· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Məktəblərin vahid mərkəzdən İnternetə qoşulmasını təmin edəcək məlumat və resurs mərkəzi yaradılacaq

Cari ildə Azərbaycanda bütün orta məktəblərin vahid mərkəzdən İnternetə qoşulmasını təmin edəcək məlumat və resurs mərkəzi yaradılacaq. Mərkəzin açılışı bu ilin mart ayına planlaşdırılır. Mərkəz Azərbaycan Respublikası Prezidentinin 10 iyun 2008-ci il tarixli sərəncamına əsasən təsdiq olunmuş "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı" çərçivəsində təşkil edilir.

 

Dövlət Proqramına əsasən məlumat və resurs mərkəzlərində Şəbəkə İdarəetmə Mərkəzi (ŞİM) yaradılmalı, elektron məktəb idarəetmə sisteminin istifadəsi sahəsində ölkəmizin ən qabaqcıl məktəblərində pilot layihələr həyata keçirilməlidir. Proqrama uyğun olaraq təhsil portalı yaradılması, fənlər üzrə müasir elektron elmi-metodik vəsaitlər kompleksindən istifadə olunması və yayılması, elektron təhsil resurslar bazasının hazırlanması və təhsil bazasına inteqrasiya edilməsi nəzərdə tutulub. Artıq bu sahədə müvafiq işlər aparılır.

Onu da qeyd edək ki, təhsil sisteminin inzibati idarəetmə, pedaqoji və texniki heyətinin İKT savadlılığının artırılması üçün treninq, eləcə də digər kompleks tədbirlərin həyata keçirilməsi, kompüter şəbəkələrinin təhlükəsizlik xidməti üzrə mütəxəssislərin hazırlanması və müxtəlif treninq proqramlarında iştirakına 2008-ci ilin noyabrından başlanmışdır.

Həyata keçirilən layihələrdən biri də "Elektron məktəb" layihəsidir. Layihənin icrasına 2008-ci ilin sonundan etibarən Bakı şəhərində seçilmiş 10 qabaqcıl məktəbdə başlanmışdır. Layihə çərçivəsində məktəblər üçün əlavə noutbuk, proyektor dəstləri və elektron lövhələr alınmışdır.

Cari ildə məlumat və resurs mərkəzləri ilə bağlantı yarada bilmələrini təmin etmək üçün həmin məktəblər xüsusi proqram təminatı və elektron dərslərlə təmin olunacaq. Hazırda məktəblərdə yüksək sürətli İnternet, İnternet bağlantısı vasitəsi ilə videogörüntünü təmin edən fibro-optik kabel çəkilməkdədir, həmçinin martda məktəblərdə İP-telefoniya xidməti də quraşdırılacaq.

Beləliklə, bu məktəblər həm Bakı Şəhəri üzrə Təhsil İdarəsi, həm Təhsil Nazirliyi, eləcə də məlumat və resurs mərkəzləri ilə videobağlantılar yarada biləcəklər.

 

 

 

Dövlət büdcəsindən təhsilə ayrılan xərclər ilbəil artır

ölkənin təhsil sisteminin maliyyələşdirilməsinin inkişaf dinamikasına dair statistik rəqəmlər dövlət tərəfindən təhsilə ayrılan büdcə vəsaitinin, onun tərəqqisinə yönələn xərclərin ilbəil artmasının göstəricisidir. Belə ki, təhsilə ayrılan büdcə 2003-cü illə müqayisədə 5 dəfədən çox artaraq 2008-ci ildə 1,1 milyard manata çatıb, 2009-cu ildə isə 1,3 milyard manat təşkil edir. İnvestisiya qoyuluşları 2004-cü ildəki 5,8 milyon manatdan 220 milyon manata yüksəlib.

Dövlət büdcəsində xərclərinin çəkisinə görə ilk yerdə dayanan təhsilin məktəbəqədər, ümumi orta, o cümlədən ibtidai, əsas və orta, texniki peşə, orta ixtisas və ali təhsil pillələri üzrə bir təhsil alana düşən xərc də son bir neçə ildə artıb.

 

 

 

Son on ildə beynəlxalq fənn olimpiadalarında 69 medal qazanılıb

Azərbaycan məktəbliləri son 10 ildə riyaziyyat, fizika, kimya, biologiya və informatika fənləri üzrə keçirilən dünya olimpiadalarında 69 medal əldə ediblər. Onlardan 10-u qızıl, 20-si gümüş, 39-u isə bürünc medaldır. Ən böyük uğuru fizika fənni üzrə yarışanlar qazanıblar. Onlar indiyədək 29 medala sahib olublar ki, bunun da 5-i "qızıl"dır. Daha sonra riyaziyyatçılar və kimyaçılar gəlir. Onların hər biri 17 medal qazanıblar. Biologiya fənnindən yarışanlar 12, informatika fənninin təmsilçiləri isə 2 medal alıblar.