· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

Yeni dərs ilində qarşıda duran vəzifələr müzakirə olundu

 

SUMQAYIT

 

Sentyabrın 10-da Sumqayıt şəhərində təhsil işçilərinin konfransı keçirildi. Konfransın işində təhsil nazirinin müavini İsgəndər İsgəndərov, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev, TQDK-nın sədr müavini Namiq Babayev və məktəbəqədər, ümumtəhsil, məktəbdənkənar tərbiyə müəssisələrinin rəhbərləri, hüquq-mühafizə orqanlarının məsul işçiləri, bələdiyyə sədrləri, peşə liseylərinin, qeyri-hökumət təşkilatlarının, mətbuat orqanlarının nümayəndələri iştirak edirdilər.

Konfrans iştirakçılarının və məktəblilərin ifasında Azərbaycan Respublikasının Dövlət himni səsləndi.

Plenar iclasda "2008-2009-cu dərs ilində görülmüş işlər, qarşıda duran vəzifələr" mövzusunda məruzə etmək üçün söz şəhər təhsil şöbəsinin müdiri Vidadi Bağırova verildi. Respublikada gedən yüksək iqtisadi inkişafdan söz açan natiq təhsilə , təhsil işçilərinə, təhsil müəssisələrinin şəbəkəsinin, maddi-texniki bazasının gücləndirilməsi istiqamətində aparılan dövlət qayğısından danışdı.

Məruzəçi qeyd etdi ki, son illər təhsilin inkişafı, bu sahədə aparılan məqsədyönlü islahatlar, həyata keçirilən proqramlar, xüsusi ilə ölkə Prezidentinin təhsilə diqqət və qayğısı bir daha əmin olmağa əsas verir ki, müasir Azərbaycan təhsili özünün zəngin ənənələrinə əsaslanaraq ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi prinsiplərə uyğun inkişaf edir.

Bildirdi ki, bu il Sumqayıt ümumtəhsil müəssisələrinin 3825 məzununun 3597 nəfəri, yəni 94 faizi ali məktəblərə sənəd vermiş, onlardan 1468 nəfəri - 40,8 faizi tələbə adına layiq görülmüşdür. Tələbə adına layiq görülənlərdən 101 nəfəri 600-dən çox bal toplamışdır. Şəhər üzrə ən yüksək bal toplayan Texniki və Təbiət Elmləri Liseyinin məzunu Rəna Firəddin qızı Axundlu olmuşdur.

Sonra ölkə başçısı cənab İlham Əliyevin təhsilə göstərdiyi diqqət və qayğısını xüsusi vurğulayan məruzəçi bildirdi ki, Prezidentin sərəncamı ilə keçirilən "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin qalibləri arasında şəhərimizin ümumtəhsil məktəblərindən 3-ü və 10 müəllimimiz vardır.

Təhsil şöbəsinin müdiri çıxışının sonunda qeyd etdi ki, Sumqayıt təhsil işçiləri təhsilimizin böyük hamisi möhtərəm Prezidentimiz İlham Əliyevin göstərdiyi qayğını yüksək qiymətləndirirlər.

Konfransda yüksək bal toplamış Texniki və Təbiət Elmləri Liseyinin məzunu Rəna Axundlu, 27 nömrəli məktəbin direkoru Əlifxan Məmmədov, 21 nömrəli məktəbin ibtidai sinif müəllimi, "Ən yaxşı müəllim" müsabiqəsinin qalibi Almaz Namazova, 45 nömrəli uşaq bağçasının müdiri Nazilə Ağayeva, 11 nömrəli məktəbin valideyni Elmira Qaraşova, 5 nömrəli məktəbin sinifdənxaric-məktəbdənkənar tərbiyə işləri üzrə təşkilatçısı Xatirə Fərmanova çıxış etdilər.

çıxışlardan əvvəl isə qalib məktəblərin direktorları və müsabiqə  qalibi olan müəllimlərə qiymətli hədiyyələr təqdim olundu.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası sədrinin müavini Namiq Babayev öz çıxışında yüksək göstəriciyə nail olmuş Sumqayıtın təhsil işçilərini təbrik etdi, onlara uğurlar arzuladı.

