· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Təhsil işçilərinin respublika konfransı

 

Sentyabrın 5-də "Gülüstan" sarayında təhsil işçilərinin ənənəvi respublika konfransı keçirildi. Konfransda Baş nazirin müavini Elçin Əfəndiyev, Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, Prezident Administrasiyası humanitar siyasət məsələləri şöbəsinin müdiri Fatma Abdullazadə, təhsil naziri Misir Mərdanov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının rektoru Hafiz Paşayev, Yeni Azərbaycan Partiyası sədrinin müavini - icra katibi Əli Əhmədov, deputatlar, nazirlik və dövlət komitələrinin nümayəndələri, Azərbaycanda fəaliyyət göstərən beynəlxalq qurumların təmsilçiləri, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri, şəhər və rayon təhsil şöbələri və idarələrinin müdirləri, Təhsil Nazirliyinə birbaşa tabe olan lisey və gimnaziyaların direktorları, 2009-cu ildə keçirilmiş "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin qalibləri, KİV əməkdaşları iştirak edirdilər. 

İştirakçılar öncə Azərbaycan təhsilinin nailiyyətlərindən bəhs edən kitab sərgisinə baxdılar.  Konfransa aparıcılıq edən respublika uşaq parlamentinin üzvləri tədbiri açıq elan etdikdən sonra məktəblilərin ifasında Azərbaycan Respublikasının Dövlət himni səsləndi. Təhsil sahəsində dövlət siyasətini əks etdirən videoçarx nümayiş etdirildi. Sonra "2008-2009-cu dərs ilinin yekunları və 2009-2010-cu dərs ilində qarşıda duran vəzifələr" mövzusunda məruzə-təqdimat üçün söz təhsil naziri Misir Mərdanova verildi.

Təhsil naziri iştirakçıları salamlayaraq bildirdi ki, konfransın keçirilməsində məqsəd Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi ilə ölkədə ötən dərs ili ərzində təhsil sahəsində həyata keçirilmiş islahatların əsas istiqamətləri, mövcud problemlər, onların həlli yolları, növbəti dərs ilində görüləcək işlərin istiqamətləri barədə Azərbaycan ictimaiyyətinə məlumat verməkdir.

ötən dərs ilinin Azərbaycanın təhsil həyatında çox vacib bir il olduğunu deyən nazir Azərbaycan dövlətinin başçısının əvvəlki illərdə olduğu kimi, ötən il də təhsili daim diqqət mərkəzində saxladığını, il ərzində təhsillə bağlı çoxsaylı fərmanlar, sərəncamlar imzaladığını, bir neçə istiqamət üzrə proqramların təsdiq olunduğunu diqqətə çatdırdı. Bildirdi ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı", "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı", "Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramı" təsdiq olunmuşdur.

Nazir Təhsil Nazirliyi ilə Dünya Bankı arasında imzalanmış İkinci Kredit sazişini, ötən ilin mayında keçirilmiş "Dünyada savadlılığın dəstəklənməsi" mövzusunda YUNESKO-nun regional konfransını, İSESKO ilə birlikdə keçirilmiş İslam ölkələri ali təhsil və elmi-tədqiqat nazirlərinin IV konfransını, Azərbaycan müəllimlərinin XIII qurultayını, möhtərəm Prezidentimizin "Bakı Dövlət Universitetinin 90 illik yubileyinin keçirilməsi haqqında" bu il aprelin 24-də imzaladığı sərəncamı, Bakı şəhərində M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin filialının açılmasını, cənab Prezidentin sərəncamı ilə Azərbaycanın təhsil tarixində ilk dəfə həyata keçirilmiş və ölkə ictimaiyyətinin böyük marağına səbəb olmuş "Ən yaxşı ümumtəhsil məktəbi", "Ən yaxşı müəllim" müsabiqələrini də ilin ən mühüm hadisələri sırasında qeyd etdi.

Artıq ikinci ildir ki, keçirilən müsabiqələr haqqında bir qədər ətraflı məlumat verən nazir, hər iki il üzrə müsabiqələrin nəticələrinə əsasən, ölkə Prezidenti tərəfindən mükafatlandırılmış ən yaxşı ümumtəhsil məktəbləri və ən yaxşı müəllimlərin siyahısı, müsabiqələrdə yaxşı iştirak edən və etməyən rayonların adlarını konfrans iştirakçılarına təqdim etdi.

Sonra nazir konfrans iştirakçılarını ölkə Prezidenti İlham Əliyevin diqqət və qayğısı nəticəsində son illərdə təhsilə ayrılan büdcə vəsaitinin artımını əks etdirən rəqəmlərlə tanış etdi. 2008 və 2009-cu illərə aid rəqəmləri müqayisə edən nazir bildirdi ki, dünyada ciddi maliyyə böhranı yaşanmasına baxmayaraq, Azərbaycan hökuməti bu il təhsilin inkişafına ötən ildəkinə nisbətən 238 milyon manat artıq  vəsait yönəldib.

Nazir konfrans iştiraklarının diqqətini ekranda nümayiş olunan 2003-2009-cu illər ərzində Azərbaycan müəllimlərinin aylıq əməkhaqqının artım dinamikasını əks etdirən qrafikə yönəltdi. Qrafikdən aydın oldu ki, müəllimlərin əməkhaqqı ilbəil artaraq 2003-cü ildə 42,3 manatdan 2009-cu ildə 268,5 manata yüksəlib. Ekranda nazirin müvafiq müşayiətedici şərhi ilə bir təhsilalana düşən xərclərin inkişaf dinamikasını göstərən slaydlar da nümayiş olundu. Məlum oldu ki, bir təhsilalana düşən xərclər məktəbəqədər təhsil müəssisəsində 2008-ci ildə 703, 2009-cu ildə 884, ümumi təhsil müəssisəsində müqayisə olunan illər üzrə müvafiq olaraq 420 və 577, texniki peşə təhsili müəssisəsində 943 və 1108, orta ixtisas təhsili müəssisəsində 566 və 741, ali təhsil müəssisəsində isə 813 və 1176 manat təşkil edib.

2008-2009-cu dərs ili ərzində Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə 247 nəfər təhsil işçisinin dövlət təltiflərinə layiq görüldüyünü söyləyən nazir bunu dövlətimizin başçısının təhsil işçilərinə diqqət və qayğısının nəticəsi kimi dəyərləndirdi.

Təhsil naziri uzun müddət müzakirələri keçirilən "Təhsil haqqında" Qanunun qəbulunu da ötən tədris ilinin ən yaddaqalan hadisələrinin biri saydı və qanunda təsbit olunmuş bir sıra yeni müddəlarla konfrans iştirakçılarını tanış etdi.

Misir Mərdanov məruzə-təqdimatında təhsilin hər bir pilləsi üzrə görülmüş işlər və qarşıda duran vəzifələr haqqında konfrans iştirakçılarına ətraflı məlumat verdi.  öncə məktəbəqədər təhsillə bağlı statistik rəqəmlər nümayiş olundu. Müəssisələrin, uşaqların və pedaqoji işçilərin sayını göstərən cədvəli şərh edən nazir bildirdi ki, 2009-cu ildə məktəbəqədər təhsil müəssisələrinin sayı 2008-ci ilə nisbətən 54 vahid azalıb. Müvafiq şəkildə uşaqların və pedaqoji işçilərin sayında da azalma olub. Nazir bunun məktəbəqədər təhsil müəssisələrinin özəlləşdirilməsi ilə bağlı qəbul olunmuş qərarla əlaqədar olduğunu söylədi. özəl uşaq bağçalarının sayının isə artdığını deyən nazir yeni dərs ilinin əvvəlində 3 yeni özəl uşaq bağçasının fəaliyyətə başlayacağını diqqətə çəkdi.

