· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

NDU-da Gənclər günü qeyd olundu

 Naxçıvan Dövlət Univesitetində 2 Fevral Gənclər günü münasibəti ilə konfrans keçirildi. Konfransı universitetin tədris işləri üzrə prorektoru, əməkdar elm xadimi, filologiya elmləri namizədi Hüseyn Həşimli açaraq ölkədə Gənclər gününün hər il mütəşəkkil şəkildə qeyd olunduğunu söylədi. Natiq ölkəmizdə əhalinin 65 faizini gənclərin təşkil etdiyini, Azərbaycan gəncliyinin yüksək mənəviyyata və müasir dünyagörüşünə, milli mentalitetimizdən irəli gələn bir çox dəyərlərə malik olduğunu vurğuladı, gənclərə göstərilən hərtərəfli dövlət qayğısından və yüksək etimaddan bəhs etdi.

Universitetin tələbə gənclər təşkilatının sədri, Prezident təqaüdçüsü Mehdi Əliyev "ümummilli lider Heydər Əliyev müstəqil Azərbaycanın gənclər siyasətinin qurucusudur" mövzusunda məruzə edərək 1997-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən 2 Fevral Gənclər gününün elan edilməsi ilə bağlı qərar qəbul edildiyini xatırlatdı. Məruzəçi ümummilli liderin gənclər siyasətinin bu gün də ölkə başçısı İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsindən, ictimai-siyasi, iqtisadi və digər sahələrdə gənclərin fəallığının artmasından, dövlətin idarəetmə strukturlarında gənclərə xusisi yer verilməsindən danışdı.

"Gənclər günü və universitet gənclərinin vəzifələri" barədə məruzə edən universitetin YAP Gənclər birliyinin sədri Mehdi Abdullayev ölkədə sosial-iqtisadi islahatların ararılmasında gənclərin müstəsna rol oynamalarından söz açdı. Dövlətin gənclərə göstərdiyi misilsiz qayğıya cavab olaraq tələbə həmkarlarını elmdə, təhsildə böyük nailiyyətlər qazanmağa, ictimai-siyasi proseslərdə fəal vətəndaşlıq mövqeyi tutmağa çağırdı.

NDU-nun Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Sərxan İsmayılov "Universitet həyatında gənclərin rolu" adlı məruzəsində universitetdə oxuyan tələbə gənclərin dövlət siyasətini yekdilliklə dəstəklədiklərini, beynəlxalq və ümumrespublika səviyyəli simpozium və konfranslarda, olimpiadalarda, idman yarışlarında iştirak edərək təhsil aldıqları ali məktəbi layiqincə təmsil etdiklərini bildirdi.

Tədbirin sonunda əlamətdar bayram münasibətilə istedadlı gənclərin bir qrupu mükafatlandırıldı.

 

Mehriban SULTAN,

Naxçıvan Dövlət Universiteti

mətbuat şöbəsinin müdiri