· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

 

Almatıda keçirilən Türk Dünyası Riyaziyyatçıları Cəmiyyətinin 3-cü konqresində Azərbaycan nümayəndələri də iştirak edirlər

 

İyulun 1-də Türk Dünyası Riyaziyyatçıları Cəmiyyətinin təşəbbüsü ilə Almatıdakı Əl-Fərabi adına Qazaxıstan Milli Universitetində türk dünyası riyaziyyatçılarının 3-cü konqresi öz işinə başlamışdır.

Konqresdə Azərbaycan, ABŞ, Türkiyə, özbəkistan, İran, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Belarus və Rusiya, ümumiyyətlə, dünyanın 15 ölkəsinin elmi-tədqiqat institutları və ali təhsil müəssisələrinin 600-dən artıq alimi iştirak edir. Onların arasında Türk Dünyası Riyaziyyatçıları Cəmiyyətinin prezidenti Hilmi Hacısalehoğlu, Azərbaycan MEA-nın vitse-prezidenti, akademik Fikrət Əliyev, Qazaxıstan MEA-nın akademiki Muxtarbay Otelbayev və digər tanınmış riyaziyyatçılar vardır. Konqresdə dörd gün ərzində bölmələr üzrə riyaziyyatın müxtəlif sahələrinə aid 600-ə yaxın məruzə dinləniləcəkdir.

Tədbiri Qazaxıstanın elm və təhsil naziri Janseit Tuymebayev açaraq iştirakçıları təbrik etmiş, ölkənin Baş naziri Kərim Məsimovun konqres iştirakçılarına təbrikini oxumuşdur. Orada deyilir: "Qazaxıstanda belə bir forumun keçirilməsi bu sahədə ölkəmizdə əldə edilən elmi uğurlardan xəbər verir. Şübhə etmirəm ki, bu forum ölkədə riyaziyyat elminin inkişafına böyük təkan verəcək".

Bildirilmişdir ki, konqresin keçirilməsindən məqsəd riyaziyyatın gələcək inkişafı haqqında söhbət etmək, bu ölkələr arasında elmi əlaqələrin genişləndirilməsi, elmi-tədqiqat işlərinə informasiya texnologiyalarının tətbiqi, beynəlxalq əlaqələrin dərinləşdirilməsi sahəsində əməkdaşlıq etməkdir.

Konqres iyulun 4-də başa çatacaq.

 

AzərTAc

 

 

 

NDU-da məzun günü qeyd olundu

 

Naxçıvan Dövlət Universitetinin Konservatoriyasında məzun günü qeyd olundu.

Universitetin müxtəlif fakültələrinin məzunlarının iştirakı ilə keçirilən tədbirdə giriş sözü ilə rektor, akademik İsa Həbibbəyli  çıxış edərək bu əlamətdar gün münasibətilə bütün məzunları təbrik etdi, onlara gələcək işgüzar və şəxsi həyatlarında uğurlar arzuladı.

Rektor universitetin 42-illik fəaliyyəti dövründə qazanılan nailiyyətlərdən, həyata  keçirilən  genişmiqyaslı abadlıq işlərindən, təhsil ocağında təşkil olunan beynəlxalq və respublika miqyaslı simpozium və  konfranslardan, tələbələrin 4-illik təhsil dövründə universitet həyatının müxtəlif sahələrində yaxından iştirakından ətraflı bəhs etdi. Natiq, həmçinin bu il universitetin magistratura şöbəsini bitirən bir qrup tələbənin ali məktəbdə işlə təmin olunduğunu böyük iftixarla nəzərə çatdırdı.

Universitetin xarici tələbələrlə iş üzrə dekanı Xanəli Kərimli tədbirdə çıxış edərək bu gün universitetimizdə sayca 38-ci məzun gününün qeyd edildiyini vurğuladı. Dekan qeyd etdi ki, universitetdə keçirilən ilk məzun günündən fərqli olaraq bu gün Naxçıvan Dövlət Universitetinin 900 nəfərdən artıq məzunu var və onlar regionun və ölkənin müxtəlif müəssisə və təşkilatlarında müvafiq işlə təmin olunaraq bitirdikləri ali məktəbin adını daim uca tuturlar.