Nazir daha sonra Azərbaycan Respublikası Prezidentinin 12 aprel 2007-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş, "Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi Proqramı"nda nəzərdə tutulan və həyata keçirilən tədbirlər haqqında məlumat verərək bildirdi ki, bu ilin əvvəlindən 320 yerlik 2 uşaq bağçası binası inşa edilmişdir. Onlar yeni dərs ili ərəfəsində açılacaq. Bakı şəhərində 20, Sumqayıtda 1 uşaq bağçası əsaslı təmir olunub. Ağdam, Füzuli, Cəbrayıl rayonlarından olan məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə 11 uşaq bağçası yeni binalarda fəaliyyətə başlamışdır. Bütövlükdə dərs ilinin başlanmasına 16 yeni uşaq bağçası tikilib istifadəyə verilmişdir.

Nazir Heydər Əliyev Fondunun bu sahədəki xidmətlərini xüsusi qeyd etdi, Fondun dəstəyi ilə tikilmiş və təmir olunmuş uşaq bağçalarından fotogörüntülər nümayiş etdirildi.

Məktəbəqədər təhsil müəssisələrinin tədris vəsaitləri ilə təminatına toxunan nazir bildirdi ki, son 20 ildə ilk dəfə olaraq 37 adda təlim vəsaitləri hazırlanaraq uşaq bağçalarına çatdırılmışdır.

Nazir Təhsil Sektorunun inkişafı üzrə İkinci Layihəyə əsasən YUNİSEF-in dəstəyi ilə məktəbəqədər təhsilin müasir tələblərə cavab verən yeni kurikulumlarının hazırlanmasına başlandığını diqqətə çatdırdı, qarşıda duran digər vəzifələrdən söz açdı.

Təhsil nazirinin məruzə-təqdimatında təhsilin ən vacib sahəsi olan ümumi təhsilin inkişafı yönündə görülmüş işlər və mövcud problemlər də ətraflı təhlil olundu. Nazir öncə sahə ilə bağlı statistikanı diqqətə çatdırdı. Müəllimlərin sayını əks etdirən rəqəmlərin üzərində xüsusi dayanan Misir Mərdanov bildirdi ki, "əgər biz ötən dərs ilinə 173100 müəllimlə başlamışdıqsa, ilboyu həyata keçirilmiş tədbirlər nəticəsində bu say yeni dərs ilində azaldılaraq 170000-ə çatdırılıb ki, bu da müsbət haldır. Biz bu istiqamətdə işlərimizi davam etdirəcəyik".

Son 7-8 il ərzində birinci sinfə gedən uşaqların sayında ciddi azalma olduğunu deyən nazir, 2007-2008-ci dərs ilindən başlayaraq bu sahədə artım qeydə alındığını, bu il 125114 nəfər uşağın birinci sinfə qəbul olunacağını diqqətə çatdırdı.

Nazir Misir Mərdanov məruzə-təqdimatında son illər nəinki ölkəmizdə, hətta bütün dünyada heyrətlə qarşılanan və ölkə Prezidentinin həyata keçirdiyi islahatların ən öncül istiqamətlərindən biri kimi dəyərləndirilən yeni məktəb tikintisi ilə bağlı məlumat verərək bildirdi ki, 2008-2009-cu illərdə Dövlət Proqramı hesabına 44176 yerlik 152  yeni məktəb tikilmişdir. 36 məktəbdə 14600 şagird yerlik əlavə korpus inşa edilmişdir.

Digər mənbələr hesabına 2009-cu ildə 8286 yerlik 27 yeni məktəb binası, 6 məktəb üçün əlavə korpuslar tikilmişdir. Beləliklə, 2008-2009-cu illərdə 52462 şagird yerlik 179 yeni məktəb binası, 42 məktəb üçün 15 min yerlik əlavə korpuslar tikilib istifadəyə verilmişdir. Bununla yanaşı, bu illər ərzində 118 məktəb binası əsaslı təmir olunmuş, 293 məktəbin istilik sistemi əsaslı təmir və bərpa edilmişdir.

Sonra ekranda yeni istifadəyə verilmiş bəzi məktəblərin fotogörüntüləri nümayiş olundu.

Məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında məlumatını davam etdirən nazir onların avadanlıqlarla təchizinə dair faktlar və rəqəmləri diqqətə çatdırdı. Qeyd etdi ki, 2008-2009-cu illərdə 377 məktəb avadanlıqla təmin olunub, müstəqillik illərində ilk dəfə olaraq 119 məktəb ilin sonunadək bu gün ən çox ehtiyac duyulan müasir kimya və fizika laboratoriyaları ilə təmin olunacaq.

Nazir məktəblərin infrastrukturunun yeniləşdirilməsində Heydər Əliyev Fondunun müstəsna xidmətləri olduğunu bildirdi. Qeyd etdi ki, son illər Fondun təşəbbüsü ilə 300-ə yaxın yeni məktəb, uşaq bağçası, uşaq evi, internat məktəbi binası tikilib istifadəyə verilmiş, əsaslı təmir və bərpa olunmuş, müasir avadanlıqlarla təchiz edilmişdir. 2009-cu ildə Fondun təşəbbüsü ilə 1600 şagird yerlik 6 yeni məktəb binası inşa olunmuşdur.

Məruzə-təqdimatında kurikulum islahatına da toxunan nazir bildirdi ki, ötən dərs ilində ümumtəhsil məktəblərinin I siniflərində tədrisə 2006-cı ildə Azərbaycan hökuməti tərəfindən təsdiq olunmuş "ümumi təhsilin Konsepsiyası (Milli Kurikulum)" əsasında hazırlanan fənn kurikulumları və müasir dərsliklərlə başlanmışdır və bu proses 2009-2010-cu dərs ilində II siniflərdə davam etdiriləcəkdir.

Yeni kurikulumların tətbiqi ilə bağlı 18 minədək müəllim xüsusi proqram əsasında öyrədici təlim kurslarından keçirilmiş, bu işə dəstək kimi Təhsil Nazirliyində "Kurikulum" jurnalının nəşrinə başlanmışdır. Növbəti dərs ilində V-XI siniflər üzrə fənn kurikulumları hazırlanıb təsdiq olunacaq. 2009-2010-cu dərs ilindən Milli Kurikuluma müvafiq olaraq 3 pilot məktəbində həndəsə və cəbrin inteqrativ proqramla riyaziyyat fənni kimi tədrisi layihəsinə başlanacaq.

Ciddi məsələlərdən birinin də məktəblərdə xarici dilin tədrisi ilə bağlı olduğunu söyləyən nazir, uzun illər bu sahədə vəziyyətin qənaətbəxş olmadığını, bu məsələyə indi tamamilə başqa istiqamətdən yanaşıldığını, bununla bağlı dünya təcrübəsinin öyrənildiyini diqqətə çəkdi. Bildirdi ki, ötən il Bakı şəhərinin 7 məktəbində British Council təşkilatının köməyi ilə ingilis dilinin intensiv tədrisinə başlanıb. Bu iş I və V siniflərdə aparılıb. Həmin siniflərdə işləyən 55 nəfər müəllim Böyük Britaniyadan dəvət olunmuş beynəlxalq məsləhətçinin iştirakı ilə xüsusi treninqlərdən keçirilmişdir. Bu istiqamətdə aparılan iş ilin sonunda qiymətləndirilmiş və layihənin bu il də I-II və V-VI siniflərdə davam etdirilməsi qərara alınmışdır.

