclisdə ikinci oxunuşdan keçməsini, dövlət başçısının son 5 ildə ölkədə təhsilin inkişafı sahəsində həyata keçirdiyi siyasəti özündə əks etdirən, beynəlxalq və yerli ekspertlər tərəfindən yüksək qiymətləndirilən "Prezident İlham Əliyev və Azərbaycanda təhsilin inkişafı: 2003-2008" fundamental kitabın ölkə ictimaiyyətinə  təqdim olunmasını da   ilin ən mühüm hadisələri kimi qeyd edərək təhsilimizin tarixində özünəməxsus yer tutan bu hadisələrin hər biri haqqında  ətraflı şərh verdi.

 Misir Mərdanov daha sonra təhsil sistemi haqqında statistik məlumatları diqqətə çatdırdı. İlk olaraq məktəbəqədər təhsil sistemi haqqında danışan nazir bildirdi ki, 2008-ci ildə belə müəssisələrin sayı 1658, orada tərbiyə olunan  uşaqların sayı 103902, bu müəssisələrdə çalışan  pedaqoji işçilərin sayı isə 13765 nəfər olmuşdur. ötən il ölkədə 5 özəl məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərmiş, bunlarda  uşaqların sayı 346, pedaqoji işçilərin sayı isə 94 nəfər təşkil etmişdir. 2009-cu ildə bu bağçaların sayı 6, uşaqların sayı 368, pedaqoji işçilərin sayı 105-dir.

 Daha sonra ümumi təhsil sisteminə aid  faktlar və rəqəmləri diqqətə çatdıran nazir bildirdi ki, 2007-2008-ci tədris ilində 4545 dövlət və 16 özəl ümumtəhsil məktəbində müvafiq olaraq 1 483 311 və 6841 şagird təhsil alıb. Dövlət ümumtəhsil məktəblərində onların təlim-tərbiyəsi ilə 175 221, özəl ümumtəhsil məktəblərində isə 1 122 nəfər müəllim  məşğul olub. 2008-2009-cu tədris ilində dövlət ümumtəhsil məktəblərinin sayı 4 540, şagirdlərin sayı 1 424 353, müəllimlərinin sayı 173 100 nəfərdir. Bu il özəl məktəblərin sayı 17, şagirdlərinin sayı 7162, müəllimlərinin sayı isə 1 021 nəfərdir. 2007-2008-ci tədris ilində I sinif şagirdlərinin sayı 117 921 olub, 2008-2009-cu tədris ilində isə 119 600 nəfər təşkil edir. Nazir bu statistik rəqəmlərin müqayisəli təhlilini apararaq ətraflı şərh etdi.

Ekranda məktəbdənkənar, texniki peşə, dövlət və özəl, orta ixtisas, ali təhsil və əlavə təhsil sistemlərində müəssisələrin, təhsil alanların, müəllimlərin sayını göstərən  cədvəllər  nümayiş olundu. Nazir həmin cədvəllərdən bəzi rəqəmləri diqqətə çatdıraraq qeyd etdi ki, 2007-2008-ci tədris ilində 107 texniki peşə təhsili müəssisəsi fəaliyyət göstərirdisə, 2008-2009-cu  tədris ilində onların  sayı 108-ə çatıb. ötən tədris ilində dövlət ali təhsil müəssisələrinin sayı 35 olduğu halda, 2008-2009-cu tədris ilində bu rəqəm 36-dır.

Məruzə-təqdimatda qeyd olundu ki, təhsil sistemində bu gün respublika üzrə 1800 elmlər doktoru, 8725 nəfər elmlər namizədi çalışır. Keçən illə müqayisədə bu sahədə artım tempi müşahidə olunur.

Təhsil sahəsində həyata keçirilən proqram və layihələr barəsində ətraflı danışan nazir ölkə başçısı cənab İlham Əliyev tərəfindən 14 inkişafyönümlü Dövlət Proqramının təsdiq olunaraq uğurla həyata keçirildiyini vurğuladı.

 "Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı (2007-2010-cu illər)"ndan söz açan təhsil naziri  bu sahədə əldə olunan nailiyyətlərdən danışdı. Bildirdi ki, Bakı şəhərində 11 yeni uşaq bağçası tikilib istifadəyə verilmiş, 21 uşaq bağçası isə (Bakı şəhərində 20, Sumqayıt şəhərində 1) əsaslı təmirdən çıxmışdır. Yeni inşa olunan və əsaslı təmir edilən 32 məktəbəqədər  təhsil müəssisəsi müasir avadanlıqlarla təmin edilmişdir. Məktəbəqədər təhsil müəssisələri üçün 24 adda 254 min nüsxədə təlim materialları hazırlanmışdır. Paytaxtda 113 uşaq bağçasının özəlləşdirilməyə açıq elan olunmasına baxmayaraq, həyata keçirilən tədbirlər nəticəsində ötən dərs ilinə nisbətən cari dərs ilində məktəbəqədər təhsil müəssisələrinə gedən uşaqların sayı 1305 nəfər artmışdır. Bundan başqa, erkən yaş dövründə uşaqların inkişafı üzrə vahid siyasətin həyata keçirilməsi və Dövlət Proqramının daha səmərəli idarə edilməsi məqsədilə Təhsil Nazirliyində Məktəbəqədər təhsil sektoru yaradılmışdır.

Bu sahədə qarşıda duran vəzifələrə də toxunan nazir onların sırasında  məktəbəqədər təhsil müəssisələri şəbəkəsinin optimallaşdırılmasını, maddi-texniki bazanın möhkəmləndirilməsini, əsaslı təmir və avadanlıqlarla təminat işinin davam etdirilməsini, müasir tələblərə cavab verən kurrikulumun hazırlanması istiqamətində tədbirlərin həyata keçirilməsini, məktəbəqədər təhsil xidmətlərinin keyfiyyətinin monitorinqi və qiymətləndirilməsi sisteminin yaradılmasını, məktəbəqədər təhsilin əhəmiyyəti barədə valideynlərin maarifləndirilməsi işinin təşkilini, media resurslarından səmərəli istifadə olunmasını, 5 yaşlı uşaqların icbari məktəbəqədər təhsilə cəlbi istiqamətində tədbirlərin həyata keçirilməsini və s. məsələləri xüsusi qeyd etdi. 5 yaşlı uşaqların icbari məktəbəqədər təhsilə cəlbinin ən vacib və məsuliyyətli bir iş  olduğunu vurğulayan  təhsil naziri iclas iştirakçılarının diqqətini bu yaşda uşaqların məktəbəqədər təhsilə cəlbi ilə əlaqədar  ölkə və Bakı şəhəri üzrə göstəricilərə  yönəldərək bununla bağlı müəyyən məqamlara aydınlıq gətirdi. Ekranda, həmçinin yeni tikilib istifadəyə verilmiş, əsaslı təmir olunaraq müasir avadanlıqlarla təchiz edilmiş, uşaqların rahat məşğul olmaları üçün hər cür imkan və şəraitə malik bağçalardan fotolar da nümayiş olundu.

