· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

"İnnovativ müəllimlər" müsabiqəsi  iştirakçılarının nəzərinə!

Qəzetimizin ötən nömrəsində xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyilə "Microsoft Azərbaycan" şirkəti Azərbaycanda "İnnovativ müəllimlər" müsabiqəsini elan edib. Müsabiqə Təhsil Nazirliyinin həmin korporasiya ilə təhsil sahəsində uzunmüddətli əməkdaşlığının tərkib hissəsidir və "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"na uyğun olaraq keçirilir.

Müsabiqədə məqsəd orta məktəblərdə ən yaxşı innovasiya üsulları tətbiq edən müəllimləri seçməkdir. Müsabiqə "Məzmunda innovasiyalar" və "Tərəfdaşlıqda innovasiyalar" olmaqla iki nominasiya üzrə təşkil olunub.

İlkin mərhələdə hər bir iştirakçı peşəkar münsiflər heyətinin qiymətləndirəcəyi layihənin təsvirini təqdim etməlidir. İkinci mərhələdə finalçılar öz layihələrinin təqdimatlarını keçirəcəklər.

Layihələrin qəbulu yanvarın 31-də başa çatacaq. Müsabiqədə iştirak etmək üçün www.itn-az.spaces.live.com

saytındakı  anketi    layihə planını doldurmaq və [email protected]  ünvanına göndərmək lazımdır.

 

 

 

Dövlət Proqramı çərçivəsində

 

Təhsil Nazirliyindən aldığımız məlumatda bildirilir ki, Dövlət Proqramı  çərçivəsində "Xarici ölkələrdə təhsil alacaq Azərbaycan tələbələrinin seçim qaydaları", Azərbaycan gənclərinin xaricdə təhsil almaları məqsədilə seçilmiş ali təhsil ocaqlarının siyahısı, Dövlət Proqramı çərçivəsində Azərbaycan gənclərinin xarici ölkələrin ali məktəblərində təhsil haqlarının ödənilməsi  qaydaları və digər  zəruri normativ-hüquqi sənədlər hazırlanaraq Nazirlər Kabineti  tərəfindən təsdiq olunmuşdur.

  2008-2009-cu tədris ilində  ikitərəfli müqavilələr çərçivəsində Rusiyanın, Türkiyənin, çin Xalq Respublikasının ali məktəblərinə  oxumaq üçün 170  tələbə göndərilmişdir.

 

500 məktəb sürətli İnternetlə təmin olunacaq

2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramına əsasən müəyyən işlərin görülməsi nəzərdə tutulur. Təhsil Nazirliyindən bildirirlər ki, Proqrama müvafiq olaraq 2009-cu ilin axırınadək 500 məktəb (Bakı, Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu) sürətli İnternetlə təmin olunacaq,  elektron tədris resursları bazası yaradılacaq, həm də yüksək idarəetmə və qərar qəbuletməyə xidmət edən DATA mərkəz yaradılacaq.

 

Şakir CƏFƏROV

 

 

 

 

Dünya təhsili

Tayvanda ali təhsil

Buraya ilk dəfə qədəm basan avropalılar Tayvanı "Gözəl ada" adlandırmışdılar. Flora və faunasının zənginliyi, landşaftının rəngarəngliyi, əla ekologiyası və iqlimi adanı yaşamaq üçün ideal yerə çevirir. Tayvanlılar qonaqpərvər və mehriban xalqdır. Tayvan iqtisadiyyatın, texnika və kənd təsərrüfatının inkişafında böyük uğurlar əldə edib. O, "dörd Asiya əjdahaları"ndan  (Şərqi Asiya liderləri - yeni sənaye ölkələri) biri olmuşdur. Tayvanın yarımkeçirici naqillər, mayekristallik ekranlar və digər yüksək texnologiyalı məhsullar istehsal edən Sinçju texnoparkı bütün dünyada məşhurdur.

Tayvanlılar haqlı olaraq hesab edirlər ki, uğurun təməli təhsildədir. ölkədə 143 ali məktəb var, onların 17-də xarici tələbələr üçün beynəlxalq mərkəzlər açılıb. İlk növbədə, onlar çin dilinin öyrənilməsini təklif edir və haqlı olaraq proqramlarının yüksək səviyyəsi ilə fəxr edirlər. Hər bir mərkəzin öz unikal metodikası və tədris materialları mövcuddur. Dərsliklər iki fonetik sistemlə buraxılır: ənənəvi çin və beynəlxalq.

Tayvanda olan çin dili kursları bir xüsusiyyətinə görə yaxşıdır ki, burada ənənəvi olan çətin ieroqliflər öyrədilir. Buna görə də buraya dünyanın bütün ölkələrindən tələbələr gəlirlər. Ənənəvi ieroqliflər xüsusi olaraq Tayvanda qorunub-saxlanıb. Beləliklə, burada xaricilər nəinki düzgün çin dilini öyrənir, həmçinin çinin adət-ənənələri, mədəniyyəti haqqında dolğun məlumat alırlar.