Nazir bu işin rus dilinin tədrisi ilə bağlı da aparılacağını, bu məqsədlə Rusiya Federasiyasının Təhsil Nazirliyi, həmin ölkənin Bakıdakı səfirliyi ilə müvafiq razılaşma əldə olunduğunu söylədi.

Misir Mərdanov diqqətə çatdırdı ki, ötən dərs ilindən Azərbaycanda "Qiymətləndirmə Konsepsiyası" təsdiq edilib. Konsepsiyaya uyğun olaraq müasir qiymətləndirmə sistemi təhsilin keyfiyyətini idarə edən zəruri amil kimi meydana çıxır, məktəbin, müəllimin fəaliyyətinin, tədris prosesinin keyfiyyətinin, şagirdlərin təlim nəticələrinin standartlara uyğunluğunun, ümumilikdə kurikulumların qiymətləndirilməsini təmin edir.

Nazir bu istiqamətdə artıq bir sıra addımlar atıldığını, ölkənin ümumtəhsil məktəblərinin XI siniflərində buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada test üsulu ilə keçirildiyini bildirdi.

Dünya təcrübəsinə uyğun olaraq ölkəmizdə qiymətləndirmə siyasətini 3 istiqamətdə aparıldığını deyən nazir bununla əlaqədar beynəlxalq təcrübənin öyrənildiyini, ölkəmizin artıq 3 beynəlxalq proqrama qoşulduğunu bildirdi və beynəlxalq qiymətləndirmə ilə bağlı fikirlərini konfrans iştirakçıları ilə bölüşdü. 3 il öncə və bu il aparılmış qiymətləndirmənin nəticələri barədə faktlar gətirdi.

Milli qiymətləndirmə ilə bağlı görülmüş işlər barədə də məlumat verən Misir Mərdanov cari ilin may ayında respublikanın 52 rayon və şəhərinin 216 məktəbində 12500 şagird əhatə olunmaqla Milli qiymətləndirmənin tədqiqat mərhələsinin keçirildiyini, hazırda Milli qiymətləndirmənin nəticələrinin təhlilinin aparıldığını, bu barədə ilin sonunadək ictimaiyyətə məlumat veriləcəyini söylədi.

Məruzə-təqdimatında təhsil naziri Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş "Xüsusi istedada malik uşaqların (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı"nın həyata keçirilməsi istiqamətində görülmüş işlərə də toxundu və bildirdi ki, proqramın icrası ilə bağlı riyaziyyat, kimya, fizika və biologiyadan istedadlı uşaqlar üçün 6 adda kitab çap olunub. ölkənin ayrı-ayrı rayonlarında 4 fənn üzrə istedadların seçimi aparılıb, seçimdə fərqlənən uşaqlar üçün Bakı şəhərində yay təlim-istirahət düşərgəsi təşkil olunub.

Nazir aparılmış seçimin, dünya fənn olimpiadalarında Azərbaycan məktəblilərinin nəticələrini əks etdirən rəqəmlərlə konfrans iştirakçılarını tanış etdi. Qeyd etdi ki, son 10 ildə dünya fənn olimpiadalarında Azərbaycan məktəbliləri 10 qızıl, 21 gümüş, 45 bürünc medal olmaqla ümumilikdə 76 medal qazanmışdır.

Məruzə-təqdimatın dərslik siyasəti bölümündə nazir ötən il və bu il çap olunmuş dərsliklərlə bağlı rəqəmləri sadaladı. Qeyd etdi ki, 2009-2010-cu dərs ili üçün 87 adda 4.256.000 nüsxə dərslik və müəllim üçün vəsait nəşr olunmuş və artıq məktəblərə çatdırılmışdır. Bunlardan 19 adda dərslik və 21 adda müəllim üçün metodik vəsait yeni kurikulumlar əsasında tədrisə davam edən II siniflər üçün çap olunmuşdur.

Heydər Əliyev Fondunun dəstəyi ilə 130 adda 1,4 milyon ədəd tədris əyani vəsait hazırlanıb çap etdirilərək məktəblərə çatdırılmışdır.

Yeni çap olunmuş dərsliklərin və vəsaitlərin fotogörüntüləri konfrans iştirakçılarına nümayiş etdirildi.

Misir Mərdanov məruzə-təqdimatında təhsil müəssisələrinin pedaqoji kadrlarla təminatı sahəsində görülmüş işlərdən də bəhs edərək bildirdi ki, Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş və 2005-2009-cu illəri əhatə edən ölkənin ümumtəhsil məktəblərinin pedaqoji kadrlarla təminatı üzrə inkişaf proqramı başa çatdırılmış, ümumilikdə 6179, o cümlədən 2009-cu ildə 1308 nəfər müəllim stimullaşdırıcı tədbirlər tətbiq edilməklə respublikanın ehtiyacı olan ucqar kənd məktəblərinə göndərilmişdir.

Təhsil siyasətində müəllim hazırlığının ən ciddi məsələlərdən biri olduğunu deyən nazir bu məsələyə xüsusi diqqət göstərildiyni, müəllimlərin işə qəbulunda yeni mexanizmlərin tətbiq olunduğunu diqqətə çatdırdı.

Məktəbli formasının tətbiqi barədə də məruzə-təqdimatda söz açan nazir artıq üçüncü ildir ki, başlanmış və ictimaiyyətin də dəstəklədiyi bu işin yeni dərs ilində də davam etdiriləcəyini söylədi.

Təhsil sahəsində həyata keçirilən digər bir proqrama - de institutlaşdırma proqramına da toxunan nazir həmin proqram çərçivəsində dövlət uşaq müəssisələrinin transformasiya planının hazırlanıb təsdiq olunduğunu, planauyğun tədbirlər həyata keçirildiyini, Uşaq Müdafiə Sisteminin yaradılması istiqamətində addımlar atılmağa başlandığını, qarşıdan gələn dərs ilində bu sahədə də işlərin davam etdiriləcəyini dedi.

Sonra ekranda məktəbdənkənar təhsil müəssisələrinin mövcud durumunu əks etdirən  statistik göstəricilər nümayiş olundu. Nazir bildirdi ki, bu müəssisələrin bir çoxunun fəaliyyəti hiss olunmadığından onların sayı azalmaqdadır. ötən dərs ilində 5 məktəbdənkənar müəssisənin fəaliyyəti dayandırılıb.

Məktəbdənkənar təhsil sahəsində görülən işlərdən danışan nazir ötən illər ərzində bir sıra yarışlarda məktəbli idmançıların diqqətəlayiq qələbələr qazandığını, bir çox uşaq yaradıcılıq sarayı və mərkəzlərində, uşaq-gənclər idman və şahmat məktəblərində təmir işlərinin görüldüyünü və onların yeni avadanlıqlarla təmin edildiyini diqqətə çatdırdı.