Məruzə-təqdimatında məktəb tikintisi proqramlarına toxunan nazir qeyd etdi ki, son illərdə 350 min şagird yerlik 1300-dək yeni məktəb binasının tikilməsi çağdaş təhsil tariximizin ən parlaq səhifələrindəndir. Cari ildə 161 yeni məktəb istifadəyə verilmiş, 129 məktəb əsaslı təmir edilmişdir. ümumilikdə, son illərdə 700 mindən çox şagird, yəni bütün şagirdlərin təxminən 50 faizi müasir tələblərə cavab verən məktəblərdə təhsil almaq imkanı əldə etmişdir. Məktəblərin infrastrukturunun yeniləşdirilməsi istiqamətində Heydər Əliyev Fondunun təşəbbüsü ilə son illərdə 226 yeni məktəb tikilmiş, 39 məktəb, 10 uşaq bağçası əsaslı təmir olunmuşdur.  

Məktəb tikintisi sahəsində 2003-cü ildən başlayaraq 2008-ci il də daxil olmaqla görülən işlərin təhlilini aparan nazir  Misir Mərdanov bu istiqamətdə nəzərdə tutulan perspektivlərdən  danışdı. Belə ki, ölkə Prezidenti tərəfindən təsdiq edilmiş "2008-2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı"na əsasən 2009-2012-ci illərdə 450 məktəb üçün yeni binanın inşası, 600 məktəb üçün əlavə korpusların tikintisi, 1200 məktəbin əsaslı təmiri nəzərdə tutulmuşdur. Bundan əlavə, 2009-cu ildə 100-dən çox yeni məktəbin inşası planlaşdırılmışdır. Əsas hədəf çoxnövbəliliyin ləğvi və beşgünlük tədris həftəsinə keçilməklə bütün şagirdlər üçün əlverişli təlim şəraitinin yaradılmasıdır. Məktəblərin əsaslı təmiri proqramına müvafiq olaraq isə son illərdə Təhsil Nazirliyi tərəfindən 300-dək məktəb əsaslı təmir edilmişdir. 2008-ci ildə 129 məktəbdə əsaslı təmir aparılmış və onlar müasir avadanlıqlarla təchiz olunmuşdur. 2009-cu ildə 100-dən çox məktəbin əsaslı təmiri nəzərdə tutulub.

"Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin avadanlıqlarla təmin olunmasına dair İnkişaf Proqramı (2005-2009-cu illər)"na əsasən yeni tikilən və əsaslı təmir edilən məktəblərdən əlavə,  son illərdə Təhsil Nazirliyi tərəfindən 506 məktəb müasir avadanlıqlarla təmin olunmuşdur. 2008-ci ildə  180 məktəb şagird masası, yazı lövhəsi, müəllim stolu və stulu ilə təmin edilmişdir. 2009-cu ildə 200 məktəbə müasir avadanlıqlar veriləcəkdir.

Ekranda nümayiş etdirilən fotolar vasitəsilə iclas iştirakçıları paytaxtımızda, eləcə də bölgələrimizdə fəaliyyət göstərən orta ümumtəhsil məktəblərində yaradılan şəraitlə yaxından tanış oldular. Bir-birindən yaraşıqlı, ən müasir avadanlıqlarla təchiz olunmuş sinif, kompüter otaqları, fənn, linqafon kabinetləri, akt və idman zalları, üzgüçülük hovuzu bu gün şagirdlərimiz üçün yüksək səviyyədə təhsil və tərbiyə mühitinin yaradıldığını göstərirdi.

Məktəblərin istiliklə təminatının son illər diqqətdə saxlanılan bir məsələ olduğunu deyən təhsil naziri bu istiqamətdə görülmüş və görülməsi nəzərdə tutulan işlər haqqında da danışdı. 2008-ci ildə 350 məktəbin istilik sisteminin bərpa edildiyini və onlardan 206-nın Təhsil Nazirliyinin mərkəzləşdirilmiş vəsaiti hesabına olunduğunu dedi.  Bildirdi ki, 2009-cu ildə 300-dək məktəbin istilik sistemi əsaslı təmir və bərpa ediləcəkdir. Nazir bu sahədə bir sıra  problemlərin mövcudluğunu istisna etməyərək onların həlli istiqamətində mühüm addımlar atılacağını söylədi.

Daha sonra məruzə-təqdimatda təhsilin məzmunu üzərində dayanıldı. Təhsil naziri bu məsələyə çox ciddi yanaşıldığını deyərək son illərdə Dünya Bankının maliyyə yardımı ilə həyata keçirilən islahatyönümlü tədbirlərin böyük əksəriyyətinin məhz ümumi təhsilin məzmununun yeniləşdirilməsinə və mütərəqqi dünya təcrübəsinə uyğunlaşdırılmasına yönəldiyini bildirdi. Qeyd etdi ki, həyata keçirilən tədbirlərdə əsas məqsəd  şagirdlərin idrak fəallığını, ümumi inkişafını ləngidən mövcud "yaddaş məktəbi"ndən "təfəkkür və düşüncə məktəbi"nə keçmək və bu əsasda ümumi təhsilin müasir modelini qurmaqdan ibarətdir. Azərbaycanda 2004-cü ildən başlanan məzmun dəyişiklikləri təlim-tədris prosesinin sistemli planlaşdırılmasını özündə əks etdirən kurrikulum islahatları adı altında aparılır. Azərbaycan hökuməti tərəfindən 30 oktyabr 2006-cı ildə təsdiq olunmuş "Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurrikulumu)" sənədinin və bu sənədin tələblərinə uyğun hazırlanıb təsdiq edilmiş fənn kurrikulumlarının didaktik əsasını nəticəyönümlülük, tələbyönümlülük və şəxsiyyətyönümlülük prinsipləri təşkil edir. Nəticəyönümlülük təhsil pillələri, siniflər və fənlər üzrə əldə olunacaq təlim nəticələrinin əvvəlcədən müəyyən edilməsini, tələbyönümlülük təlim məqsədlərinin cəmiyyətin, dövlətin və fərdin tələbatına cavab verməsini,  şəxsiyyətyönümlülük hər bir təhsilalana meyil, maraq və qabiliyyəti nəzərə alınmaqla zəruri həyati bacarıq və vərdişlərin aşılanmasını özündə ehtiva edir.