Sonra tədbir bədii hissə ilə davam etdi.

Sonda məzun tələbələrin bir neçəsinə venetkalar təqdim, onların təhsilində, vətəndaş ziyalı kimi formalaşmasında əməyi keçən yubilyar universitet müəllimləri Fəxri fərman və hədiyyələrlə təltif olundu.

Tədbirin gedişində  Naxçıvan Dövlət Universitetinin inkişaf yolunu təcəssüm etdirən slaydlar da nümayiş olundu.

 

Nərmin CƏFƏROVA,

NDU-nun Mətbuat şöbəsinin əməkdaşı

 

 

 

 

Daha 131 tələbə ARDNŞ təqaüdü alacaqdır

 

 Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətindən bildirmişlər ki, iyunun 30-da ölkənin ali təhsil müəssisələrinin tələbələrinə 2008-2009-cu tədris ilinin birinci semestrinin nəticələrinə görə ARDNŞ təqaüdünün təqdim olunması mərasimi keçirilmişdir.

Mərasimdə çıxış edən ARDNŞ prezidenti Rövnəq Abdullayev şirkətin təqaüdünə layiq görülmüş tələbələri təbrik etmiş, Prezident İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq ARDNŞ-ın həyata keçirdiyi Təqaüd Proqramı haqqında ətraflı məlumat vermişdir.

Tədbirdə çıxış edən təhsil naziri Misir Mərdanov ARDNŞ-ın həyata keçirdiyi bu aksiyanın gələcəkdə daha geniş vüsət alacağına əminliyini bildirmişdir. Sonra ARDNŞ prezidenti Rövnəq Abdullayev, təhsil naziri Misir Mərdanov, Moskva Dövlət Universitetinin Bakı Filialının rektoru Nərgiz Paşayeva, Azərbaycan Dövlət Texniki Universitetinin rektoru Havar Məmmədov, Azərbaycan Dövlət Neft Akademiyasının rektoru Siyavuş Qarayev və Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı şirkətin müsabiqə komissiyasının qərarına əsasən təqaüdə layiq görülmüş 131 tələbəyə ARDNŞ-ın təqaüdlərini (plastik kartları) və xatirə hədiyyələrini təqdim etmişlər.

 

 

 

 

 

 

Pilot layihə uğurla həyata keçirilir

 

Təhsil Nazirliyindən bildirmişlər ki, hazırda həyata keçirilən "Elektron məktəb" pilot layihəsi ölkəmizdə milli təhsil modelinin formalaşdırılmasına xidmət edəcəkdir.

Həmin layihə çərçivəsində kompüterlərdən nəinki informatika dərslərində, həmçinin başqa fənlərin tədrisində də geniş istifadə ediləcəkdir.

 

 

 

Şəhid ülvi Bünyadzadənin xatirəsi anıldı

 

 İyunun 30-da Azərbaycan Dillər Universitetinin bir qrup müəllim  və tələbə heyəti 20 Yanvar şəhidi, ADU-nun tələbəsi olmuş ülvi Bünyadzadənin doğum günü münasibətilə onun vaxtilə təhsil aldığı Daşkəsən şəhər 1 nömrəli orta məktəbdə keçirilən tədbirdə iştirak edib.

Tədbiri giriş sözü ilə açan Daşkəsən şəhər 1 nömrəli orta məktəbin direktoru T.Əsədova ülvi Bünyadzadənin məktəb illərində çox fəal  şagird olduğundan, onunla bağlı maraqlı xatirələrdən söhbət açıb.

Sonra ülvi Bünyadzadəyə həsr olunmuş şeirlər səsləndirilib. Şəhidin yazdığı şeirlərdən bir  neçəsini söyləyən şagirdlər ülvi kimi cəsarətli, vətənini sevən bir  gənc olacaqlarına and içiblər.