çin dilini artıq bilənlər üçün Tayvanın tədris ocaqları çin dilindən test imtahanı təklif edir (Chinese Proficiency Test). İmtahan ildə iki dəfə keçirilir: iyunda və dekabrda. Dili mənimsəmənin iki aspekti yoxlanılır - oxu və danışıq. İmtahan sualları çətinliyinə görə üç səviyyəyə bölünüb: başlanğıc (Basic), orta (İntermediate) və irəliləşdirilmiş (Advansed). İmtahanı uğurla keçənlər uyğun gələn dərəcə sertifikatı alır.

Dil kurslarından əlavə, xaricilər üçün baza universitet proqramları da açılıb. Bakalavr dərəcəsinin diplom kursu əsasən çin dilində, aspiranturada təhsil isə ingilis dilində mümkündür. Xüsusi olaraq Tayvan təhsilinin xaricdə inkişafı üçün Beynəlxalq Əməkdaşlıq və İnkişaf Fondu yaradılmışdır (ICDF). Fond ali məktəblərlə birgə  xaricilər üçün bir neçə təqaüd planı hazırlayıb. Kənd təsərrüfatı sahəsində magistratura və aspirantura; College of Commerce və College of Technology Management ali məktəblərində MBA proqramı (IMBA); "Tayvan tədqiqatları" ixtisası üzrə beynəlxalq magistratura; kompüter elmləri sahəsi üzrə beynəlxalq magistratura;  dəniz resurslarının idarə olunması sahəsi üzrə aspirantura; "Beynəlxalq səhiyyə" ixtisası üzrə magistratura; "Beynəlxalq əmək resurslarının inkişafı" ixtisası üzrə aspirantura; ətraf mühitin  sabit inkişafı sahəsi üzrə magistratura (İnternational Environment Sustainable Development).

Təqaüd 2 il müddətində verilir. Bu vaxt çərçivəsində proqramı bitirmək və magistr dərəcəsi almaq lazımdır.  Təqaüdə aviabilet, yaşayış və təhsil üçün xərclər, sığorta, dərsliklər və aylıq 15000 yeni Tayvan dolları ilə şəxsi xərclər daxildir.

 

 

 

Yaponiyada ali təhsil

Professional ali təhsil almaq üçün Yaponiyada çoxsaylı universitetlər və institutlar var. Tokio universiteti ölkənin ən qədim və hörmətli təhsil ocağıdır. Hazırda Tokio Universiteti "şəhər içində şəhər" görkəmi alıb, iki kvartaldan - Komaba və Xonqo kampuslarından ibarətdir. Birlikdə onlar 40 hektar ərazini əhatə edir. Burada təhsil kampusları, tədqiqat mərkəzləri və laboratoriyalardan başlayaraq botanika bağı və ya landşaft dizaynının eksperimental stansiyası kimi ekzotik obyektlərə qədər mövcuddur. Universitet özündə humanitar və dəqiq elmlərin kollecini, eləcə də 11 diplomdansonrakı məktəblərin 9 fakültəsini (hüquq, tibb, mühəndis-texniki elmlər, humanitar elmlər, dəqiq elmlər, kənd təsərrüfatı, iqtisadiyyat, pedaqoji və əczaçılıq) cəmləşdirir. Tələbələr bakalavr, magistr və elmlər doktoru dərəcələrinə uyğun yapon dərəcələri alırlar. Məsələn, təkcə magistr hazırlığı 104 istiqamətdə aparılır.

Universitetdə 11 tədqiqat institutu fəaliyyət göstərir. Burada Şərq mədəniyyəti, molekullar və hüceyrə biologiyası, kosmik şualanma və s. sahələr üzrə tədqiqatlar aparılır. Universitetin elmi hissələrinin əksəriyyəti, məsələn, atmosferin tədqiqat mərkəzi, beynəlxalq elementar hissəciklər fizikası mərkəzi, kompüter dizaynı mərkəzi və s.Yaponiyanın bütün alimləri üçün açıqdır.

Tokio Universitetində bakalavr dərəcəsi almaq, başqa ali məktəblərdə olduğu kimi, fakültəsindən asılı olaraq 4-6 il təşkil edir və 2 mərhələyə bölünür: ümumtəhsil və professional. İlk iki ildə bütün tələbələr humanitar və dəqiq elmlər kollecində təhsil alır, burada ümumtəhsil fənn kursları öyrənir və xüsusi fənlərin giriş kursları ilə tanış olurlar.

Proqramın əsas hissəsi yapon dilində keçilir, buna görə də xarici abituriyentdən dili bilməyi haqqında sertifikat və yapon dili testinin  (The Japanese Language Proficiensy Test Level 1) birinci dərəcəsindən uğurla keçməsi tələb olunur. Həmçinin sizdən kiçik bir esse yazmağı xahiş edəcəklər və şifahi imtahan edəcəklər. Əgər siz bütün bunlardan uğurla keçsəniz, özünüzü əsl yapon tələbəsi hesab edə bilərsiniz.

"Narodnoe obrazovanie" 

jurnalından tərcümə edən

Lamiyə ƏLİYEVA