ölkədə aparılan təhsil siyasətinin ən vacib istiqamətlərindən birinin təhsil sisteminin informasiyalaşdırılması olduğunu vurğulayan Misir Mərdanov bu sahədə həyata keçirilən proqramlar, əldə olunmuş uğurlar və görüləsi işlər barədə də konfransda geniş məlumat verdi. Bildirdi ki, bu sahədə artıq ikinci proqram həyata keçirilir. ötən dərs ilində Təhsil Nazirliyinin nəzdində Məlumat və Resurs Mərkəzi açılmış, ictimaiyyəti təhsil sahəsindəki yeniliklərlə operativ məlumatlandırmaq və elektron tədris resurslarından istifadəni təmin etmək məqsədi ilə Milli Təhsil Portalı yaradılmışdır. İlkin mərhələdə portalda kimya, biologiya, fizika, tarix fənləri üzrə 300 saatlıq elektron tədris resursları yerləşdirilmiş və müəllimlərin istifadəsinə verilmişdir. Gələcəkdə təkcə 4 fəndən deyil, orta və ali məktəblərdə tədris olunan bütün fənlər üzrə resursların həmin portalda yerləşdirilməsi nəzərdə tutulur.

Verilən məlumatdan aydın oldu ki, Təhsil Nazirliyi ilə Mikrosoft və İntel şirkətləri arasında bağlanmış memoranduma əsasən, bir şagirdə bir kompüter konsepsiyası reallaşdırılır. Həmin layihə çərçivəsində cari ildə 400 şagirdə noutbukların verilməsi nəzərdə tutulmuşdur. 2009-2010-cu illər ərzində həmin şirkətlər tərəfindən 1000, Təhsil Nazirliyi tərəfindən isə 3000 olmaqla ümumilikdə 4000 şagirdə noutbuklar veriləcəkdir.

Dövlət proqramına əsasən inzibati pedaqoji və texniki heyət əhatə olunmaqla 2008-ci ildə 10000 nəfər, 2009-cu il avqustun 1-dək 8000 nəfər müvafiq treninqlərdən keçərək İKT bacarıqlarına yiyələnmişdir, 2009-cu ilin sonunadək daha 12000 nəfərin treninqlərdən keçirilməsi nəzərdə tutulmuşdur.

2000 müəllim hazırda həyata keçirilən "Xalq kompüteri" layihəsi çərçivəsində kompüterlə təmin olunmuş, daha 4 min nəfər müraciət etmişdir.

Təhsil naziri daha sonra texniki peşə təhsili barədə məlumatı təqdim etdi. Nümayiş olunan cədvələ diqqəti yönəldərək qeyd etdi ki, 2009-2010-cu dərs ilində 108 peşə təhsili müəssisəsində 25520 şagird təhsil alacaq, 3670 mühəndis-pedaqoji işçi çalışacaq. Peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramına uyğun olaraq ötən ildə Qəbələ rayonunda müasir tələblərə cavab verən Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzi açılmış, 8 peşə təhsili müəssisəsi əsaslı təmir edilmişdir. Dövlət Proqramına uyğun olaraq İsmayıllı rayonunda Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzinin tikintisi aparılır. Bütün peşələr üzrə 32 adda 1222 dəst əyani vəsait çap olunub müəssisələrə çatdırılmışdır. Müxtəlif peşələr üzrə ilk dəfə olaraq 8 adda dərslik hazırlanmışdır.

TSİİL çərçivəsində Avropa Komissiyası və Britaniya Şurasının dəstəyi ilə 5 ixtisas üzrə kurikulumlar hazırlanır.

Nazir texniki peşə təhsili sahəsində həyata keçirilən proqram və layihələr haqqında da qısa məlumat verdi, qarşıda duran vəzifələrdən danışdı.

Məruzə-təqdimatda ali və orta ixtisas təhsili sahəsində ötən və növbəti dərs illərində görülmüş və görüləcək işlər barədə də yığcam məlumat verildi. Nazir öncə təhsilin bu pillələrində hazırkı durumu əks etdirən bəzi statistik məlumatları diqqətə çatdırdı. Ali məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən işlərə toxunaraq bildirdi ki, ölkə Prezidentinin sərəncamlarına əsasən, Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti üçün yeni korpuslar inşa olunmuşdur, Azərbaycan Müəllimlər İnstitutunun, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının binaları əsaslı təmir edilmişdir.

Nazir dedi ki, "2009-2012-ci illərdə Azərbaycan Respublikasının orta ixtisas təhsili sistemində islahatlar üzrə Dövlət Proqramı" layihəsi, orta ixtisas təhsili üzrə ixtisasların (proqramların) yeni siyahısı hazırlanıb təsdiq üçün Nazirlər Kabinetinə təqdim olunmuşdur. Orta ixtisas təhsili müəssisələrində tələbələrin biliyinin çoxballı sistemlə qiymətləndirilməsi üzrə eksperimentlərə başlanmışdır. Nazirlər Kabinetinin 12.01.2009-cu il tarixli qərarı ilə "Ali təhsilin bakalavr pilləsində ixtisasların (proqramların) siyahısı" təsdiq edilmişdir. Həmin siyahıya əsasən bakalavr hazırlığının yeni nəsil dövlət standartları təsdiq olunaraq tətbiqinə başlanmışdır. ölkə Prezidenti tərəfindən təsdiq edilmiş "2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramı"na uyğun olaraq nazirliyin fəaliyyət planı hazırlanmış və icrasına başlanmışdır.

15 ali və 6 orta ixtisas təhsili müəssisəsi akkreditə edilmiş, kredit sisteminin tətbiqi ilə bağlı normativ sənədlər təkmilləşdirilmişdir.

Akademik borcların ləğv edilməsinə şərait yaradılması məqsədi ilə respublikada ilk dəfə olaraq 8 ali məktəbdə "yay semestri" təşkil edilmişdir. Magistr ixtisaslarının (proqramlarının) dünya təcrübəsinə uyğun yeni siyahısının layihəsi hazırlanmışdır. Müəllim hazırlığının keyfiyyətinin yüksəldilməsinə xidmət edən təhsilin əsasları fənninin yeni dərs ilində 3 ali məktəbdə eksperiment qaydasında tədrisinə başlanması ilə bağlı işlər yekunlaşdırılmışdır.

Nazir ali və orta ixtisas təhsilinin inkişafı üçün yaxın perspektivdə görülməsi nəzərdə tutulan işləri də diqqətə çatdırdı.

Məruzə-təqdimatda ixtisasartırma təhsilindən də söhbət getdi, bu sahədə görülmüş işlər və qarşıda duran vəzifələr qeyd olundu.

Təhsil sahəsində beynəlxalq əlaqələrə və xaricdə təhsilə də çıxışında toxunan nazir bildirdi ki, hazırda 5000-dən çox azərbaycanlı gənc xarici ölkələrin universitetlərində təhsil alır. Onlardan 832 nəfəri ayrı-ayrı tərəfdaş ölkələrlə imzalanmış müqavilələr əsasında Azərbaycan üçün ayrılmış kvotalar hesabına xarici ölkələrin universitetlərində təhsil alanlardır. ölkələr üzrə onların sayını göstərən cədvəl konfrans iştirakçılarına təqdim olundu.

Nazir vurğuladı ki, ölkə Prezidenti tərəfindən təsdiq olunmuş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"na əsasən son üç ildə 498 nəfər xarici ölkələrin aparıcı universitetlərinə göndərilmişdir. Təhsil alanlardan artıq 43-ü  məzun olmuşdur. Konfransda xaricdə təhsil alanların ixtisaslar üzrə faiz nisbətini, tərəfdaş xarici təşkilatların adlarını, ölkəmizin ali məktəblərində təhsil alan xarici tələbələrin illər üzrə artım dinamikasını, Təhsil Nazirliyinin beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrini göstərən diaqram və qrafiklər iştirakçılara təqdim olundu.

