· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 Məktəbdaxili  qiymətləndirmənin aparılması qaydalarının təqdimatı oldu

 

Sentyabrın 9-da Bakıdakı 276 nömrəli orta məktəbdə  "ümumtəhsil məktəblərində  məktəbdaxili qiymətləndirmənin aparılması qaydaları"nın təqdimatına həsr olunan iclas keçirildi.

İclasda təhsil naziri Misir Mərdanov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyeva, Təhsil Nazirliyinin məsul işçiləri, Bakı Şəhəri üzrə Təhsil İdarəsi müdirinin müavinləri və paytaxtın orta ümumtəhsil məktəblərinin direktorları iştirak edirdilər.

Tədbiri təhsil naziri Misir Mərdanov giriş sözü ilə açaraq yeni dərs ilinə hazırlıqla əlaqədar görülən işlərdən, nəzərdə tutulan tədbirlər barədə danışdı. Təhsil naziri müəyyən məsələlərlə bağlı fikir və mülahizələrini söyləyərək, məktəb direktorlarına bir sıra tövsiyələr verdi.

Sonra Təhsil Nazirliyinin Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyeva "ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması qaydaları" mövzusunda geniş  məruzə-təqdimatla çıxış etdi.

Hazırlanmış təqdimat barədə iclas iştirakçılarına məlumat verən Təranə Hacıyeva qeyd etdi ki, ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması ilə bağlı müəyyən   qaydalar hazırlanıb. Məruzəçi çıxışında məktəbdaxili qiymətləndirmə komponentlərinə şagird nailiyyətlərinin qiymətləndirilməsinin  (sinifdaxili diaqnostik, formativ və summativ qiymətləndirmələr), kurikulum üzrə qiymətləndirmənin (təhsili idarəetmə orqanları tərəfindən müəyyən fənlər üzrə şagird nailiyyətlərinin standartlara uyğunluğunu ölçmək üçün aparılan qiymətləndirmə) və ümumi təhsil pillələri üzrə yekun qiymətləndirmənin  (əsas və orta təhsil kursları üzrə buraxılış imtahanları) daxil olduğunu bildirdi. Qeyd etdi ki, şagird nailiyyətlərinin qiymətləndirilməsi (monitorinqi) şagirdin bilik, bacarıq və dəyərlərə yiyələnməsi  haqqında məlumatların toplanması prosesidir. Şagird nailiyyətlərinin monitorinqi diaqnostik (ilkin səviyyənin qiymətləndirilməsi), formativ (inkişafın izlənməsi) və summativ (yekun qiymətləndirmə) qiymətləndirmə formalarında aparılır. Diaqnostik qiymətləndirmənin məqsədinin şagirdin bilik və bacarıqlarının ilkin səviyyəsini müəyyənləşdirmək olduğunu deyən şöbə müdiri daha sonra formativ və summativ qiymətləndirmələrdən danışdı. T.Hacıyeva summativ qiymətləndirmənin kiçik və böyük  qiymətləndirmələrdən idarət olduğunu  deyərək bunlar barədə ətraflı məlumat verdi. Bildirdi ki, yarımillik qiymət kiçik summativ qiymətlərin və yarımillik böyük summativ qiymətin əsasında müəyyən edilir. O,  slayd vasitəsilə bununla bağlı xüsusi düsturu iclas iştirakçılarının diqqətinə çatdıraraq yekun qiymətin həmin düstura əsasən çıxarıldığını söylədi. Təqdimatda həmçinin  illik qiymətin müəyyən edilməsi ilə bağlı digər bir düsturu əks etdirən slayd da nümayiş olundu və bu, ətraflı  şəkildə izah edildi.  Qiymətləndirməyə toxunan məruzəçi onun nəticələrindən danışdı. Mövzu ilə bağlı   digər məsələlər haqqında da geniş söz açan Təranə Hacıyeva onların hər birini ayrı-ayrılıqda şərh etdi. Şöbə müdiri çıxışının  sonunda    məktəbdaxili  qiymətləndirmənin aparılmasına dair tövsiyələrin də hazırlandığını   bildirdi.

İclası təhsil naziri Misir Mərdanov yekunlaşdıraraq ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması məsələsinə münasibət bildirərək, bununla bağlı müəyyən fikirlərini və təkliflərini məktəb direktorlarının diqqətinə çatdırdı.  

Samirə KƏRİMOVA