|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
çalışıram ki, uşaqların informatika fənninə olan münasibətini dəyişim
İnformatika fənninin Milli Kurikulumda özünəməxsus yeri var.
İnformasiya-kommunikasiya texnologiyalarının inkişaf etdiyi, bütün
fəaliyyət növlərinin mobilləşdiyi bir vaxtda informatika fənninin
tədrisi mühüm əhəmiyyət kəsb edir.
Möhtərəm Prezidentimiz İlham Əliyevin lMən informasiya-kommunikasiya
texnologiyalarının Azərbaycanda tətbiqini prioritet məsələ elan edirəm»
fikri də hazırda ümumtəhsil məktəblərində tədris olunan fənnin
aktuallığını, günün tələbləri səviyyəsində tədris edilməsinin
vacibliyini göstərir. Mən 1992-ci ildən Fizika-riyaziyyat təmayüllü
liseydə informatika fənnini tədris edirəm. Tədris etdiyim fənnin
dövlətimiz üçün strateji əhəmiyyət daşıdığını dərk etdiyim üçün buna
şagirdlərimin və onların valideynlərinin ciddi yanaşmalarını görəndə çox
sevinirəm. Liseyimiz təmayül məktəbi olduğuna görə şagird kontingenti
çox müxtəlifdir. Şagirdlərimizin arasında şəhər məktəblərindən
gələnlərlə yanaşı, bölgələrdən gələn uşaqlar da olur. Bu uşaqların və
onların valideynlərinin informatika fənninə bəzən çox fərqli
münasibətinin şahidi oluram. Kompüterlə davranmağı az-çox bacaran
uşaqlar güman edirlər ki, informatika kompüter fənnidir və onlar artıq
bu fənni bilirlər. Ona görə də hesab edirlər ki, bu fənnə artıq vaxt
sərf etməyə ehtiyac yoxdur. Valideynlər də, təəssüf ki, bir çox hallarda
uşağın kompüter oyunları oynamasını onun kompüteri yaxşı bilməsi kimi
qiymətləndirirlər. Müasir dövrlə ayaqlaşmağı bacaran hər bir kəs bilir
ki, şagirdin bilik və bacarıqlara yiyələnməsində
informasiya-kommunikasiya vasitələrinin yeri ölçüyəgəlməz dərəcədə
böyükdür. Sadəcə, bunu qəbul etmək lazımdır. Bunu bildiyim üçün
çalışıram ki, şagirdlərin informatika fənninə münasibətini dəyişim. Bu
məqsədlə mümkün vasitələrdən istifadə edirəm.
Bütün bunları nəzərə alaraq mən, elə ilk gündən işimi başqa cür qururam.
1-ci dərsdən şagirdlərin kompüterlə işləməsinə imkan yaradıram. Bu üsul
həm kompüterlə davranmağı bilənlər, həm də onunla ilkin tanışlıq
mərhələsində olanlar üçün maraqlıdır. İngilis və rus dillərindən tərcümə
etdiyim ofis proqramlarının surətini çıxarıb onlara paylayıram.
Liseyimizdə ali məktəblərə qəbul imtahanlarının 1-ci və 2-ci qruplarına
yönəldilmiş siniflər var. Mən bu amilə ciddi münasibət bəsləyirəm. Dərs
zamanı çalışıram ki, şagirdlərin sınaq imtahanları verəcəkləri fənlərə
inteqrasiyasına nail olum. Dərslərimizdə coğrafiya fənni dərindən
öyrənilən sinifdə coğrafiya fənninə, fizika fənni təmayüllü sinifdə
fizika fənninə inteqrasiya edirəm. Elə mövzulara toxunuram ki, uşaqlar
üçün maraqlı olsun və onlar özləri mövzunun tədqiqinə maraq göstərsinlər.
Daim öz üzərimdə işləyirəm. Məktəbimizin maddi-texniki bazasının
möhkəmləndirilməsi də işimdə yüksək nəticələr əldə etməyimə kömək edir.
Dərsin gedişində məktəbimizdə mövcud olan ən yeni informasiya
texnologiyası avadanlıqlarından istifadə edirəm.
Məktəbimizin fəaliyyətinə dair sənədlərin kompüter texnologiyasından
istifadə edilməklə tərtibinə də xeyli vaxt ayırıram. Bu, mənim
öyrəndiklərimi tətbiq etmək və möhkəmləndirməkdən başqa, yeni biliklər
və bacarıqlar qazanmağıma yardım edir. lTəhsil» nəşriyyatı ilə
əməkdaşlıq edir, bir çox dərsliklərin və ictimai-siyasi məzmunlu
kitabların nəşrə hazırlanmasında bilavasitə iştirak edirəm. 9-11-ci
siniflər üçün lCoğrafiya», lİnsan və cəmiyyət», 6-9-cu siniflər üçün
lAzərbaycan tarixi», 8-11-ci siniflər üçün lKimya» və s. dərsliklərin
kompüter tərtibatı mənə məxsusdur.
Dərslik üzərində işləyərkən yalnız kompüter tərtibatı ilə
kifayətlənmirəm, onlar barədə irad və təkliflərimi də nəşriyyatın
müvafiq redaksiyalarına bildirirəm. Məsələn, hazırda ümumtəhsil
məktəblərində istifadə olunan ibtidai siniflər üçün informatika
dərslikləri məni çox maraqlandırdı. Yalnız redaksiya ilə deyil,
dərsliyin müəllif qrupu ilə əlaqə yaratdım. Onlar mənim təkliflərimi
yaxşı qarşıladılar. Bizim işbirliyimiz mənim üçün uğurlu oldu. Nəticədə
4-cü sinif "İnformatika" dərsliyinin rəyçilərindən biri oldum. 3-cü
sinfin isə dərsliyini metodik cəhətdən işlədim. Bundan başqa,
şagirdlərin informatika dərslərində istifadə etmələri üçün nəzərdə
tutulmuş dəftərlərin son səhifələrində informatikaya aid əsas
məlumatların tərtibini də bir mütəxəssis kimi nəşriyyat mənə həvalə etdi.
Milli Kurikulum təhsilin bilavasitə inkişafyönümlü bir proses kimi
stimullaşdırılmasını tələb edir. Buna nail olmaq üçünsə yorulmadan
çalışmaq lazımdır. Tam əminliklə söyləyirəm ki, kurikulumun tətbiqi ilə
biz daha böyük uğurlar qazanacağıq. Bizə bu imkanları yaradan
dövlətimizə, dövlət başçısına, respublika Təhsil Nazirliyinə, şəxsən bu
işlərə xüsusi diqqət və qayğı ilə yanaşan cənab nazirə və bu işdə əməyi
olan hər kəsə liseyimizin müəllimləri adından səmimi təşəkkürümü
bildirirəm.
Səadət QULUZADƏ,
fizika-riyaziyyat və informatika
təmayüllü liseyin müəllimi |