Məruzə-təqdimatının sonunda nazir ali məktəb elmi ilə bağlı məlumat verərək qeyd etdi ki, ölkədə hazırda 99 elmi-tədqiqat institutu, mərkəzi və laboratoriyası fəaliyyət göstərir. Elmlər doktorlarının sayı ölkə üzrə 1824,  Təhsil Nazirliyi sistemində isə 842 nəfərdir. Respublika üzrə 8764 elmlər namizədinin 4037-si nazirlik sistemində çalışır. Bu istiqamətdə görülən işlərdən danışan nazir bildirdi ki, 4 ali məktəbdə - BDU, AzTU, ADU və BMA-da yeni elmi-tədqiqat laboratoriyaları fəaliyyətə başlayıb. Ali məktəblərdə çalışan alimlər tərəfindən 296 monoqrafiya, 294 dərslik, 489 dərs vəsaiti, 1609 adda proqram və metodik ədəbiyyat nəşr etdirilmişdir.

 

Təhsil naziri Misir Mərdanovun məruzəsindən sonra çıxışlar oldu. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın təqaüdçüsü, Mərkəzi Bankın Tədqiqatlar Departamentinin direktoru Emin Hüseynov "qara qızıl"ın insan kapitalına çevrilməsi barədə danışaraq qeyd etdi ki, dünyada elə bir iqtisadi model, iqtisadi inkişaf nümunəsi yoxdur ki, orada iqtisadi artım insan kapitalının kritik rolu olmadan baş vermiş olsun. İnsan kapitalı iqtisadi artımın ən dayanıqlı və tükənməyən komponentidir. Onun inkişafının  ən mühüm formalarından biri də təhsil sistemidir. Lakin Azərbaycan kimi keçid dövrünü yaşayan, inkişaf etməkdə olan ölkələrdə təhsil sisteminin islahatlarının davam etdiyi bir şəraitdə xaricdə təhsilə investisiyalara böyük ehtiyac var. "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" məhz bu ehtiyacın ödənilməsinə xidmət edir.

Natiq daha sonra Dövlət Proqramının əhəmiyyətindən bəhs edərək bu sənədin digər ölkələrdə tətbiq olunan analoji proqramlar arasında ən liberal və abituriyentlər üçün münasib şərtlərə malik olduğunu diqqətə çatdırdı. Qeyd etdi ki, bu baxımdan tam və təmənnasız maliyyələşmə, ən qabaqcıl ali məktəblərdə təhsil, geriyə dönmənin tələb olunmaması və dövlət qulluğuna müsabiqədənkənar qəbul kimi şərtlər xüsusilə təqdirəlayiqdir. Təkcə onu demək kifayətdir ki, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət Komissiyası tərəfindən keçirilən son müsabiqələrdə iştirak etmiş xarici təhsilli namizədlərin xüsusi çəkisi 26 faiz artmışdır. Beləliklə, Prezident İlham Əliyevin müstəsna diqqəti sayəsində ölkədə top-menecerlərin yeni təbəqəsi formalaşmaqdadır. İndi Azərbaycan gənclərindən yalnız yüksək səviyyədə məsuliyyət və öz üzərlərində işləmək tələb olunur.

Nəhayət, Dövlət Proqramının daha bir başlıca xüsusiyyəti də Azərbaycan həqiqətlərinin yayılmasında oynadığı mühüm roldur. İndi gənclər təhsil almaq üçün hətta elə ölkələrə göndərilir ki, orada ümumiyyətlə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri mövcud deyil. Amma təəssüf ki, dünyanın ən qüdrətli dövləti sayılan ABŞ-a göndərilən tələbələrin sayı digər ölkələrdən xeyli azdır. Bu gün dünyanın ən qabaqcıl ali təhsil sistemlərindən birinə malik ABŞ-da təhsil alan tələbələrimizin sayını artırmaq məqsədəuyğun olardı.

Emin Hüseynov çıxışını yekunlaşdıraraq dedi: Sonda sizi həyatımda özümə örnək bildiyim iki dahi şəxsin maraqlı ifadələri ilə baş-başa buraxmaq istərdim. İlk sitat ABŞ-da qaradərili vətəndaşların hüquq və azadlıqları uğrunda fədakarlıqla mübarizə aparan Marifin Lyuter Kinqə məxsusdur: "Təhsilin funksiyası insanlara intensiv və kritik düşünməyi öyrətməkdir. İntellekt plyus xarakter - budur. Həqiqi təhsilin məqsədi". İkinci  sitat isə ümummilli liderimiz Heydər Əliyevə məxsusdur: "Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır".

 

Sonra  çıxış üçün söz Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadəyə verildi. Konfrans iştirakçılarını salamlayan M.Abbaszadə, ilk növbədə, yeni dərs ilinin başlanması münasibətilə bütün təhsil işçilərini, xüsusən də 2009-cu ilin "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin qalibi adına layiq görülmüş məktəb kollektivlərini və müəllimləri təbrik etdi. öz çıxışında müasir dövrdə iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdə biliklərə əsaslanan cəmiyyətin formalaşmaqda olduğunu vurğulayan natiq qeyd etdi ki, belə cəmiyyətin ən əsas tələblərindən biri təhsil müəssisələrində, tədris mərkəzlərində, kitabxanalarda İKT-dən fəal şəkildə istifadə edilməsidir. Məhz bu texnologiyalardan geniş istifadə edilməsi təhsil almaq imkanlarının artmasına, mütəxəssislərin peşəkarlıq səviyyələrinin yüksəlməsinə münbit şərait yaradır.

1992-ci ildən başlayaraq Tələbə Qəbulu üzrə Dövlət Komissiyası kütləvi tədbirlərin idarəolunmasında İKT-nin tətbiqi sahəsində zəngin təcrübə əldə etmişdir. Bu qurum müxtəlif mühüm beynəlxalq və yerli layihələrin iştirakçısı olmuş, 2002-2004-cü illərdə ölkədə İKT-nin inkişafı üzrə Milli Strategiyanın hazırlanmasında iştirak etmiş, təhsildə və kütləvi proseslərin  idarəolunması sahələrində müxtəlif  pilot layihələri həyata keçirmişdir.

Məruzəçi bütün bunlarla yanaşı, informasiya-kommunikasiya texnologiyalarından imtahan prosesində istifadənin Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının işinin əsasını təşkil etdiyini bildirdi və son iki il ərzində TQDK  tərəfindən İKT-nin tətbiqi istiqamətində görülmüş işlər və həyata keçirilmiş layihələr haqqında məlumatı konfrans iştirakçılarının diqqətinə çatdırdı.

Təhsil işçilərinin respublika konfransındakı çıxışında TQDK-nın sədri Məleykə Abbaszadə daha sonra dedi:

- Mən bu tədbirdə 2009-2010-cu tədris ili üçün keçirilmiş qəbul imtahanlarına aid məlumat və rəqəmləri təkrarən səsləndirmək istəmirəm. Ona görə ki,  biz son iki ay ərzində müntəzəm olaraq hər imtahandan sonra həmin məlumatları ictimaiyyətə çatdırmışıq. Mən yalnız müasir imtahan prosesinin bəzi keyfiyyət göstəricilərinə toxunmaq istərdim. Bu gün uşaqlarımızın aldıqları təhsilin məzmunu XXI əsrdə insanın və cəmiyyətin qarşısına qoyulan tələblərə cavab verməlidir. Müasir dövrdə elə informasiya bolluğu yaranmışdır ki, şagirdlərə yalnız müəyyən həcmdə biliklərin çatdırılması cəhdləri əvvəlcədən uğursuzluğa məhkumdur. Bu gün təhsil müəssisəsi (məktəb və ya universitet) uşaqlara və gənclərə düşünməyi, zəruri informasiyanı müstəqil şəkildə əldə etməyi, informasiya bolluğu şəraitində düzgün istiqamət götürməyi, analitik düşünmə bacarığını öyrətməlidir. Və əlbəttə ki, bütün bu amillər qəbul imtahanlarının məzmununa da öz tələblərini irəli sürür.