Konfransda çıxış edən təhsil nazirinin müavini İ.İsgəndərov Sumqayıt şəhərinin təhsil müəssisələrində təhsil islahatının tələblərinə uyğun mühüm işlər həyata keçirilməsindən, əldə olunmuş yüksək nəticələrdən danışdı.

ölkə təhsilinin inkişafına ulu öndərimiz Heydər Əliyevin ideyalarının ardıcıl həyata keçirilməsi nəticəsində nail olunduğunu deyən nazir müavini, bu gün təhsil sahəsində müsbət irəliləyişlərə, aparılan əsaslı dəyişikliklərə görə ölkə başçısı cənab İlham Əliyevə çoxminli təhsil işçiləri adından minnətdarlıq etdi. Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təhsilə göstərdiyi diqqət və qayğısından da geniş danışan nazir müavini son illər Fondun gördüyü işləri yüksək qiymətləndirdi.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Vaqif Əliyev çıxışında fəaliyyətə başladığı ilk gündən qarşıya qoyduğu mühüm məsələlərdən birinin təhsil ocaqlarının vəziyyətinin yaxşılaşdırılması olduğunu söylədi. Rəhbərlik etdiyi şəhərin təhsil müəssisələrində görülmüş məqsədyönlü işlər barədə ətraflı məlumat verdi. Sumqayıt təhsilinin bugünkü uğurlarına sevindiyini bildirdi. Təhsil işçilərini yeni dərs ilinin başlanması münasibəti ilə təbrik etdi.

Tədbirin sonunda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olundu.

 

TOVUZ

 

Rayon təhsil işçilərinin konfransında təhsil nazirinin müavini İsgəndər İsgəndərov, Milli Məclisin üzvü Qənirə Paşayeva, rayonun qabaqcıl müəllim və məktəb direktorları, bələdiyyə sədrləri, idarə və müəssisə rəhbərləri iştirak edirdilər.

"2008-2009-cu dərs ilinin yekunları və Azərbaycan müəllimlərinin XIII qurultayında  irəli sürülmüş müddəaların yerinə yetirilməsi ilə əlaqədar yeni dərs ilində qarşıda duran vəzifələr" mövzusunda rayon təhsil şöbəsinin müdiri Şəmil Alıyevin məruzəsi dinlənildi.

Qeyd olundu ki, 2008-2009-cu dərs ilində rayonda 86 ümumtəhsil, o cümlədən 66 orta, 17 əsas və 3 ibtidai məktəb fəaliyyət göstərmişdir. 26864 şagirdin təlim-tərbiyəsi ilə 4149 pedaqoji işçi məşğul olmuşdur.

Rayonda təlim-tərbiyə işlərinin keyfiyyətinin yüksəldilməsi, məktəbəqədər təhsil, şagirdlərin asudə vaxtlarının təşkili, məktəblərin dərsliklərlə təminatı, bilik yarışlarının keçirilməsi, habelə xüsusi istedada malik olan uşaqların yaradıcılıq potensialının inkişafı  istiqamətində,  İKT təminatı sahəsində xeyli işlər görülmüşdür. Ulu öndər Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş inşa müsabiqəsinin respublika mərhələsində Qədrili kənd orta məktəbinin 9-cu sinif şagirdi Güllər Abdullayeva 1-ci yeri tutmuşdur. Respublilka fənn olimpiadalarında 7 şagird qalib olmuşdur.

Konfransda bildirildi ki, 2008-2009-cu dərs ilində respublikanın bütün məktəblərində XI sinfin buraxılış imtahanları Təhsil Nazirliyi tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilmişdir. Buraxılış imtahanlarında 2000 şagird iştirak etmiş, onlardan 1498 nəfəri müvəffəq nəticələr göstərərək attestat almışdır. Respublikanın ali məktəblərinə 971 nəfər qəbul olunmaq üçün   ərizə vermişdir. 411 nəfər ali məktəblərə qəbul olunmuşdur ki, bu da ötən ildəkindən 92 nəfər çoxdur.

