Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət
göstərən Heydər Əliyev Universitetinin 153-cü məşğələsi
keçirildi. "Heydər Əliyev və Azərbaycan təhsili"
mövzusuna həsr olunmuş növbəti məşğələni giriş sözü ilə
açan rektor, akademik İsa Həbibbəyli ümummilli liderin
Azərbaycan təhsilinin inkişafına, milli kadr
potensialının formalaşmasına yönəldilmiş təhsil
siyasətinin bəhrələrindən söz açdı. Heydər Əliyevin ayrı-ayrı
regionlarda, xüsusilə də Naxçıvanda elmin, təhsilin
inkişafındakı misilsiz xidmətlərindən danışan rektor
qeyd etdi ki, ümummilli liderin elm, təhsil strategiyası
bu gün Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyev tərəfindən uğurla davam etdirilir. Muxtar
respublika rəhbərliyinin diqqət və qayğısı sayəsində
Naxçıvanda bu sahədə əhəmiyyətli nailiyyətlər əldə
olunmuşdur.
Pedaqogika və psixologiya kafedrasının müdiri,
pedaqogika üzrə fəlsəfə doktoru, dosent Vahid Rzayev
mövzu ilə bağlı ətraflı məruzə etdi. Məruzəçi bildirdi
ki, hələ sovetlər dönəmində Heydər Əliyevin rəhbərliyi
ilə milli təhsilimizdə əsaslı kəmiyyət və keyfiyyət
göstəriciləri əldə olunmuş, 1984-87-ci illərdə SSRİ-də
ümumtəhsil və peşə məktəbi islahatı uğurla həyata
keçirilmiş, azərbaycanlı gənclərin keçmiş SSRİ-nin ən
məşhur ali təhsil ocaqlarında dövlət hesabına təhsil
alması təmin olunmuşdur. Müstəqillik illərində ümummilli
liderin təşəbbüsü və qayğısı ilə hazırlanmış "Təhsil
haqqında" Qanun qəbul edilmiş, milli təhsilin inkişaf
strategiyası uğurla həyata keçirilmiş, yeni təhsil
müəssisələri açılmış, təhsil işçilərinə dövlət qayğısı
artmışdır. Azərbaycan müstəqillik əldə etdikdən sonra
elmin, təhsilin inkişafı, milli pedaqoji kadr
potensialının gücləndirilməsi dövlət siyasətinin
prioritet istiqamətlərindən birini təşkil etmişdir. Bu
siyasət bu gün də uğurla davam etdirilir. Belə ki,
Prezident cənab İlham Əliyevin xüsusi qayğısı, Naxçıvan
MR Ali Məclisinin sədri Vasif Talıbovun rəhbərliyi ilə
son 16 il ərzində muxtar respublikada 200-ə yaxın məktəb
binası tikilmiş və ya əsaslı təmir olunaraq istifadəyə
verilmiş, təhsil müəssisələrinin maddi-texniki və tədris
bazası möhkəmləndirilmiş, ən yeni informasiya-kommunikasiya
vasitələri ilə təchiz olunmuşdur. Qeyd olundu ki,
Naxçıvan Dövlət Universitetində dünya təhsil sisteminə
uğurla inteqrasiya, bir-birinin ardınca yeni tədris
korpuslarının istifadəyə verilməsi, müasir texniki
avadanlıqlarla təchiz olunma, beynəlxalq əlaqələrin
inkişafı, professor-müəllim heyətinin qazandığı uğurlar
Naxçıvanda elmin, təhsilin dinamik inkişafının parlaq
sübutudur.
Mehriban SULTAN,
NDU-nun Mətbuat şöbəsinin müdiri |