Mərasimin sonunda şəhidin atası Yusif Bünyadzadə belə bir tədbirin təşkil olunmasına görə ADU-nun  rəhbərliyinə  və Daşkəsən şəhər 1 nömrəli orta məktəbin  pedaqoji kollektivinə  ailə üzvləri adından təşəkkürünü bildirib.

 

 

 

 

Azərbaycanlı alimə Bəkir çobanzadə adına mükafat verilib

 

Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşı, filologiya elmləri doktoru Mahmud Allahmanlı Ukrayna Respublikasında kırımtatarlarının böyük şairi, ədəbiyyatşünas və dilçi alim Bəkir çobanzadə adına mükafata layiq görülüb.

Mükafatın təqdimatı ilə bağlı mərasim Bəkir çobanzadənin anadan olduğu Qarasubazarda keçirilib. Mərasimdə Kırımtatar Respublikası Ali Məclisinin sədr müavini Rufat Cubarov, Kırımtatar Yazıçılar Birliyinin sədri Rza Fazil, Ukraynadakı Azərbaycan diasporunun nümayəndələri və qonaqlar iştirak ediblər. Filologiya elmləri doktoru Mahmud Allahmanlı bu mükafatı kırımtatarların qüdrətli el sənətkarı "Aşıq ömərin yaradıcılığı" adlı monoqrafiyasına görə almışdır. Onu da qeyd edək ki, o, bu mükafata layiq görülən ilk xarici ölkə vətəndaşıdır.

Mərasimdə M.Allahmanlı Kırımtatar ədəbiyyatının problemləri ilə bağlı məruzə etmiş, ədəbi, mədəni, tarixi əlaqələrdən və gələcək tədqiqat planlarından danışmışdır. Sonda azərbaycanlı laureatın şərəfinə Azərbaycan xalq mahnıları səsləndirilmişdir.

Ş.ELNUR

 

 

 

 

 

 

 

Tələbələr biliklərini nümayiş etdirirlər

 

 Respublikanın ali təhsil müəssisələrində olduğu kimi, orta ixtisas məktəblərində də semestr və buraxılış imtahanları keçirilir.

Bu il Bakı Mədəni-Maarif Texnikumunu  ibtidai təhsil, xarici dil (ingilis dili)  və musiqi şöbələri üzrə 257 nəfər bitirir.Texnikumun ibtidai təhsil şöbəsinin müdiri  Talıb  Zülfiyevdən aldığımız məlumata görə,  builki buraxılışda beş qrupda  şöbə üzrə 75 tələbə dövlət attestasiya imtahanlarına buraxılıb.  Onlardan bir nəfəri üzrsüz səbəbdən imtahanda iştirak etməyib. İmtahana hazırlıq işləri  ilə bağlı normativ sənədlər əvvəlcədən hazırlanıb təsdiq olunub. Tələbələr yaxşı bilik nümayiş   etdirərək  aldıqları qiymətlərdən razı qalırlar.

Tələbələrdən Aytəkin Ağayeva, Rəvanə Bəyalıyeva, Gülşən Cəfərova, Şəfəq Rzayeva  və İlahə Həsənzadə   texnikumu fərqlənmə diplomu ilə bitiriblər.

 

Rəşad  ZİYADOV

 

 

 

 

Məzunlar liseylə əlaqə saxlamağı unutmurlar

 

Bakıdakı 2 nömrəli peşə liseyində şagirdlər mühasib, tənəkəçi-qaynaqçı, dülgər-parket ustası və başqa ixtisaslara yiyələnirlər. Bu peşələrin öyrədilməsində onlara dərs deyən  istehsalat təlimi ustalarından Ziyəddin İsgəndərov, Leyla Səfərova və Arif Nağıyevin əməyi böyük olmuşdur.

Liseyin direktoru Razim Mirzəyev bildirib ki, bu il təhsil ocağını 82 məzun bitirib. Buranı bitirən məzunlar istehsalatın müxtəlif sahələrində çalışsalar da, təhsil aldıqları liseylə əlaqə saxlamağı da unutmurlar.

Şakir CƏFƏROV