Biz hər bir imtahanın layihəsini tərtib edərkən, ilk növbədə, onun məqsədini müəyyən edirik. Kimi seçirik?

Tələbə qəbulunda qarşıya qoyulan əsas məqsəd seçdiyi ixtisas üzrə ali məktəbdə təhsilalma qabiliyyətinə malik olan abituriyentlərin seçilməsidir. Bu vəzifəni lazımınca həyata keçirmək məqsədilə TQDK biliyin qiymətləndirilməsi üzrə beynəlxalq təcrübəyə əsasən ardıcıl olaraq, test tapşırıqlarının həm məzmununda, həm tərtibində, həm də təqdimat formalarında təkmilləşdirmə işləri aparır. Belə işlərdən biri də bu il qəbul imtahanlarında ayrı-ayrı fənlər üzrə testlərdə nəzəri biliklərin bilavasitə tətbiqinə aid olan test tapşırıqlarının sayının ötən illərə nisbətən bir qədər artırılmasıdır. Nəticədə qeyri-standart düşüncə və yaradıcılıq tələb edən məsələlərin həllində abituriyentlərin bir hissəsinin topladığı bal ötən illərlə müqayisədə azalmış, lakin bununla belə cari ildə yüksək bal diapazonunda (500-700 bal) biliyin qiymətləndirilməsi və onun əsasında abituriyentlərin sıralanması daha dəqiq aparılmışdır. Bu dəyişiklik daha çox qəbul imtahanına hazırlaşarkən əzbərçiliyə üstünlük verən abituriyentlərin imtahan nəticələrinə öz təsirini göstərmişdir. Belə abituriyentlər adətən, orta məktəb kursunda öyrənilən fiziki, kimyəvi və bioloji proseslərin, riyazi çevirmələrin məğzini anlamağa cəhd etmir, ən sadə təbiət hadisələrinin baş verməsində özünü göstərən səbəb-nəticə əlaqələrini izah etməkdə çətinlik çəkirlər.

Amma buna baxmayaraq, qəbul olanların, xüsusilə də 500-700 arasında bal toplamış abituriyentlərin nəticələrinin təhlili belə qənaətə gəlməyə imkan verir ki, biz ali məktəblərin I kursları üçün bilik və bacarıqları ali təhsil almağa imkan verən tələbə kontingenti formalaşdırmışıq.

500-700 arasında bal toplayan abituriyentlər, demək olar ki, ölkənin bütün bölgələrini, cəmiyyətin müxtəlif sosial təbəqələrini təmsil edirlər. Onların hamısı ən nüfuzlu ixtisaslara qəbul olunmuş və ən yüksək nəticə göstərən 102 nəfərinin namizədliyi Prezident təqaüdünə təqdim olunmuşdur.

Hər bir normal, öz gələcəyini düşünən cəmiyyət var gücünü ona yönəldir ki, bütün təbəqələrdən olan insanların təhsil almaq imkanlarını maksimal dərəcədə bərabərləşdirsin. Təhsil sistemi gənclərə şəxsi uğur əldə etmək, öz bacarıqları və səyləri əsasında cəmiyyətdə layiqli yer tutmaq üçün bərabər şanslar verməlidir. Qəbul imtahanlarının nəticələri bir daha onu təsdiq edir ki, bunun üçün ölkəmizdə real sosial mexanizm yaradılıb və bu mexanizm uğurla fəaliyyət göstərməkdədir.

Bildiyimiz kimi, bu il Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş şəkildə buraxılış imtahanları keçirildi. Buraxılış imtahanlarının və qəbul imtahanlarının nəticələrinin bir-biri ilə necə uzlaşması, yəqin ki, cəmiyyəti çox maraqlandırır. Bu suala isə yalnız hər iki qurumun və müstəqil ekspertlərin iştirakı ilə, birgə metodiki və statistik  tədqiqatlar həyata keçirildikdən sonra tam elmi dəqiqliklə cavab verilə bilər.

Biz çox istəyirik ki, attestat qiymətləri ali məktəblərə abituriyentlərin yerləşdirilməsi zamanı nəzərə alınsın (bildiyiniz kimi, biz artıq tədricən buna doğru gedirik). Bu, yeni Təhsil Qanununda da öz əksini tapmışdır. Lakin Qanunun bu bəndinin praktiki cəhətdən tətbiqinə keçmək üçün buraxılış sinfi şagirdlərinin mərkəzləşdirilmiş imtahan vasitəsilə attestasiyası prosesində keyfiyyət baxımından dəyişikliklər baş verməlidir. Mən ümid edirəm ki, hər iki qurumun birgə səyləri sayəsində müsbət nəticələr əldə ediləcəkdir.

 

Bakının Nərimanov rayonundakı 182 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Ulduz Məmmədovanın çıxışında son illərdə məktəbəqədər təhsil sisteminə artan dövlət qayğısının bu sahənin inkişafına güclü təkan verməsindən bəhs olundu. Qeyd olundu ki, ölkə başçısının təsdiq etdiyi "Azərbaycan Respublikasında məktəbəqədər təhsilin yeniləşdirilməsi üzrə Dövlət Proqramı (2007-2010-cu illər)" çərçivəsində Bakı şəhərində 11 yeni məktəbəqədər təhsil müəssisəsi inşa edilmiş, 21-i əsaslı təmir olunmuş, bu müəssisələr müvafiq bərk avadanlıq, yumşaq inventar, idman avadanlığı, oyuncaqlar, texniki vasitələrlə təchiz olunmuşdur. Təhsil Nazirliyinin  sifarişinə əsasən "çaşıoğlu" nəşriyyatı tərəfindən 100-dən artıq adda müxtəlif nümayişetdirici materiallar, masaüstü oyunlar, uşaqların məntiqi təfəkkürünü inkişaf etdirən test kitabları, metodik vəsaitlər, illüstrasiyalı nağıl kitabları və s. hazırlanaraq respublikanın bütün məktəbəqədər təhsil müəssisələrinə çatdırılmışdır.

Proqramda nəzərdə tutulan vacib məsələlərdən biri də məktəbəqədər təhsil üzrə Milli Kurikulumun hazırlanmasıdır. çünki məktəbəqədər təhsil müəssisələri yalnız uşaqların saxlanması yeri deyil, eyni zamanda onların hərtərəfli inkişafını təmin edən təlim-tərbiyə ocağıdır.

Beşyaşlıların hamılıqla məktəbəqədər müəssisələrə cəlbi məsələsi də aktual olaraq qalır. Lakin bunun üçün əlavə qrupların açılması, eyni zamanda yeni təşkilati formaların, məsələn, çevik vaxt cədvəli ilə işləyən qısamüddətli qrupların yaradılması vacibdir.