Nazir bildirdi ki, yeni kurrikulumlarla tədrisə cari dərs ilindən etibarən I siniflərdən  başlanmış və beləliklə, ümumi təhsil sistemində yeni mərhələnin təməli qoyulmuşdur. Bunu Azərbaycan təhsilində çox ciddi bir hadisə kimi qeyd edən təhsil naziri həmin istiqamətdə əldə olunan nailiyyətlərdən və perspektivlərdən söz açdı. Verilən məlumatdan aydın oldu ki, yeni kurrikulumun tətbiqi ilə əlaqədar I siniflərdə dərs deyən 9 minədək müəllim təlim kursları və treninqlərdən keçirilmişdir. Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə çərçivəsində 2009-2013-cü illərdə əsas və orta təhsil pillələri üzrə (V-XI siniflər) fənn kurrikulumlarının hazırlanıb təsdiqi və tətbiqi nəzərdə tutulmuşdur.

Son illərin ən böyük nailiyyətlərindən birinin dərslik yaradıcılığı sahəsində olduğunu bildirən təhsil naziri bununla bağlı görülmüş işlərdən bəhs etdi. Nazir qeyd etdi ki, 2006-cı ildə Azərbaycan hökuməti ilə razılaşdırılaraq qəbul olunmuş "Dərslik siyasəti" sənədi dərslik yaradıcılığı sahəsində islahatlara böyük təkan vermişdir. Bu sənədin tələblərinə müvafiq olaraq dərsliklərin hazırlanması proseduru dünya təcrübəsinə uyğunlaşdırılmış, müstəqil qurum olan Dərslikləri Qiymətləndirmə Şurası yaradılmışdır.

2003-2008-ci illərdə milli mənəvi dəyərlər əsasında müasir tələblərə uyğun məzmunda ümumilikdə 30 milyon nüsxə dərslik çap edilmişdir. 2008-ci ildə 102 adda 4 milyon nüsxədən çox dərslik və müəllim üçün vəsait şagirdlərə çatdırılmışdır. İclas iştirakçılarının diqqətinə 2003-cü ildən başlayaraq 2008-ci il də daxil olmaqla dərslik  təminatı ilə bağlı statistik rəqəmləri çatdıran nazir qeyd etdi ki, 2009-cu ildə 87 adda 4 256 600 nüsxədə dərsliyin çap olunması nəzərdə tutulur.

Nazir xüsusi vurğuladı ki, cari dərs ili təhsil tariximizdə yeni kurrikulumlar əsasında I siniflər üçün hazırlanmış dərslik, müəllimlər üçün vəsait və şagirdlər üçün iş dəftərindən ibarət komplektlərin tətbiqi ilə əlamətdar olmuşdur. Bu komplektlər yeni dərslik siyasətinin ilkin nümunələridir.

Artıq neçə illərdir ki, bütün şagirdlər dərsliklərlə pulsuz təmin olunurlar. Problem kimi uzun illər qalmış məktəblərin təlim materialları və əyani vəsaitlərlə təminatı məsələsi də öz həllini tapmışdır.

Məktəb kitabxanaları  latın qrafikası ilə çap edilmiş 18 adda uşaq ensiklopediyaları, Azərbaycan və xarici ölkə yazıçılarının əsərləri ilə təmin edilmişdir. Heydər Əliyev Fondunun yaxından köməyi ilə ayrı-ayrı fənlər üzrə 140 adda 1,4 milyon nüsxə tədris-əyani vəsaitlər hazırlanaraq məktəblərə verilmişdir. Bundan əlavə, orta ümumtəhsil məktəblərinə 19 adda 351 595 nüsxə xəritə verilmişdir.

Ekranda 2009-cu ildə nəşr ediləcək dərsliklər və metodik vəsaitlərlə bağlı hazırlanmış xüsusi cədvəllər nümayiş olundu. Həmin cədvəllərdə təlim Azərbaycan və rus dillərində aparılan məktəblər üçün nəşr olunması nəzərdə tutulan dərslik və metodik vəsaitlərin adları açıqlanmaqla yanaşı, onların tirajı da göstərilirdi.

Kollegiya iştirakçılarına təqdim olunan hesabat məruzəsində şagird nailiyyətlərinin qiymətləndirilməsinin müasir tələblərə cavab verən yeni mexanizminin yaradılması, bu sahədə  tətbiq edilən yeniliklər barədə də geniş söz açıldı. Bildirildi ki, ümumi təhsilin məzmununun yeniləşdirilməsi şagird nailiyyətlərinin qiymətləndirilməsi sahəsində də yeni mexanizmlərin tətbiqini  zəruri etmişdir. Ənənəvi qiymətləndirmə sistemi müəllimin subyektiv mülahizələrinə əsaslanır, şagirdlərdə təlimə marağı, məsuliyyət hissini artırmaq əvəzinə, əksinə, azaldır, onların inkişafını sistemli şəkildə izləməyə imkan vermir. Ona görə də şagird, bir qayda olaraq, qiymət almaq xatirinə oxuyur.

