Distant təhsil modelini uğurla reallaşdıran Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC)  idarəetməni bütövlükdə online sistemə keçirdi. Başqa sözlə, son beş ildə UNEC-də qurulmuş e-Universitet modelinin idarəetmə modulu da tətbiq edilməyə başlandı.

 

Bu barədə UNEC-dən məlumat verilib.

 

Bildirilib ki,  rektor,  professor Ədalət Muradovun iştirakı ilə onlayn rejimdə ali məktəbin prorektorları, dekan və struktur bölmə rəhbərlərinin iştirakı ilə keçirilən iclasda 31 Mart - Azərbaycanlıların soyqırımından, 1918-ci ilin martında ermənilərin azərbaycanlılara qarşı törətdiyi qırğınlardan danışılıb.

 

Ə.Muradov Prezident İlham Əliyevin müvafiq fərmanı ilə yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna yardımda iştirakına və göstərdikləri sosial həmrəyliyə görə UNEC nümayəndələrinə təşəkkürünü bildirib.

 

Mövcud durum nəzərə alınaraq, UNEC-in bütün fəaliyyətinin onlayn təşkil edildiyi qeyd olunub. Rektor Elektron universitet modelinin tətbiqini UNEC-in uğuru adlandırıb.

 

Ə.Muradovun sözlərinə görə,  bu model rektorluq və dekanlıqların online fəaliyyətini, yay semestri də daxil olmaqla bütün dərslərin müəllimlərin yerləşdiyi məkandan interaktiv tədrisini,  imtahanların online təşkilini, təkrar ali təhsilə və əcnəbilərin online qəbulunu, kargüzarlıq işləri və sənəd dövriyyəsinin elektron olaraq məsafədən təşkilini və idarə olunmasını, elektron kitabxananı, universitet əməkdaşları, tələbələrin suallarının cavablandırılması xidmətini, müəllim və tələbələri bir platformada birləşdirən vahid kommunikasiya sistemini, UNEC-də fəaliyyət göstərən bütün komissiyaların online fəaliyyətini, müəllimlərin reytinginin müəyyən edilməsinin online sistemini, məlumatların geniş ictimaiyyətə çatdırılması məqsədilə unec.edu.azUNECNEWS saytlarını, eləcə də e-Universitetin fəaliyyətilə bağlı yarana bilən problemlərin operativ həll olunması məqsədilə onlayn servis xidmətini özündə ehtiva edir.