Problemlərdən söz açan Ulduz Məmmədova əmin olduğunu bildirdi ki, müvafiq proqramın həyata keçirilməsi mövcud çətinliklərin aradan qaldırılmasına şərait yaratmaqla məktəbəqədər təhsilin inkişafında ciddi dönüşə səbəb olacaqdır.

 

Bakı şəhəri 6 nömrəli məktəb-liseyin ibtidai sinif müəllimi Gülşən Orucova birinci siniflərdə yeni kurikulumun tətbiq edilməsinin ötən dərs ilinin ən əlamətdar hadisələrindən biri olduğunu dedi. O, bu prosesin birbaşa iştirakçısı kimi fəxr etdiyini bildirərək qeyd etdi ki, yeni məzmun təbii ki, yeni dərsliklərin yaranmasını zəruri edir. Məhz bu səbəbdən mühüm pedaqoji prinsipləri gözləməklə kurikulumun tələblərinə uyğun səviyyədə I və II siniflər üçün dərslik, iş dəftəri və müəllim üçün vəsaitdən ibarət yeni dərslik komplektləri nəşr olunmuşdur. Lakin istənilən dərsliklərə əsas qiyməti ən azı bir il tədris olunduqdan, yəni şagirdlərin, valideynlərin münasibətlərini nəzərə aldıqdan, tədris prosesində yaranan problemlərin həllindən sonra vermək olar. Təqdirəlayiq haldır ki, bu gün dərslik müəllifləri onlara müraciət edən müəllimlərin təkliflərini, iradlarını dinləyir və nəzərə alırlar. Bu baxımdan həmin dərsliklərin ildən-ilə təkmilləşmək, zənginləşmək imkanı yaranır.

Yeni dərsliklər şagirdləri öyrənməyə, inkişafa, yaradıcılığa, tədqiqatçılığa yönəldir. Onlar daha çox şəxsiyyətyönümlüdür. Dərsliklərdəki materiallardan istifadə edərkən fəal təlim metodlarına üstünlük verilir ki, bu da şagirdlərin mövzunu daha yaxşı mənimsəməsinə, təlim prosesinə daha fəal qoşulmasına zəmin yaradır. Həmin təcrübənin nəinki ibtidai siniflərdə, yaxın gələcəkdə yuxarı siniflərdə də tətbiq olunmasını məqsədəuyğun hesab etdiyini deyən Gülşən Orucova diqqətə çatdırdı ki, II sinfin Azərbaycan dili dərslik komplektinin müəlliflərindən biri kimi müəllimlərin təkliflərini dinləməyə həmişə hazırdır.

Natiq yeni məzmunun, yeni dərsliklərin yeni qiymətləndirmə sisteminin tətbiqini  zəruri etdiyini vurğuladı. Qiymətləndirmə sistemi əvvəlkindən fərqli olaraq şagirdin nailiyyətlərinin sistemli şəkildə izlənməsinə imkan verir, şagirdlərin, müəllimlərin, valideynlərin məsuliyyətini artırır.

Gülşən Orucova çıxışında daha sonra müasir dövrümüzdə informasiya-kommunikasiya texnologiyalarının təhsil sisteminə tətbiqinin əhəmiyyətindən bəhs etdi və konfrans iştirakçılarına çalışdığı təhsil müəssisəsində bu sahədə həyata keçirilən tədbirlər haqqında məlumat verdi.

 

Sonra Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Təhsil Nazirliyi və YUNESKO-nun birgə həyata keçirdiyi "Azərbaycanda peşə təhsilinin təkmilləşdirilməsi" layihəsinin eksperti Fuad Dərgahlının "Azərbaycanda texniki peşə təhsili: reallıqlar və perspektivlər" mövzusunda məruzəsi təqdim olundu.

Məruzədə qeyd olundu ki, texniki peşə təhsilinin məqsədi ölkə iqtisadiyyatının bütün sahələri üçün əmək bazarının tələblərinə uyğun sənət və peşələr üzrə ixtisaslı kadr hazırlığını təmin etməkdir. Lakin etiraf etmək lazımdır ki, Azərbaycan iqtisadiyyatının dinamik inkişafı, qlobal əmək bazarının yaranması müasir texnologiyalara yiyələnmiş ixtisaslı və genişprofilli işçi qüvvəsinə tələbatı artırsa da, indiki vəziyyətində peşə təhsili sistemi həmin vəzifənin öhdəsindən gələ bilmir. Bu baxımdan ölkə iqtisadiyyatının inkişafında, gənclərin məşğulluq probleminin həll edilməsində və ölkənin əmək bazarına rəqabətəqabil kadrların hazırlanmasında Prezident İlham Əliyevin təsdiq etdiyi "Azərbaycan Respublikasında texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı (2007-2012-ci illər)" mühüm əhəmiyyət kəsb edir.

Bir sıra xarici dövlətlərin təcrübəsindən aydın olur ki, texniki peşə təhsili ölkənin sosial-iqtisadi inkişafında xüsusi rol oynayır. Peşə təhsili bir çox məsələlərin, o cümlədən sosial problemlərin həllində mühüm bir vasitə kimi istifadə olunmaqdadır.

Son illər ölkə iqtisadiyyatının prioritet sahələrinə investisiyaların yönəldilməsi nəticəsində istehsal və emal müəssisələrinin fəaliyyəti bərpa edilmiş, iqtisadiyyatın balanslaşdırılmış inkişafının sürətləndirilməsi, sahibkarlara verilmiş güzəştli kreditlər yeni müəssisələrin açılmasına şərait yaratmışdır. 2009-cu ilin yanvar-mart ayları ərzində ölkədə 17416 yeni, o cümlədən 14197 daimi iş yeri açılmışdır. Ayrı-ayrı sahələr - tikinti, emal sənayesi, kənd təsərrüfatı, xidmət, xüsusən kulinariya, turizm, otelçilik və s. üzrə kadrlara tələb artdıqca müvafiq müasir tipli peşə təhsili müəssisələrinin yaradılması və təkmilləşdirilməsi texniki peşə təhsilinin inkişafının əsas prioritet istiqamətlərindən biri olmalıdır.

Son illər texniki peşə təhsili sahəsində görülən işlərdən bəhs edən məruzəçi bildirdi ki, ölkənin müxtəlif regionlarında fəaliyyət göstərən 10-a yaxın müəssisə təmir edilmiş, müasir texniki avadanlıqlar və əyani vəsaitlərlə təmin olunmuş, müəllim heyətinin respublika daxilində və hətta xaricdə ixtisasının artırılması istiqamətində tədbirlər həyata keçirilmişdir.

Diqqəti cəlb edən ən önəmli məqamlardan biri isə son illər texniki peşə təhsili sahəsində yerli və beynəlxalq təşkilatlarla birgə həyata keçirilən layihələrin sayının artmasıdır. Təhsil Nazirliyi həmin layihələrin reallaşdırılmasına pedaqoji kollektivi cəlb etməklə yanaşı, bu sahədə müəyyən təcrübəsi olan müstəqil ekspertləri və işəgötürən təşkilatların nümayəndələrini də dəvət edir.

