· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Tələbələr imtahanların şəffaf keçməsindən razıdırlar

Qış imtahan sessiyasının gedişini müşahidə etmək məqsədilə yanvarın 12-də Bakı Dövlət Universitetinə yollandıq. öncə zala toplaşan fakültələrin nümayəndələri - koordinatorlar, müəllimlər, nəzarətçilər və müşahidəçilər qarşısında keçirilən imtahanların nəticələri barədə məlumat verən BDU-nun rektoru, akademik Abel Məhərrəmov qeyd etdi ki, semestr ərzində çoxlu sayda tələbələr imtahan verib, təbii ki, qeyri-kafi qiymət alanlar da olub.

Yoxlamalar və təhlillər aparıldıqda məlum olub ki, 1-ci və 2-ci yoxlama arasında bəzi fakültələrdə müəyyən fərqlər yaranıb. Auditoriyalarda məsuliyyətin tam olaraq koordinator və bu işə təhkim olunmuş digər nəzarətçilərin çiyninə düşdüyünü bildirən Abel Məhərrəmov təsdiq olunmuş neqativ faktların əksəriyyətinin yerində həll olunduğunu vurğuladı. BDU-nun 1-ci kurs tələbələri Boloniya prosesinin tələblərinə uyğun olaraq imtahan verirlər. Lazımi tövsiyələrini verən rektor imtahan keçirilən otaqların bölgüsünü və koordinatorları elan etdi. Onlara təlimati sənədlər təqdim olundu. Sonra imtahanların təşkili və gedişi prosesini yerində görmək üçün, ilk olaraq, tarix fakültəsində olduq. Fakültənin dekanı, tarix elmləri doktoru Sani Hacıyev bildirdi ki, imtahan sessiyasına hazırlıq işləri rektorun əmrinə əsasən təşkil edilib.

Xüsusi lövhələrdə dərs ilinin əvvəlində bütün qrupların tələbələrinə imtahan keçiriləcək fənlərin siyahısı göstərilir, onlara suallar təqdim olunur, imtahanların şəffaf və obyektiv keçirilməsi üçün BDU-nun nüfuzlu əməkdaşlarından ibarət nəzarətçilər və Tələbə Həmkarlar İttifaqı Komitəsinin nümayəndələri tərəfindən müşahidəçi qrupları təşkil edilib. "Qaynar xətt" fəaliyyətdədir. Təklif və iradlar qutusundakı müraciətlərə dərhal reaksiya verilir.

S.Hacıyev bildirdi ki, tarix fakültəsində imtahanlar yanvarın 7-də başlanıb. Yanvarın 12-də 1-ci və 3-cü kurslarda 18 qrupda imtahanlar gedib. II, III, IV kurslarda imtahanlar 100 ballıq sistemlə keçirilir. Hər semestrin ən azı iki imtahanı monitorinq üsulu ilə aparılır. 1-ci kurs tələbələrinə isə Boloniya prosesinin kredit sistemi tətbiq olunub.

Daxil olduğumuz 1-ci otaqda tarix fakültəsinin I kurs 1032-ci qrupun tələbələri əyləşmişdilər. Mənbəşünaslıq fənnindən monitorinq üsulu ilə imtahan verirdilər. İmtahanda koordinatorlar Məlahət Nuriyeva və Əziz Məmmədov idi. 31 tələbənin hamısı iştirak edirdi. Tələbə Gülyanaq İmamverdiyevanın imtahan vərəqəsinə baxdıqda məlum oldu ki, 5 sualın artıq 4-nə cavab yazıb. Bildirdi ki, suallar tam normaldır. Dekan əlavə etdi ki, Gülyanaq qəbul imtahanlarında 604 bal toplayıb. Ən yaxşı tələbələrdən biridir.

I kurs 026-cı qrupda isə Azərbaycan tarixi fənnindən monitorinq üsulu ilə imtahan keçirilirdi. 25 tələbənin hamısı iştirak edirdi. Burada koordinatorlar Aşur Əliyev və Sevinc İbrahimova idi. Tələbələr fəallıq göstərirdi. 3-ü artıq auditoriyanı tərk etmişdi. ülkər Sultanova, Ceyran Nəzərəliyeva, Aysel Şirinli, Cavid Abbasov, Səbihə Nəbiyeva və Ləman Mütəllimovanın imtahan vərəqələrinə yazdığı cavablar xoş təsir bağışlayırdı.

Tələbələr imtahanların obyektiv keçirilməsindən razı idilər. BDU-nun prorektoru Məcnun Babayev və dekan Sani Hacıyevin imtahanların gedişinə ciddi nəzarət etməsi və bizim müşahidələrimiz əsas verir ki, proses normal başa çatacaqdır. Neqativ hallara rast gəlmədik. Cavablar isə kodlaşdırılaraq bir neçə saat ərzində fənn müəllimləri tərəfindən cavablandırılacaq.

Həmin gün hüquq fakültəsində 11 imtahan - 5-i monitorinq, 6-sı isə adi qaydada keçirilirdi. Fakültə dekanının 1-ci müavini Məhəmməd İmanlı bildirdi ki, imtahanların gedişi öz qaydasındadır. Boloniya prosesinə qoşulan 1-ci kurs tələbələri daha fəaldır. Onların 9-u Prezident təqaüdünə layiq görülmüşdür. Yüksək nəticələr gözləyirik. İnanırıq ki, builki uğurlarımız keçən ilə nisbətən daha çox olacaqdır.

 

Fazil İDRİSOĞLU,

foto müəllifindir