İnteraktiv təlimdə mexaniki yaddaşın deyil,
idrakın inkişafı, şagirdlərin fəal dərketmə
mövqeyi, biliklərin müstəqil əldə edilməsi,
tədqiqat və dərketmə üçün müvafiq şəraitin təmin
olunması, ətrafdakılarla əməkdaşlıq etmək
bacarığı, təfəkkürün müstəqilliyi və sərbəstliyi
vacib amillər kimi nəzərdə tutulur.
Bütün bunları praktikaya tətbiq edərək IX
sinifdə "Süleyman Rüstəmin "Təbrizim" şeirinin
təhlili" dərsinin icmalını gənc həmkarlarıma
təqdim edirəm.
Dərs Azərbaycan Respublikasının Dövlət himninin
xorla oxunması ilə başlanır. Sayca 20 nəfər olan
şagirdi 4 qrupa bölürəm. Qruplarda əvvəlcədən
seçilmiş liderlər davamiyyət haqqında məlumat
verir, sonra özlərini təqdim edərək "Qarabağ",
"Təbriz", "Vətən", "Xəzər" adlarını nə üçün
seçdiklərini izah edirlər.
Keçmiş dərsə aid müsahibə təşkil etmək məqsədi
ilə aşağıdakı şəkildə motivasiya yaradıram.
"Əsl vətəndaş necə olmalıdır" sualı ilə
şagirdlərə müraciət edir, cavabları dinləyir və
yekunlaşdırıram.
Artıq dərsin I mərhələsi başlayır: "Səni
tərənnüm edirəm, Vətən!" mövzusunda ev tapşırığı
olan inşa haqqında liderlər qısa məlumat
verirlər.
Sonra S.Rüstəmin "Təbrizim" şeirinin məzmunu ilə
bağlı hazırladığım sualları qruplara təqdim
edirəm. Yazı taxtasından asdığım interaktiv
nəticələr cədvəlində qrupları qiymətləndirmək
üçün vərəqələr hazırlayıram. Keçmiş mövzu ilə
əlaqədar hazırladığım kartoçkalardakı sualları
qruplara paylayıram. Keçmiş dərs olduğu üçün
suallara tez bir zamanda cavab verirlər. Nümunə
üçün "Vətən" qrupunun cavabını qeyd edirəm.
Sual 1. Şair S.Rüstəm "Təbrizə nə üçün
getmişdi?"
Sual 2. Şeirdə imperialist dövlət tərəfindən iki
yerə parçalanmış Azərbaycanın ayrılıq, həsrət
motivləri necə təsvir edilmişdir?
Cavab 1.
Qoymaram yadları girsin qoynuna,
İzin ver qolumu salım boynuna,
Sənin bayramına, sənin toyuna
Dili bir, canı bir qardaşın gəlib,
Dərdinə aşina sirdaşın gəlib.
Şair S.Rüstəm 1941-ci ildə Qızıl Ordu
sıralarında Təbrizə gəlmiş, həmin ildə
"Təbrizim" şeirini yazmışdır. Şeirdə qədim
mədəniyyətə malik şeir, sənət ocağı olan Təbrizə
qovuşmaq - böyük məhəbbətin qovuşması kimi
mənalandırılır.
Cavab 2.
Qədrini ayrılıq çəkənlər bilir,
Hicrində göz yaşı tökənlər bilir.
Ömrünə qaranlıq çökənlər bilir.
Bağından gül-çiçək dərdim, Təbrizim!
Yenə təzələndi dərdim, Təbrizim!
Şair Rusiya ilə İran arasında gedən müharibələr
nəticəsində 1813-cü il Gülüstan, 1828-ci il
Türkmənçay müqavilələrinə əsasən Azərbaycanın
zorla, qılınc gücü ilə iki yerə parçalanmasından
doğan ayrılıq, həsrət motivlərini uzun illərdən
sonrakı bir vüsal kimi qələmə almışdır.
Digər qruplar da suallara düzgün və ətraflı
cavablar verirlər. Cavabları dinlədikdən sonra
"İnteraktiv nəticələr" cədvəlində şagirdləri
qiymətləndirirəm.
Sonra II mərhələ - düşünmə mərhələsi başlayır.
Keçmiş dərslə yeni dərs arasında əlaqə yaradaraq
yeni mövzunu şərh edirəm. Sonra düşündürücü
suallar yazdığım kartoçkaları paylayıram. Yeni
dərsə aid nümunə üçün "Qarabağ" qrupunun
sualları ilə tanış oluruq.
Sual 1. Şair bölünmüş xalqın birliyə gedən
yolunu necə təsəvvür edir?
Sual 2. Bəs M.Şəhriyar "Heydərbabaya salam"
əsərində birliyə gedən yolu necə görür? Şeirdən
nümunə söyləməklə izah edin.
"Qarabağ" qrupunun suallara cavabları belədir:
Cavab 1.
Səttarxan o böyük sərdari-milli
O atəş ürəkli, o atəş dilli
Gəl onun yolundan dönmə, Təbrizim!
Dalğalan, alovlan, sönmə, Təbrizim!
Şair parçalanmış xalqın birliyə gedən yolunu
inqilabi mübarizə aparmaqda görür. O,
təbrizliləri Təbriz igidlərinin, eləcə də
1905-1911-ci illərdə Cənubi Azərbaycanda
inqilabi hərəkatın lideri olmuş Səttarxanın
qəhrəmanlıq ənənələrini davam etdirməyə çağırır.
Cavab 2.
Heydərbaba, mərd oğullar doğginan,
Namərdlərin burunların ovginan,
Gədiklərdə qurdları tut boğginan,
Qoy quzular ayın-sayın otlasın,
Qoyunların quyruqların qatlasın.
Xalqın taleyi, Azərbaycanın başına gələn böyük
faciələr, sarsıdıcı ictimai hadisələr ustad
Şəhriyarın da diqqətindən yayınmamışdır.
Arazın üstündən bu taydakı qardaşların dərdinə
şərik olmaq istəyir. Şəhriyar birliyə gedən yolu
- xalqın səadətini qurdlara-mürtəce qüvvələrə
qarşı igid oğulların mübarizəsində görür.
II mərhələ sona çatır. İnteraktiv nəticələr
cədvəlində şagirdləri qiymətləndirirəm.
III mərhələ başlayır. Sonra əqli yorğunluğu
aradan qaldırmaq məqsədi ilə oyunlar təşkil
edirəm. Hazırladığım krossvordlar qruplar
tərəfindən həll olunur. Krossvordlarda "Xəzər",
"Vətən", "Qarabağ", "Təbriz" sözləri alınır.
Daha sonra "Təbrizim" şeirinin təhlilinə aid
tərtib etdiyim test vərəqələrini qruplara
paylayıram, liderlər hazırladığım açarların
köməyi ilə testləri yoxlayır və məlumat
verirlər. Beləliklə, işin icrası başa çatır, III
mərhələdə şagirdləri qiymətləndirir və yekun
qiymət çıxarıram.
Gülnaz TALIBOVA,
Masallı rayonundakı
F.Şükürov adına Lürən kənd
orta məktəbinin Azərbaycan
dili və ədəbiyyat müəllimi |