Nazir qeyd etdi ki, dünyada qəbul olunmuş və tətbiq edilən qiymətləndirmə sistemi indikindən fərqli olaraq 3 komponent-məktəbdaxili, milli və beynəlxalq qiymətləndirməni əhatə edir. Yeni sistemdə şagird nailiyyətlərinə kompleks şəkildə yanaşılır, onun əvvəlki illərdə və buraxılış sinfində nəticələri nəzərə alınır. Bu sahədə görülən işlərdən, əldə olunan uğurlardan  danışan nazir Misir Mərdanov məktəbdaxili qiymətləndirmənin mühüm tərkib hissəsi olan buraxılış imtahanlarının  forma və məzmunca təkmilləşdirilməsi, yeni mexanizmlərin tətbiqi istiqamətində əhəmiyyətli addımlar atıldığını dedi. Bildirdi ki, inkişaf etmiş ölkələrin təcrübəsi nəzərə alınaraq 2006-cı ildən etibarən mərhələlərlə buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada test üsulu ilə aparılmasına başlandı. 2005-2006-cı dərs ilində 2 rayon üzrə 6 min, 2006-2007-ci dərs ilində 3 rayon və şəhər üzrə 13 min, 2007-2008-ci dərs ilində 9 rayon və şəhər üzrə 52 min şagird əhatə olundu. Cari dərs ilində ölkənin bütün ümumtəhsil məktəblərində 130 min şagird əhatə olunmaqla mərkəzləşdirilmiş imtahan formasının tətbiqi nəzərdə tutulur.

Mərkəzləşdirilmiş imtahan formasının üstünlüklərindən söz açan təhsil naziri daha sonra beynəlxalq qiymətləndirmənin nəticələrinə də toxundu. Təhsil tariximizdə ilk dəfə olaraq beynəlxalq qiymətləndirmə 2006-cı ildə PİSA proqramı çərçivəsində aparılmış, 2008-cı ildə nəticələr elan olunmuşdur. Beynəlxalq proqram çərçivəsində 15 yaşlı şagirdlərin ana dili, riyaziyyat və təbiət fənləri üzrə bacarıqlarının səviyyəsi qiymətləndirilmişdir. Şagirdlərimiz riyaziyyatdan nəzəri qabiliyyətlər üzrə reytinq cədvəlində iştirakçı 57 ölkə arasında IV yeri tutmuşlar.

Nazir daha sonra 2007-2008-ci dərs ilində XI siniflərdə mərkəzləşdirilmiş qaydada  test üsulu ilə keçirilmiş buraxılış imtahanlarının nəticələri haqqında məlumat verərək  əla qiymətlərlə bitirmiş məzunların ali məktəblərə qəbul imtahanlarında topladığı balları diqqətə çatdırdı , hər iki nəticənin  müqayisəli təhlilini apardı.

Aydın oldu ki, orta məktəbdə buraxılış imtahanını əla qiymətlərlə bitirən 227 məzundan 223-ü ölkənin ali məktəblərinə keçirilmiş qəbul imtahanlarında iştirak edib. Onlardan 104-ü 600-700; 64-ü 500-600, 30 nəfəri 400-500 bal toplayıb.

Orta ümumtəhsil məktəblərinin XI siniflərində mərkəzləşdirilmiş qaydada test üsulu ilə keçirilmiş buraxılış imtahanlarını "3" qiymətlərlə bitirmiş məzunların da ali məktəblərə qəbul imtahanlarında topladıqları balların müqayisəli təhlili aparıldı. Daha sonra 600-dən çox bal toplayan abituriyentlərin dinamikasını əks etdirən cədvəl nümayiş olundu.2008-ci ildə Bakı  şəhəri məktəbləri məzunlarının  ali məktəblərə qəbul göstəricisi 2006-cı ildəki 34,79 faizdən 39,22 faizə, 300-dən çox bal toplayanlar 32,40 faizdən 40,12 faizə, əlaçı məzunlardan 500-700 bal toplayanlar 41,70 faizdən 72,0 faizə, 600-dən yuxarı bal toplayanların sayı isə 452-dən 702-yə yüksəlmişdir. Təhsil  naziri   paytaxt məktəblərinin bütün şagirdlərinin buraxılış imtahanlarında aldığı qiymətləri doğrultmasını müsbət hal kimi qiymətləndirdi.

Bütün bunların Azərbaycanda təhsilin keyfiyyətinin inkişafından xəbər verdiyini deyən nazir iclas iştirakçılarını 1999-2008-cı illərdə dövlət və özəl ali məktəblərin müvafiq ixtisaslarına qəbul olunan abituriyentlərin orta bal göstəriciləri ilə də tanış etdi, şagird nailiyyətlərinin qiymətləndirilməsi ilə bağlı perspektivlərdən danışdı. Buraya ümumtəhsil məktəblərinin buraxılış siniflərində mərkəzləşdirilmiş imtahan təcrübəsinin təkmilləşdirilməsi, beynəlxalq qiymətləndirmə üzrə tədbirlərin davam etdirilməsi PİSA ilə yanaşı, TİMSS və PİRLS təşkilatları ilə əməkdaşlıq edilməsi, cari dərs ili ərzində məktəbdaxili qiymətləndirmənin yeni modelinin elmi-metodik əsaslarının və təşkilati mexanizmlərinin işlənib hazırlanması və eksperimentdən keçirilərək növbəti dərs ilindən tətbiqinə başlanması, məktəbdaxili qiymətləndirmənin yeni modeli və digər məsələlər daxildir. Kollegiya iştirakçıları indikindən fərqli  yeni tətbiq ediləcək sinif jurnallarının nümunələri  ilə  tanış oldular.

ölkə başçısı cənab İlham Əliyev tərəfindən təsdiq olunmuş "Xüsusi istedada malik olan uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər)" çərçivəsində də müəyyən işlər görüldüyünü qeyd edən nazir  bildirdi ki, Proqram çərçivəsində tədqiqat obyektləri kimi 21 bölgədə 32 pilot məktəbi təşkil olunmuş, 14 ümumtəhsil məktəbində lisey sinifləri açılmış, 7 internat məktəb lisey və gimnaziyaya çevrilmiş, bir neçə mərhələli seçim aparılaraq ölkə üzrə "İstedad bankı" yaradılmışdır. Bundan başqa, müəllimlər üçün zəruri vəsaitlər hazırlanıb nəşr edilmiş, 12 lisey və gimnaziya əsaslı təmir edilərək müasir avadanlıqlarla təchiz olunmuş, xüsusi istedada malik uşaqlar üçün Bakı şəhərində yay düşərgəsi təşkil edilmişdir. Respublikanın orta ümumtəhsil məktəblərində kifayət qədər istedadlı və qabiliyyətli uşaqların olduğunu deyən nazir onlarla aparılan işlərin davamlı olacağını bildirdi. Nazir bununla bağlı perspektivlərdən söz açdı, həmçinin dünya fənn  olimpiadalarında Azərbaycan məktəblilərinin 1998-2008-ci illər üzrə nəticələri ilə bağlı fikirlərini söylədi.

