· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Bakı təhsil işçilərinin sentyabr konfransı

 

Sentyabrın 8-də Azərbaycan Dövlət Musiqili Komediya Teatrında Bakı şəhəri təhsil işçilərinin konfransı keçirildi. Konfransda təhsil naziri Misir Mərdanov, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə, bir sıra rayonların icra başçıları, respublikanın tanınmış alim və pedaqoqları, müxtəlif dövlət təşkilatlarının təmsilçiləri, paytaxtın ümumtəhsil məktəblərinin, məktəbəqədər və məktəbdənkənar müəssisələrinin rəhbərləri, müəllimlər, KİV nümayəndələri iştirak edirdilər. Konfrans başlanmazdan əvvəl nümayəndələr Heydər Əliyev Sarayının qarşısına gələrək ulu öndərin abidəsi önünə gül-çiçək dəstələri qoydular, xatirəsini ehtiramla andılar.

Sonra konfrans Azərbaycan Dövlət Musiqili Komediya Teatrında öz işinə başladı.

"2008-2009-cu dərs ilinin yekunları və Azərbaycan müəllimlərinin XIII qurultayında irəli sürülmüş müddəaların yerinə yetirilməsi ilə əlaqədar qarşıda duran vəzifələr" mövzusunda çıxış etmək üçün söz Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyevaya verildi. Konfrans iştirakçılarını qarşıdan gələn yeni dərs ili münasibətilə təbrik edən Nailə xanım,  Azərbaycan Respublikası Prezidentinin 5 sentyabr 2009-cu il tarixli "Təhsil haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" fərmanını bütün təhsil işçilərinin, bütövlükdə ölkə ictimaiyyətinin həyatında mühüm və əhəmiyyətli bir hadisə kimi səciyyələndirdi.

Qeyd etdi ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 31 mart 2006-cı il tarixli sərəncamı əsasında yaradılan Bakı Şəhəri üzrə Təhsil İdarəsi 3 ildir ki, fəaliyyət göstərir. Fəaliyyətini təhsilin keyfiyyətinin yüksəldilməsinə, demokratik idarəetmənin təkmilləşdirilməsinə yönəldən Təhsil İdarəsi bu müddətdə həm dövlət, həm də cəmiyyət tərəfindən dəstək qazanmaqla müəyyən nailiyyətlər əldə edə bilmişdir.

Nailə Rzaquliyeva məlumat üçün bildirdi ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin  tabeliyində 311 orta, 4 əsas, 5 yardımçı, 1 evdə təhsil, 5 cəzaçəkmə müəssisəsində axşam məktəbi, 302 məktəbəqədər və 48 məktəbdənkənar təhsil müəssisəsi vardır. Təbii ki, bunların keyfiyyətli idarəedilməsi, təhsilin müasir tələblər səviyyəsində inkişafına nail olunması gərgin və sistemli iş tələb edir. Məruzəçi bu istiqamətdə görülən işlərdən, əldə olunan uğurlardan  söz açdı.

Azərbaycanda təhsilin inkişafına ulu öndər Heydər Əliyevin öz əbədi töhfəsini verdiyini söyləyən N.Rzaquliyeva onun siyasətini uğurla davam etdirən ölkə başçısı cənab İlham Əliyevin imzaladığı 16 proqramın bu sahənin hərtərəfli inkişafına zəmin yaratdığını bildirdi. Dövlət büdcəsindən təhsil sahəsinə ayrılan vəsaitin 2008-ci ilə nisbətən 2009-cu ildə 238 milyon manat (21 faiz) artması, təhsil işçilərinin orta aylıq əməkhaqqının 220 manatdan 268 manata çatdırılması, 2008-ci ildə 161 məktəb binasının inşası, 129 məktəbin əsaslı təmir edilməsi, 350 məktəbin istilik sisteminin bərpası, 180 məktəbin müasir avadanlıqlarla təchiz edilməsi ölkə Prezidenti cənab İlham Əliyevin təhsil sahəsinə müntəzəm qayğı və diqqəti sayəsində mümkün olmuşdur.

Qeyd olundu ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 30 ölkənin nümayəndələrinin iştirak etdiyi "Dünyada savadlılığın dəstəklənməsi" mövzusunda YUNESKO-nun Bakıda keçirilən regional konfransı Azərbaycan dövlətinin qabaqcıl təhsil tendensiyalarını dəstəkləyən ölkə imicini daha da yüksəltdi.