 

Texnika elmləri doktoru Sübhan Namazov konfransda "Ali məktəblərdə elmin inkişaf perspektivləri" mövzusunda məruzə ilə çıxış etdi. Məruzədə ölkə rəhbərliyi tərəfindən elmin və təhsilin inkişafına yüksək diqqət və qayğı göstərilməsindən, ilbəil təhsilə ayrılan büdcə vəsaitlərinin həcminin artırılmasından, təhsil şəraiti və mühitinin yaxşılaşdırılmasından bəhs olundu. Məruzəçi qeyd etdi ki, bununla yanaşı, hər il Avropa İttifaqı keçmiş sovet respublikalarına ali təhsilin, elmin inkişafı üçün müxtəlif proqramlar, o cümlədən TEMPUS, Erasmus Mundus və digər beynəlxalq layihələr vasitəsilə böyük məbləğdə vəsaitlər, qrantlar yönəldir. Təhlil göstərir ki, ölkəmizin universitetlərinin bu proqramlar vasitəsilə cəlb etdiyi maliyyə resursları digər respublikaların ali təhsil müəssisələrinin gəlirləri ilə müqayisədə dəfələrlə azdır.

İnkişaf sürətlərinə görə Azərbaycandan çox geridə qalan region ölkələrinin ali məktəbləri hər il müxtəlif yollarla, elm sahəsində Avropanın universitetləri ilə əlaqələr qurmaqla, qarşılıqlı səfərlər təşkil etməklə, mübadilə proqramları həyata keçirməklə kifayət qədər vəsait əldə edirlər.

Bu gün Azərbaycana müasir səviyyəli, yeni texnologiyaları mükəmməl bilən, İKT-ni dərindən mənimsəmiş mütəxəssislər lazımdır. Həmin kadrları Azərbaycan alimləri ali məktəblərdə - universitetlərdə hazırlamalıdırlar. Bu məqsədlə tədris planlarında elmi tutumlu fənlərə və ixtisas fənlərinə daha çox yer vermək zəruridir.

Etiraf etməliyik ki, yüksək intellektual potensiala malik ölkəmizdə həmin potensialın real tətbiq sahələrinə çevrilməsi üçün vacib olan elmi mühit hələ də müasir dövrün tələblərinə tam cavab vermir. Araşdırmalar göstərir ki, gənc nəsildə fundamental və tətbiqi elmlərə maraq azalmışdır. Respublika üzrə elmlər doktorları və elmlər namizədlərinin yaş tərkibi elm sahəsində qocalma meyilindən xəbər verir. Hazırda respublikada 40 yaşadək elmlər doktorlarının sayı çox azdır (10 nəfər). Xüsusilə texniki elmlər sahəsində onların sayı 1-2 nəfərdir. Yaxşı olardı ki, təcrübəli alimlər elmi məktəblərin qorunması istiqamətində gənclərə lazımi köməyi əsirgəməsinlər. Bu məsələ ilə bağlı xarici ölkələrin təcrübəsindən bəhrələnmək faydalı olardı.

Azərbaycanlı alimlərin, xüsusilə gənc alimlərin dünyada qəbul edilmiş ABS reytinqli elmi jurnallarda və məcmuələrdə məqalələri çox az sayda nəşr edilir. Bu o deməkdir ki, bizim xarici ölkələrdə məktəb keçmiş, xarici dilləri normal bilən gənclərə ciddi ehtiyacımız vardır. Son illər bu məsələ ilə əlaqədar lazımi işlər görülməkdədir. Belə ki, son günlərdə Təhsil Nazirliyində ali məktəblərin reytinqini müəyyənləşdirəcək metodika tərtib edilmişdir. Bu metodikaya əsasən, ali məktəbin reytinqi yüksək səviyyəli elmi kadrlardan çox asılıdır. Universitetlərdə aparılan elm, elmi-tədqiqat işləri yüksək keyfiyyətli tədris prosesinə və yüksək səviyyəli kadr hazırlığına xidmət etməlidir.

 

Bakının Nəsimi rayonundakı 23 nömrəli məktəbin ibtidai sinif müəllimi Solmaz Abdullayevanın konfransdakı çıxışında kurikulum islahatı çərçivəsində aparılan məzmun dəyişikliklərindən söz açıldı: "...Bu bir il ərzində uğurla həyata keçirilən islahat həm şagirdlərin, həm də müəllimlərin ürəyincədir. Xüsusilə, uşaqlardakı fəallıq hər bir sinif müəllimini sevindirir. Mənə belə gəlir ki, bu sevincin əsas səbəbkarı fənn kurikulumlarının tətbiqi ilə əldə olunan nailiyyətlərdir. Uzun illər tədris proqramlarının aşılanmasına yönələn təlim işimiz yalnız hafizə məktəbinin formalaşmasına xidmət etmişdir. Milli Kurikulumda istifadə olunan bütün üsullar şagirdlərin geniş dünyagörüşü, yüksək intellekt, nitq mədəniyyəti, texnoloji bacarıqlara malik olan şəxsiyyət yetişdirmək məqsədinə xidmət göstərir. Biz əvvəllər nəyi qiymətləndirirdik, indi nəyi qiymətləndiririk. Bunu, birinci növbədə, özümüz üçün aydınlaşdırmalıyıq. Biz indi sadəcə olaraq bilikli, bacarıqlı insanlardan başqa, həm də zamanın tələblərinə uyğun şəxsiyyət formalaşdırırıq. Müasir dövrün şəxsiyyətini isə ənənəvi təhsil və təlimlə formalaşdırmaq çətindir".

Məruzəçi diqqətə çatdırdı ki, uzun illər təsviri incəsənət, fiziki tərbiyə, musiqi, texnologiya fənlərini tədris etmək üçün müəllimlərin əlində heç bir vəsait olmayıb. İndi bu fənlərdən də dərslik komplektlərinn hazırlanması tədrisin təşkilində müəllim və şagirdlərə ən böyük töhfədir. Kurikulumun tələb etdiyi problem həlli, təqdimetmə, əlaqələndirmə, araşdırma, ünsiyyətqurma kimi fəaliyyət standartlarını müəllimlər əsasən dərsliklərin köməyi ilə həyata keçirirlər. Fəal və interaktiv üsul və vasitələrdən faydalanan müəllim kurikulumun tədrisində şagirdlərə nəyi öyrənmək istəyi, mövzu ilə bağlı ilkin biliyin nədən ibarət olması və qarşıya çıxan boşluğun doldurulması ilə bağlı bələdçilik etməyə həmişə hazır olmalıdır.

Solmaz Abdullayeva çıxışının sonunda dedi: "Təhsildə ən məsuliyyətli öhdəlik bu sahədə olan öyrədənlərin - müəllimlərin öhdəsinə düşür. Unutmayaq ki, bu günün öyrənənləri sabahın öyrədənləri ola bilər. Yeniliklərə qarşı həssas olmalıyıq, bu yeniliklərin bizim üçün olan yaxşı tərəflərini şagirdlərə, ümumiyyətlə, öyrənmək həvəsində olan hər kəsə öyrətməliyik. Təhsilin sağlam bünövrəsi gələcək nailiyyətlərimizin başlanğıcı və təməli olmalıdır. Mən bütün müəllimlərə bu yolda uğurlar arzu edirəm".

***

Konfransın sonunda təhsil naziri Misir Mərdanov "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin 2009-cu il qaliblərini təbrik etdi. Onlara müvafiq diplomlar və 2008-ci il müsabiqəsinin qaliblərindən bəhs edən "İlk 50 ən yaxşı məktəb, 100 ən yaxşı müəllim" kitabı təqdim olundu, Təhsil naziri müsabiqə qalibləri ilə xatirə şəkli çəkdirdi.

Bununla da konfrans öz işini başa çatdırdı.

 

Hicran ƏKBƏROVA,

Yusif ƏLİYEV