Məruzə-təqdimatda qeyd olundu ki, "2008-2012- ci illərdə Azərbaycan Respublikasında  təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində bir sıra mühüm işlərin həyata keçirilməsi nəzərdə tutulub. Bundan əvvəl həyata keçirilmiş "Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin İKT ilə təminatı Proqramı (2005-2007-ci illər)" çərçivəsində bir sıra uğurlu addımlar atılıb. Belə ki, 2005-ci ildə 228 məktəbə 5644, 2006-cı ildə 942 məktəbə 10 908, 2007-ci ildə isə 2569 məktəbə 15 125 kompüter verilib. 2005-2007-ci illəri əhatə edən Proqrama uyğun olaraq 1103 məktəb noutbuk və proyektorla təmin olunub və beləliklə, V-XI siniflərdə hər 29 şagirdə 1 kompüter nisbəti təmin edilib. Beynəlxalq təşkilatlarla 20 minə yaxın müəllim və məktəb rəhbəri öyrədici treninqlərdə İKT bacarıqlarına yiyələnmişdir.

İlk dəfə olaraq Azərbaycan tarixi, kimya, biologiya, fizika fənləri üzrə elektron tədris resursları hazırlanıb məktəblərə çatdırılmışdır. Bir neçə məktəbdə "Elektron məktəb" layihəsinə başlanmış, Təhsil Nazirliyində təhsil sisteminin informasiyalaşdırılması idarəsi yaradılmışdır.

Misir Mərdanov kollegiya iştirakçılarının diqqətinə çatdırdı ki, " 2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı "na əsasən  bir sıra mühüm işlərin reallaşdırılması nəzərdə tutulur. Proqrama müvafiq olaraq 2009-cu ilin sonunadək 500 məktəb (Bakı, Sumqayıt, Gəncə şəhərləri, Abşeron payonu) genişzolaqlı sürətli İnternetlə təmin olunacaq, elektron tədris resursları bazası, vahid təhsil portalı yaradılacaq, çevik idarəetmə və qərar qəbuletməyə xidmət edən DATA mərkəz yaradılacaq.

"2005-2009-cu illər üçün Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri şəbəkəsində pedaqoji kadr təminatı üzrə İnkişaf Proqramı" çərçivəsində atılan addımlardan da məruzə-təqdimatda söz açıldı. Qeyd olundu ki, proqrama əsasən 2005-2008-ci illərdə ucqar kənd məktəblərinə güzəştli şərtlərlə 4788 müəllim göndərilmişdir. O cümlədən 2008-ci ildə nəzərdə tutulduğu kimi, 1308 müəllim ucqar kənd məktəblərində işlə təmin olunmuşdur. 2009-cu ildə daha 1308 müəllimin ucqar kənd məktəblərinə təyin olunması nəzərdə tutulur.

Görülmüş işlərlə yanaşı, yerlərdə kadr siyasətinin düzgün aparılmaması nəticəsində son 5 ildə şagirdlərin sayı 265 513 nəfər azaldığı halda, müəllimlərin sayı 4602 nəfər artmış, müəllim-şagird nisbəti 9,9-dan 8,2-yə enmişdir.

Təhsil Nazirliyində bu məsələ çox ciddi araşdırılmış, müəllimlərin seçilməsi və işə təyin olunması sahəsində dünyada sınaqdan keçirilmiş mexanizmlərin tətbiqi istiqamətində bir sıra addımlar atılmışdır. Bakı şəhərində son iki, respublikanın rayonlarında isə cari dərs ilindən müəllimlərin seçilməsi və yerləşdirilməsi Təhsil Nazirliyi tərəfindən nəzarətə götürülmüşdür. Bütün bunlar haqqında kollegiya iştirakçılarına məlumat verən Misir Mərdanov daha sonra bildirdi ki, aparılan təhlilə əsasən ötən dərs ilində RTŞ-lar tərəfindən Təhsil Nazirliyinə təqdim olunmuş 4000 vakansiyadan yalnız 1850-sinin əsaslı olduğu müəyyənləşdirilmiş və cari dərs ilində vakant yerlərin sayına uyğun müəllimlərin işə qəbuluna razılıq verilmişdir.

Nazir müqayisə üçün bildirdi ki, ötən tədris ilində bütün rayon və şəhərlər üzrə 4654 müəllim işə qəbul olunmuşdusa, cari dərs ilində proqram  da daxil olmaqla 1829 müəllim işə götürülmüşdür. Görülən tədbirlər nəticəsində son 10 ildə ilk dəfə olaraq müəllimlərin sayının artma tendensiyası dayanmış, azalma müşahidə olunmuşdur. Belə ki, pedaqoji kadrların sayı ötən dərs ilindəki 175 221 nəfərdən 173 100 nəfərə enmişdir.Misir Mərdanov  qeyd etdi ki, bu istiqamətdə cari dərs ilində pedaqoji kadr təminatı vəziyyətinin monitorinqi aparılmalı və müvafiq proqram hazırlanmalıdır. Məsələnin olduqca ciddiliyini diqqətə çatdıran təhsil naziri həmin istiqamətdə görülməsi nəzərdə tutulan tədbirlərdən danışdı.

Nazir daha sonra "Azərbaycan Respublikasında xüsusi qayğıya ehtiyacı olan (sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin təşkili ilə əlaqədar İnkişaf Proqramı (2005-2009-cu illər)"ndan danışaraq həmin proqram çərçivəsində beynəlxalq təşkilatlarla birlikdə inklüziv təhsil layihələrinin həyata keçirildiyini dedi. İnklüziv təhsil layihələri 30-dan çox təhsil müəssisəsini, 200-dən artıq məktəbəqədər və məktəbyaşlı xüsusi qayğıya ehtiyacı olan uşağı əhatə etmişdir.