Məruzəçi çıxışında təhsildə keyfiyyətli idarəetmənin, ilk növbədə, kadrların  düzgün seçilib yerləşdirilməsindən asılı olduğunu dedi.Belə bir idarəetmə sistemini qurmağı prioritet sahə elan etmiş Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müəllim əməyinin səmərəliliyinin artırılması istiqamətində kifayət qədər işlər gördüyü bildirildi. Bununla bağlı həyata keçirilən tədbirlər konfrans iştirakçılarının diqqətinə çatdırıldı.

    Qeyd edildi ki, təhsil mühitinin yaradılmasında vacib komponentlərdən biri də maddi-texniki bazanın möhkəmləndirilməsi, infrastrukturun yeniləşməsi, müasir texnologiyaların tətbiqidir. Bu sahədə aparılan məqsədyönlü fəaliyyət Bakı şəhəri məktəblərinin təmiri, təchizatı və müasir avadanlıqlarla təminatını kifayət qədər yaxşılaşdırmışdır. N.Rzaquliyeva  bugünkü idarəetmədə geniş məlumat bazasının, dəqiq və sürətli informasiyanın böyük rolu olduğunu , Təhsil Nazirliyində 2008-ci ilin sentyabrından etibarən həyata keçirilən "Məktəb - TİMS" proqramının təhsilin keyfiyyətli idarəedilməsi üçün imkan yaratdığını bildirdi. Verilən məlumatdan aydın oldu ki, il ərzində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin TİMS sektoru proqramın 4 bölməsi - məktəb, kadr, şagird  və üM-1 hesabatı üzrə məlumatların toplanmasını başa çatdırmaqla keyfiyyətli informasiya  təminatını yarada bildi. Son illər məktəblərin İKT ilə təminatı işi də  müvəffəqiyyətlə həyata keçirilir. Hər 29 şagirdə 1 kompüter nisbətinin təmini dərslərin, hətta məktəbin elektronlaşdırılması işində sürətli inkişafa səbəb olub.

İKT-nin təhsil sisteminə tətbiqi sahəsində elektron dərsliklər layihəsi də uğurla həyata keçirilmişdir.  Hazırda ümumtəhsil məktəblərində Azərbaycan tarixi, kimya, biologiya və fizika dərsləri elektron dərsliklər əsasında tədris olunur.

Məruzəsində N.Rzaquliyeva təhsilin ilkin pilləsi və bünövrəsi sayılan məktəbəqədər təhsillə bağlı həyata keçirilən tədbirlərdən geniş bəhs etdi. Verilən məlumatdan aydın oldu ki, "Bakı şəhərinin qəsəbələrinin 2006-2007-ci illər üzrə sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair tədbirlər Proqramı"na müvafiq olaraq müasir standartlara cavab verən yeni tikilmiş 11 məktəbəqədər təhsil müəssisəsindən 9-u artıq fəaliyyət göstərir, bu günlərdə isə daha 2 məktəbəqədər təhsil müəssisəsi balacaların ixtiyarına veriləcəkdir. Hazırda Bakı şəhəri üzrə 302 məktəbəqədər təhsil müəssisəsi 1393 qrupla fəaliyyət göstərir. Həmin müəssisələrdə 30510 uşaq təhsil alır. Bu il məktəbəqədər təhsil müəssisələrindən 7680 uşaq ümumtəhsil məktəblərinə yola salınacaqdır.

Məktəbəqədər təhsil müəssisələri şəbəkəsinin optimallaşdırılması və maddi-texniki bazasının təkmilləşdirilməsi istiqamətində görülən işlərin nəticəsi kimi 2008-2009-cu dərs ilində 19 məktəbəqədər təhsil müəssisəsi əsaslı təmir edilib, müəssisələrin maddi-texniki bazası tam yeniləşdirilib, müasir tələblərə cavab verən mebellərlə, avadanlıqlarla təchiz olunub. Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən 14 məktəbəqədər təhsil müəssisəsində isə cari təmir işləri aparılıb.

Məktəbəqədər təhsilin məzmunca yeniləşdirilməsi istiqamətində də bir sıra işlər görülüb. İl ərzində pedaqoji işçilərin metodik səviyyəsinin inkişaf etdirilməsi məqsədilə 30 seminar, treninq və müşavirələr keçirilib. Məktəbəqədər təhsil müəssisələri 24 adda uşaq ədəbiyyatı və 76 adda əyani vəsaitlə təmin olunub.

Mərkəzləşdirilmiş qaydada keçirilən buraxılış imtahanlarından söz açan məruzəçi onun əhəmiyyətindən və üstünlüklərindən danışdı. O qeyd etdi ki, 4 il bundan əvvəl yalnız iki rayonu əhatə edən mərkəzləşdirilmiş qaydada keçirilən buraxılış imtahanları bu il bütün respublikanın orta ümumtəhsil məktəblərini əhatə edib.

