Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Azərbaycançılıq Elmi-İdeoloji Mərkəzinin yaradılması və fəaliyyət istiqamətləri ilə bağlı müşavirə keçirilib.

 

Prezident  İlham Əliyevin siyasi-ideoloji çağırışlarına cavab olaraq yeni yaradılan mərkəzin əhəmiyyətindən danışan AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev müşavirənin məqsədindən söz açıb. Bildirib ki, azərbaycançılığın müstəqil Azərbaycan dövlətinin ideya əsasını təşkil etməsi, onun bütün dünya azərbaycanlılarının birlik və həmrəylik ideologiyasına çevrilməsi ümummilli lider Heydər Əliyevin tarixi xidmətidir.

 

Azərbaycançılıq ideologiyasında xalqımızın milli maraqlarının və dövlətçilik mənafeyinin əks edildiyini, mühüm tarixi əhəmiyyətə malik olduğunu bildirən R. Mehdiyev milli maraqlara cavab verən azərbaycançılıq məfkurəsinin dilimizin, mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin yaşadılmasına, eləcə də gənc nəslin bu məfkurə əsasında tərbiyə olunmasına xidmət göstərdiyini xüsusi vurğulayıb.

 

İdeya və ideologiyanın xalqların, cəmiyyətlərin həyatında öz spesifik xüsusiyyəti və mahiyyəti etibarilə bir-birindən fərqləndiyini deyən akademik  azərbaycançılıqla bağlı yazılan kitab və məqalələrdə, o cümlədən mediada səsləndirilən fikirlərdə müxtəlif yanaşmaların olduğunu bildirib. O,  bu məfkurənin elmi cəhətdən araşdırılması üçün  Akademiyanın tərkibində ictimai əsaslarla yaradılan yeni mərkəzdə azərbaycançılıq ideologiyasının siyasi, tarixi, fəlsəfi, ədəbi baxımdan öyrənilməsinin, bu sahədə tədqiqat və təbliğat işlərinin aparılmasının vacibliyini diqqətə çatdırıb.

 

Müşavirədə çıxış edən AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli Akademiyada belə bir mərkəzin yaradılmasını mühüm elmi-tarixi hadisə kimi səciyyələndirib. Akademik müstəqil dövlət ideologiyasının araşdırılmasında Akademiyanın humanitar və ictimai elmlər bölmələrinin alimlərinin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.

 

Tarix İnstitutunun direktoru  Yaqub Mahmudov, Qafqazşünaslıq İnstitutunun direktoru Musa Qasımlı,  Fəlsəfə İnstitutunun direktoru  İlham Məmmədzadə, İqtisadiyyat İnstitutunun direktoru Nazim İmanov və digər alimlər  yeni qurumun elmi-tarixi əhəmiyyətindən ətraflı bəhs edərək azərbaycançılıq konsepsiyasının tarixi köklərinin, elmi-ideoloji əsaslarının öyrənilməsi və təbliği, Azərbaycan xalqının çoxəsrlik milli dövlətçilik ənənələrinin tədqiqi və ümumiləşdirilməsi, azərbaycançılıq anlayışının elmi-nəzəri şərhi və vəzifələrin müəyyən olunması istiqamətində mülahizələrini və təkliflərini səsləndiriblər.

 

Tədbirin sonunda AMEA Rəyasət Heyətinin nəzdində yaradılan Azərbaycançılıq Elmi-İdeoloji Mərkəzi tərəfindən “Azərbaycançılıq idealı: ideyadan ideologiyaya” mövzusunda elmi konfransın təşkili,  “Azərbaycançılıq: mənşəyi, formalaşma prosesləri və milli dövlətçilik ideologiyasına çevrilməsi” mövzusunda monoqrafiyanın hazırlanması və nəşri,  dövri mətbuatda və elmi nəşrlərdə azərbaycançılıq məsələlərinə həsr edilən məqalələrin hazırlanıb çap edilməsi, “Azərbaycançılıq: tarixdə və müasir dövrdə” adlı seminarların mütəmadi  keçirilməsi qərara alınıb.

 

Qeyd edək ki, Azərbaycançılıq Elmi-İdeoloji Mərkəzinin sədri akademik Ramiz Mehdiyev, sədr müavini  akademik İsa Həbibbəylidir.