Heydər Əliyev Fondunun gördüyü işləri xüsusi qeyd edən təhsil naziri Misir Mərdanov Fondun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldığı internatlara, məktəblərə  getməsini, orada müəllim və şagirdlərlə keçirdiyi  görüşləri, onlara xüsusi diqqət və qayğı ilə yanaşmasını, problemləri ilə maraqlanmasını bu istiqamətdə çox ciddi işlərin görülməsinə təkan verdiyini qeyd etdi. Nazir bildirdi ki, Heydər Əliyev Fondu ilə birlikdə xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil aldığı bütün müəssisələr əsaslı təmir və bərpa olunmuş, müasir avadanlıqlarla təmin edilmişdir. Ekranda  həmin təhsil müəssisələrindən fotogörüntülər nümayiş olundu.

Məruzə-təqdimatda qeyd olundu ki, ötən il "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institutlaşdırma) və  alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)"na müvafiq olaraq bir sıra əhəmiyyətli işlər həyata keçirilmişdir. Belə ki, proqramın icrası istiqamətində əlaqədar qurumlarla birlikdə bütün internat məktəb və uşaq evlərinin fəaliyyətinin monitorinqi aparılmış, dövlət uşaq müəssisələrinin və orada yaşayan uşaqların qiymətləndirilməsi keçirilmiş, məlumat bazası yaradılaraq müvafiq transformasiya planı hazırlanmışdır. Plana əsasən Bakı şəhəri 2 nömrəli uşaq evi nəzdində alternativ qayğı mərkəzi - "Günərzi Qayğı Mərkəzi" yaradılmışdır. Bu sahədə görülən digər işlərdən  danışan nazir  görülməsi vacib olan məsələləri də qeyd etdi. ölkədə "Uşaq müdafiə sistemi" yaradılmasının zəruriliyini diqqətə çatdıran təhsil naziri pərakəndə fəaliyyət göstərən qurumların əvəzinə ilkin mərhələdə Təhsil Nazirliyinin tabeliyində Uşaq Müdafiə Departamenti, pilot rayonlarında isə onun şöbələrinin, daha sonra  pilot layihə çərçivəsində məlumat bankının, alternativ qayğının təşkili, ailələrə verilmiş uşaqların vəziyyətinin öyrənilməsi üzrə monitorinq sisteminin yaradılmasının nəzərdə tutulduğunu söylədi.  ölkə başçısı cənab İlham Əliyevin 22 dekabr 2008-ci il tarixli sərəncamı ilə 2009-cu ilin "Uşaq ili" elan edilməsinin bu istiqamətdə daha bir vacib addım olduğunu hesab edən Misir Mərdanov bununla bağlı bir sıra tədbirlərin həyata keçiriləcəyini söylədi.

Məktəblərin maliyyələşdirilməsi məsələsinə toxunan təhsil naziri 2007-ci ildən maliyyə islahatlarının reallaşdırılması istiqamətində bir sıra qabaqcıl ölkələrin təcrübəsi öyrənilməklə 3 rayonun (Ucar, İsmayıllı rayonları, Şirvan şəhəri) 59 məktəbində adambaşına maliyyələşmənin tətbiqi üzrə eksperimentə başlanıldığını dedi.

Məktəbdənkənar təhsildə də nailiyyətlər əldə olunmuşdur.  Belə ki, dünya və Avropa çempionatlarında, olimpiadalarda, müsabiqə və yarışlarda qazanılan çoxsaylı qələbələr məhz məktəbdənkənar təhsil müəssisələrinin xidməti sayəsində mümkün olmuşdur. Məktəbdənkənar təhsil müəssisələrinin infrastrukturu yeniləşdirilmiş,  onların şəbəkəsinin optimallaşdırılması, maddi-tədris bazasının möhkəmləndirilməsi istiqamətində ciddi işlər aparılmışdır.Qarşıda bu sahənin inkişafı ilə bağlı bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Məruzə-təqdimatında "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət  Proqramı (2007-2012-ci illər)"nın icrası ilə bağlı görülən işlərdən danışan nazir bu sahədə yeniliklərdən  bəhs etdi. Bildirdi ki, Proqram çərçivəsində texniki peşə təhsili üzrə analitik məlumat  bazası və İnternet səhifəsi, Avropa Komissiyası ilə birgə layihənin icrası ilə əlaqədar idarəetmə qrupu yaradılmışdır. Müəssisələr 38 adda 1222 dəst olmaqla əyani vəsaitlərlə təmin edilmişdir. TPİ-də YUNESKO-nun dəstəyi ilə "Texniki peşə təhsilinin inkişaf mərkəzi"nin yaradılmasına başlanmışdır. Cari dərs ilinin əvvəlində Qəbələdə turizm və otelçilik üzrə müasir tələblərə cavab verən peşə- tədris mərkəzi açılmışdır. 9 peşə təhsili müəssisəsi  əsaslı təmir edilmiş və avadanlıqlarla təmin olunmuşdur. Bu sahədə görülən işlərin davamlı olacağını bildirən nazir  perspektivlərdən danışdı.

Təhsil naziri daha sonra ali təhsilin yeniləşməsi, keyfiyyət göstəricilərinin  artması istiqamətində həyata keçirilən və keçirilməsi nəzərdə tutulan məsələlərdən geniş söz açdı. Misir Mərdanov qeyd etdi ki, son illərdə Boloniya Bəyannaməsinin müddəalarına uyğun olaraq ali təhsil sisteminin yeniləşdirilməsi və təhsilin keyfiyyətinin ümumavropa tələblərinə uyğunlaşdırılmasına ciddi diqqət yetirilmişdir. Dövlət başçısının "Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında"  31 yanvar 2008-ci il tarixli sərəncamından irəli gələn vəzifələrin həlli istiqamətində mühüm addımlar atılmışdır.

ölkə Prezidentinin həmin sərəncamına əsasən "2009-2013-ci illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı" layihəsi hazırlanıb hökumətə təqdim edilmişdir. Nazir bildirdi ki, adıçəkilən Proqram təsdiq olunduqdan sonra onun icrası ilə bağlı həyata keçiriləcək tədbirlər ali təhsil sisteminin inkişafında mühüm bir  mərhələ təşkil edəcəkdir. Digər verilən məlumatdan aydın oldu ki, Dünya Bankı ilə imzalanmış Sazişə əsasən ölkəmizdə ali təhsilin inkişafı üzrə layihə hazırlanır.