N.Rzaquliyeva onu da söylədi ki, 2009-2010-cu dərs ili üçün ali məktəblərə tələbə qəbulunda hər il olduğu kimi, Bakı məktəbləri məzunlarının xüsusi çəkisi artıb. Belə ki, builki məzunlarımızın 42,17 faizi  tələbə adını qazanıb. Bu rəqəm keçən il 39,50-yə bərabər olub. Bakı Şəhəri üzrə Təhsil İdarəsi yarandığı son 3 ildə bu parametr üzrə artım təqribən 8 faizdir. Sevindirici haldır ki, son 3 ildə respublika üzrə ən yüksək göstəricilər Bakı şəhərinə məxsusdur.

Məruzəsində xüsusi istedada malik uşaqların istedadının aşkara çıxarılması və inkişaf etdirilməsi ilə bağlı həyata keçirilən tədbirlərə də toxunan Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri fənn olimpiadalarının respublika turunda şagirdlərin  əldə etdikləri nailiyyətlərdən danışdı.

Hazırda  bizim orta ümumtəhsil məktəblərində  öz  biliyi, təcrübəsi, metodikası ilə fərqlənən, daim yenilik axtarışında olan kifayət qədər  müəllimlərimizin olduğunu deyən məruzəçi bir  təhsil işçisi kimi bundan  qürur duyduğunu söylədi. ölkəmizdə keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin keçən il olduğu kimi, bu il də  nəticələrinin ürəkaçan olduğunu söylədi. Bildirdi ki, ölkə başçısı cənab İlham Əliyevin sərəncamı ilə Bakı şəhərinin 24 məktəbi "Ən yaxşı ümumtəhsil məktəbi", 41 müəllim isə "Ən yaxşı müəllim" adına layiq görülüb.

Bu münasibətlə bütün qalib məktəblərin direktorlarını və müəllimləri təbrik edərək onlara gələcək işlərində uğurlar arzuladı.

Məruzəsində ötən dərs ilində əldə olunan uğurlardan, qarşıda duran mühüm vəzifələrdən geniş söz açan, müəyyən nöqsan və çatışmazlıqları ətraflı təhlil edən, onların aradan qaldırılması istiqamətində bir sıra işlərin görüləcəyini deyən Nailə Rzaquliyeva çıxışının sonunda  "Təhsil əsri" elan edilmiş  XXI əsrdə Bakının təhsil işçilərinin tarixi ənənəni davam etdirərək, keyfiyyətli təhsil sahəsində daha böyük uğurlara imza atacaqlarına ümidvar olduğunu bildirdi.

Sonra konfransda məruzə ətrafında çıxışlar edildi. "Ən yaxşı ümumtəhsil məktəbi" müsabiqəsinin qalibi Bakı şəhərindəki  249 nömrəli məktəbin direktoru Nizami Bayramov, 46 nömrəli Məktəbdənkənar Tərbiyə İşi Mərkəzinin şöbə müdiri Fəridə Süleymanova, 257 nömrəli körpələr evi-uşaq bağçasının müdiri Nailə Rəsulova, 20 nömrəli məktəb-liseyin Valideyn-Müəllim Assosiasiyasının prezidenti, professor Fəxrəddin Məmmədov, "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi Aynur Kazımova, qəbul imtahanlarında 695 bal toplamış Fəxrintac  Abdullazadə çıxış edərək Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təhsilin inkişafında gördüyü işləri müsbət qiymətləndirdilər, ölkədə təhsil sahəsində həyata keçirilən tədbirlərdən, əldə olunan müvəffəqiyyətlərdən söz açdılar.

Millət vəkili Məlahət İbrahimqızı son illər ölkə təhsilinin uğurlu inkişafından, bu sahədə gedən əsaslı dəyişikliklərdən razılıqla söz açdı. ölkə başçısı cənab İlham Əliyev tərəfindən təhsilə xüsusi diqqət və qayğı göstərildiyini deyən millət vəkili Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili  Mehriban xanım Əliyevanın ölkə təhsilinin inkişafında, maddi-texniki bazasının möhkəmləndirilməsində əvəzsiz xidmətlərindən danışdıdı.

Millət vəkili  ölkədə təhsil islahatlarının uğurla həyata keçirilməsi istiqamətində təhsil naziri Misir Mərdanovun və onun rəhbərlik etdiyi nazirliyin məqsədyönlü fəaliyyətini yüksək qiymətləndirdi.

ölkənin təhsil sahəsində görülən işləri, əldə olunan nailiyyətləri özündə əks etdirən filmin nümayişi konfrans iştirakçıları tərəfindən böyük maraqla qarşılandı.

Samirə KƏRİMOVA