Konfransda məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində Heydər Əliyev Fondunun, onun prezidenti Mehriban xanım Əliyevanın xidmətləri xüsusi qeyd olundu. "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramına uyğun olaraq rayonda son illərdə 3 məktəb binası tikilib istifadəyə verilmiş, daha 3 məktəbin tikilməsi üçün yerlər ayrılmışdır. Bundan başqa, qəbul edilmiş proqramlara əsasən, rayonda 10 yeni məktəb binası, 9 məktəbdə 30 əlavə sinif otağı tikilmiş, 16 məktəbdə isə əsaslı təmir işləri aparılmışdır.

Konfransda Milli Məclisin üzvü Qənirə Paşayeva, rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov və digər çıxış edənlər öz arzu və təkliflərini bildirdilər.

Konfransda təhsil nazirinin müavini İsgəndər İsgəndərov geniş çıxış edərək 2009-2010-cu dərs ilində rayon təhsil işçiləri qarşısında duran vəzifələrdən danışmışdır.

Sonda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul olundu.

 

ŞƏMKİR

 

Rayon təhsil işçilərinin sentyabr konfransı təhsil şöbəsinin müdiri M.Şıxlinskinin məruzəsindən sonra təhsil nazirinin müavini İ.İsgəndərovun təklifi ilə diskussiya "dəyirmi masa" formasında keçirildi. Konfransda qeyd olundu ki, son illərdə Təhsil Nazirliyinin və rayon icra hakimiyyəti rəhbərliyinin köməyi ilə Şəmkirdə təhsil xeyli inkişaf etmişdir. Təlim-tərbiyənin keyfiyyəti yüksəlmiş, yeni tədris binaları tikilmiş, onların avadanlıqlarla təchizatı yaxşılaşmışdır.

çıxış edənlər böyük fərəhlə bildirdilər ki, ölkəmizdə təhsilin müasir tələblər səviyyəsində inkişafını təmin edən və beynəlxalq təhsil sisteminə inteqrasiyaya geniş imkanlar verən mühüm dövlət proqramları qəbul edilmiş, yeni tikilən, əsaslı təmir və müasir avadanlıqlarla təmin olunan məktəblərin sayı xeyli artmış, bütün təhsil ocaqları informasiya-kommunikasiya texnologiyaları ilə təchiz edilmişdir. Hazırda 2006-2015-ci illər üçün yeni proqram həyata keçirilir, xüsusi istedada malik uşaq və gənclərin yaradıcılıq potensialının inkişafı istiqamətində mühüm işlər aparılır.

Konfransda qeyd olunmuşdur ki, son illər ərzində rayonda yeni tikilən, əsaslı təmir olunan məktəblərin sayı 30-u  keçmişdir. Cari ildə 6 yeni məktəb binası inşa edilir. Bu gün Heydər Əliyev Fondu hesabına inşa edilən 880 yerlik Dəllər qəsəbə orta məktəbi respublikamızda arxitekturasına görə ən seçilən təhsil ocaqlarından biri olacaqdır. Fondun vəsaiti hesabına tikilən çinarlı qəsəbə 2 nömrəli orta məktəbinin yeni binası məktəblilərin istifadəsinə verilmişdir.

Konfransda görülən işlər, əldə olunan nailiyyətlərlə yanaşı, bir sıra problem və çatışmazlıqların olması da vurğulandı.

Konfransda M.Füzuli adına şəhər orta məktəbinin müəllimi S.Əmrahova, respublikanın əməkdar müəllimi R.Qurbanova, təhsil şöbəsinin metodisti A.Əsgərova, Dəllər Cəyir kənd orta məktəbinin tarix müəllimi T.Həşimova, TQDK -nın əməkdaşı A.Batıyeva, Milli Məclisin üzvü M.Həsənova çıxış etdilər.

Təhsil nazirinin müavini İ.İsgəndərov konfransda çıxış edərək təhsil işçilərini, valideynləri yeni dərs ilinin başlanması münasibəti ilə təbrik etdi və qarşıda duran vəzifələrdən danışdı.

Konfransı rayon icra hakimiyyətinin başçısı N. Veysov  yekunlaşdırdı.

Sonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına müraciət qəbul edildi.

 

Ədalət DAŞDƏMİRLİ,

Malik NOVRUZOV