Ali təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi və infrastrukturunun yeniləşdirilməsi, əlverişli təhsil şəraitinin yaradılması istiqamətində də əhəmiyyətli işlər görülmüşdür. Ekranda əsaslı təmir olunmuş, müasir avadanlıqlar, maddi-texniki baza ilə təchiz olunmuş ali məktəblərin, yeni tikilmiş tədris korpuslarının, laboratoriyaların, təcrübə mərkəzlərinin, informasiya resursları kompleksinin, qapalı və açıq idman zallarının fotogörüntüləri nümayiş olundu.

Nazir  sonra diqqəti müəllim hazırlığı məsələsinə yönəldərək, bu işlə məşğul olan ali və orta ixtisas məktəblərinin  rəhbərlərinə  məsələyə çox ciddi, diqqətlə yanaşmağı tövsiyə etdi və bununla bağlı bir sıra məqamlara toxundu. Ali təhsil sahəsində görülən işlər haqqında kollegiya iştirakçılarına ətraflı məlumat verən nazir, həmçinin qarşıda duran vəzifələri də  diqqətə çatdırdı.

Təhsil nazirinin slaydlarla təqdim etdiyi məruzədə orta ixtisas təhsili, təhsil sənədlərinin tanınması, Təhsil Nazirliyinin beynəlxalq təşkilatlarla əməkdaşlığı, ali təhsil elmi məsələlərindən də söz açıldı, bu istiqamətdə görülmüş işlər təhlil olundu, həyata keçirilməsi nəzərdə tutulan tədbirlər sadalandı.

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə  təhsili üzrə Dövlət Proqramı"ndan söz açan nazir bunun ölkəmizin təhsil sahəsində beynəlxalq əlaqələrinin daha da genişlənməsinə hərtərəfli imkan və şərait yaratdığını söylədi. Bildirdi ki, hazırda 4000 nəfər azərbaycanlı gənc dünyanın müxtəlif ölkələrinin ali məktəblərində təhsillərini müvəffəqiyyətlə davam etdirir, onlardan 895 nəfəri dövlət hesabına təhsil alanlardır. Bu tələbələrin böyük əksəriyyəti Türkiyə, Rusiya, çin və Misirdə təhsil alırlar.

Dövlət başçısı tərəfindən təsdiq edilmiş Proqram çərçivəsində xaricdə təhsil almağa göndərilənlərin sayının 2007-2015-ci illərdə 5000 nəfərə çatdırılması əsas hədəf kimi müəyyənləşdirilmişdir. Proqrama əsasən iki il ərzində 199 gənc dünyanın 14 ölkəsinin 45 ali məktəbinin bakalavr, magistratura və doktorantura pillələrində müxtəlif sahələr üzrə  təhsil almağa göndərilmişdir.

 Nazir 2008-ci ildə dövlət xətti ilə, həmçinin proqram çərçivəsində 2007, 2008-ci illərdə təhsilalanlar və onların  hansı ölkələrdə oxuması ilə bağlı statistik rəqəmlərlə kollegiya iştirakçılarını tanış etdi. Dövlət Proqramının icrası ilə bağlı 2008-ci ildə ABŞ hökuməti, Alman Akademik Mübadilə Xidməti (DAAD) və Fransanın KNOUS təşkilatı ilə Təhsil Nazirliyi arasında  sazişlər imzalandığını söylədi.

Nazir onu da xüsusi qeyd etdi ki, ali təhsil sahəsində aparılan məqsədyönlü islahatların nəticəsidir ki, ölkəmizdə təhsil alan əcnəbi tələbələrin sayı da ilbəil artır. Əgər 2004-cü ildə Azərbaycanın ali məktəblərində 28 ölkədən 2471 nəfər əcnəbi tələbə təhsil alırdısa, hazırda onların sayı 40 ölkəni təmsil etməklə 7111 nəfərə çatmışdır.  Təhsil naziri sonra  ali məktəblərimizdə təhsil alan əcnəbi tələbələrin ölkələr üzrə təsnifatını apardı, onların ali məktəblər üzrə sayını göstərdi. Bununla  bağlı digər məsələlərə də toxunan Misir Mərdanov çıxışının sonunda ötən il təhsil sahəsində görülən işlərin  davam etdiriləcəyini deyərək, təhsil sektorunun ayrı-ayrı sahələri üzrə 2009-cu ildə qarşıda duran vəzifələrin uğurla həyata keçiriləcəyinə ümidvar olduğunu bildirdi, bu yolda bütün təhsil işçilərinə uğurlar arzuladı.

Məruzə-təqdimat başa çatdıqdan sonra kollegiya iclasında mövzu ətrafında müzakirələr aparıldı.

çıxış üçün söz alan Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov nazirin təqdim etdiyi hesabat məruzəsindən çox razı qaldığını dedi. Artıq bir neçə ildir ki, kollegiya iclaslarında iştirak edərək bu sahədə gedən proseslərlə yaxından tanış olduğunu bildirən natiq Azərbaycanda təhsilin çox sürətlə inkişaf etməsi qənaətinə gəldiyini və bunun hamı üçün sevindirici fakt olduğunu qeyd etdi.

Ziyafət Əsgərov Azərbaycan dövləti və ölkə parlamentinin bu gün təhsilin vətəndaş-cəmiyyət-dövlət triadası formasında inkişafını zəruri saydığını diqqətə çatdırdı. çünki Azərbaycan vətəndaşı kamil bir insan kimi yetişirsə, deməli, biz Azərbaycanda yaxşı vətəndaş cəmiyyəti qura bilərik. Əgər vətəndaş cəmiyyəti qurulubsa, deməli, biz güclü dövlət yarada, beləliklə, nüfuzlu dövlət quruculuğunu müvəffəqiyyətlə həyata keçirə bilərik. Daha sonra çıxışında uzun illər parlamentdə müzakirə obyekti olan və II oxunuşda qəbul edilən təhsil haqqında qanundan bəhs edən Z.Əsgərov bəzilərinin yanlış təsəvvürlərinin əksinə olaraq, bu qanunun bütün standartlara cavab verməsinin qeyri-mümkün olduğunu vurğuladı. Dedi ki, əslində bu bir çərçivə qanunudur. Qəbul edildikdən sonra ümumi prinsiplər əsasında təhsilin ayrı-ayrı sahələri üzrə sənədlər hazırlanmalı, qanunlar qəbul edilməlidir və yalnız bundan sonra biz istədiyimizə nail ola bilərik.

Tədris müəssisələrində Konstitusiyanın tədrisi məsələsinə toxunan Ziyafət Əsgərov bu istiqamətdə müvafiq işlər görülməsinin labüd olduğunu dedi. Qeyd etdi ki, biz hüquqi dövlət qururuqsa və bu dövlətin ali məqsədi insanların hüquq və azadlıqlarının təminatıdırsa, ilk növbədə, vətəndaşların öz hüquqlarını dərindən bilməsi ilə məşğul olmalıyıq. Etiraf etmək lazımdır ki, bu gün hər bir Azərbaycan vətəndaşının istər siyasi, istər iqtisadi, istərsə də mədəni hüquq və vəzifələrini mənimsəməsində istənilən səviyyə yoxdur. Bu səbəbdən də orta məktəblərdə Azərbaycan Respublikasının Konstitusiyası fənninin tədrisinə daha məsuliyyətlə yanaşılmalı, gənclərin öz hüquq və azadlıqları haqqında biliklərə yiyələnməsinə xüsusi diqqət yetirilməlidir.

Millət vəkili Asəf Hacıyev belə əhəmiyyətli bir tədbirə dəvət olunduğu üçün təşəkkür edərək təhsil nazirinin çox əhatəli və məzmunlu çıxışını dinləməkdən məmnun qaldığını dedi. Azərbaycanlı gənclərin xarici ölkələrdə təhsil alması məsələsinə münasibətini bildirən Asəf Hacıyev qeyd etdi ki, dünyanın nüfuzlu universitetlərinə qəbul olunmaq istəyənlər xüsusi proqramlar əsasında imtahan verməlidirlər. Bu imtahanlar müəyyən bir qurum tərəfindən ildə 3 dəfə təşkil olunur. Lakin dövlət səviyyəsində müraciət olunursa, həmin təşkilatın nümayəndələri gəlib özləri bu ölkədə imtahan keçirirlər. Parlament üzvünün fikrincə, Təhsil Nazirliyinin bu təşəbbüsü öz üzərinə götürməsi məqsədəuyğun olardı.

Sonra o, diqqəti belə bir məsələyə yönəltdi ki, bu gün AMEA-da, eləcə də ali məktəblərdə böyük elmi potensial mövcuddur. çalışmaq lazımdır ki, alimlərin məqalələri Azərbaycanla yanaşı, digər dövlətlərin nüfuzlu elmi jurnallarında da dərc olunsun. çünki müəyyən elm sahələri üzrə ayrı-ayrı ölkələrin alim və mətəxəssisləri, onların elmi tədqiqatları məhz həmin mətbu orqanları vasitəsilə dünya səviyyəsində tanınır.

Kollegiya üzvləri adından çıxış edən BDU-nun rektoru, akademik Abel Məhərrəmov bu gün çox böyük bir hesabat dinlədiklərini və bu hesabatdan da göründüyü kimi, doğrudan da Azərbaycan təhsilində böyük uğurların olduğunu dedi: "Hansı dövrdə təhsildə belə böyük nailiyyətlər əldə olunub? Demokratik, hüquqi dövlət quruculuğu prosesində Azərbaycan təhsilini dünya müstəvisinə qoya biləsən, təhsilin dünyəviliyini diqqət mərkəzində saxlayasan, daxili islahatları aparasan, bunların paralelliyini gözləyəsən və milli mənəvi dəyərlərə toxunmayasan. Bu, xırda məsələ deyil".

Abel Məhərrəmov hesabatda təhsilin ayrı-ayrı sahələri üzrə uğurları əks etdirən rəqəmlərin arxasında təhsil işçilərinin böyük zəhmətinin, ilk növbədə, ölkə rəhbəri cənab İlham Əliyevin uğurlu siyasətinin durduğunu söylədi. Prezident İlham Əliyevin təsdiq etdiyi "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın həyata keçirilməsi ilə bağlı fikirlərini diqqətə çatdıran natiq qeyd etdi ki, bu işə sadəcə azərbaycanlı gənclərin dünyanın aparıcı universitetlərində təhsil alıb qayıtması kimi yanaşmaq düzgün olmazdı. Bu, çox məsuliyyətli və əhəmiyyətli bir məsələdir. Həmin gənclər oradakı effekti, potensialı Azərbaycan mühitinə gətirməlidirlər. Onlar gəlib Azərbaycan təhsilində inqilab etməli, məktəb yaratmalıdırlar. Müəyyən müddətdən sonra onlardan istifadə etmək lazımdır. Xarici ölkələrdə təhsilini başa vurmuş bir neçə gənclə söhbət etdiyini və onların ixtisaslarına uyğun iş tapmaqda çətinlik çəkdiyini deyən natiqin fikrincə, Proqramın həyata keçirilməsində aparıcı qüvvə Təhsil Nazirliyi olmalı və bu iş sifariş əsasında görülməlidir. (Yəni, universitetlər müəyyən bir sahə üzrə kadr potensialının zəifləməsi ilə bağlı Təhsil Nazirliyinə müraciət edir və nazirlik təhsil almaq üçün göndərilən şəxslə qayıtdıqdan sonra ehtiyac duyulan müəssisədə işləmək barədə müqavilə bağlayır).

Kollegiya iclasında çıxış edən millət vəkilləri Məlahət Həsənova, Gültəkin Hacıbəyli, Qənirə Paşayeva, Azərbaycan Tibb Universitetinin rektoru Əhliman Əmiraslanov təhsilin müxtəlif sahələrinə dair fikir və mülahizələrini bildirdilər. çıxışlarda gənclərin çağırışaqədərki hazırlığı fənninin tədrisi vəziyyəti, xarici ölkələrdə oxuyan tələbələrin təqaüdlərinin artırılması, beynəlxalq olimpiada iştirakçılarının xüsusi diqqət və qayğı ilə əhatə olunmasının zəruriliyi, texniki peşə təhsili və s. məsələlərlə bağlı təkliflər səsləndi. Təhsil naziri Misir Mərdanov tədbir iştirakçılarını maraqlandıran sualları cavablandırdı. Bununla da kollegiya iclası başa çatdı.

 

Samirə KƏRİMOVA,

Hicran ƏKBƏROVA